Vəkil: ”Qiyasın ifadəsini qəhər içində yazdım”

“Heç bir hal işgəncəyə əsas ola bilməz”

Source:


“Heç bir hal işgəncəyə əsas ola bilməz”

Həbsdə olan gənc fəallar Bayram Məmmədov və Qiyas İbrahimovun işgəncəyə məruz qalması məsələsi gündəmin əsas müzakirə mövzusudur. Ombudsman Aparatının nümayəndələri deyilənləri təkzib etsə də, gənclər məhkəmə proseslərində fikirlərini israrla təkrarlayırlar. Bayram Məmmədovun işgəncə faktı ilə bağlı izahatının hökumətin istəyi ilə yayıldığını deyənlər də var.

İşgəncə faktını ictimailəşdirən Elçin Sadıqov öz Facebook səhifəsində deyilənlərə cavab verib:

“Bəzi insanlar yazırlar ki, güya hökumətdən işgəncənin ictimailəşdirilməsinə mane olmadıqları üçün bu məlumatlar yayılıb. Belə düşünənlərin məntiqinə qibtə edirəm. Siz necə düşünə bilirsiniz ki, vəzifədə işləyənlərdən hər hansı şəxs buna cəsarət etsin? Diqqətinizə çatdırıram ki, Aqil Xəlildən başlamış Pərviz  Həşimli, Şirin Abbasova qədər hamısında mən işgəncəni daim ictimailəşdirmişəm.  İşgəncə təkcə fərdlərin yox, bəşəriyyətin problemidir.  Heç bir hal işgəncəyə əsas ola bilməz”.

Vəkil daha sonra qeyd edir: “Həmişə işgəncəyə məruz qalanların işgəncə əhvalatlarını dinləyəndə özümü onların yerində hiss etmişəm. Onların valideynləri ilə görüşəndə isə onların ağrısını hiss etmiş, bir anlıq onların övladlarının yerinə öz övladımı hiss etmişəm, valideynlər pis olmasın deyə işgəncə faktlarını onlardan gizlətməyə çalışmışam.

İşgəncə faktının yayılmasında hökumətin razılığı məsələsinə gəlincə, Bayram Məmmədovun izahatını nə zülmlə Bakı İstintaq Təcridxanasından çıxardığımın şahidi vəkil Cavad Cavadovdur. Əslində işgəncə barədə ərizənin çıxmasının qarşısını almağa qanun heç bir halda yol vermir. Dostlar, bu sevgi məktubu deyil, işgəncə barədə bəyanatdır, onun yayılmasının qarşısını almaq ən böyük qanunsuzluq, bilə-bilə ağır cinayəti gizlətməkdir”.

Vəkil deyir ki, o, Nərimanov Polis İdarəsinin MSY-nin həyətində Qiyas İbrahimovun yeri təmizləməyə, siqaret kötüklərini yığmağa məcbur edildiyini, buna etiraz edəndə isə zorla bayıra çıxarıldığını, müdafiə etdiyi şəxsə kömək edə bilmədiyini görüb göz yaşları içərisində onun ilk dəfə işgəncəyə məruz qaldığını yazıb: “Sonra Bakı şəhər Baş Polis İdarəsinə getdim. Müstəntiqlərin kim olduğunu öyrənənə qədər 1 saatdan çox vaxt keçdi. Həmin vaxt jurnalistlər də zəng edirdi. Bir əlimdə qələm, bir əlimdə idarənin daxili telefonu, dizlərinin arasında qeydiyyat dəftərim…

Qiyas İbrahimovun işgəncə barədə izahatını mənə, ümumiyyətlə, verməsələr də, mənim bir məqsədim var idi. İşgəncə epizodlarını maksimum yadda saxlamaq… Saxladım və yaydım. Bunu yazmağımın qarşısını almaq üçün gərək məni öldürəydilər, başqa yolu yox idi. Yaxın dostlarım bilir ki, mən Qiyasın ifadəsini qəhər içində yazdım. Amma yazmalıydım, bu mənim vətəndaşlıq borcum idi. Yazırdım ki, daha heç kəs işgəncəyə məruz qalmasın. Və bunu yazmaqda hökumətin mənə kömək etmədiyini tam əminliklə deyirəm”.

Ana səhifəXəbərlərVəkil: ”Qiyasın ifadəsini qəhər içində yazdım”