“Qiyas İbrahimovun saxlanıldığı kameranı dəyişdiriblər. Onu məhkum olunmuşların kamerasına aparıblar. Halbuki barəsində hökm qüvvəyə minməyib”, – gənc fəalın vəkili Elçin Sadıqov belə yazıb.
O bildirib ki, Qiyas İbrahimovun barəsindəki hökm qüvvəyə minmədiyi halda onu məhkum olunmuşların kamerasına aparmaqlarına baxmayaraq, anası ilə görüşü yenə də qanunsuz olaraq şüşə arxasından veriblər:
“Qanuni qüvvəyə minməmiş hökmə istinad edirlərsə, həmin hökmə əsasən onu yaxınları ilə şüşə arxasından deyil, canlı görüşdürməli idilər”.
Qiyas İbrahimov Bayram Məmmədovla birgə mayın 10-da saxlanıb. Onlara Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitələri saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə ittiham irəli sürülüb.
Hər iki gənc ittihamla razılaşmır və işgəncə altında ifadə verməyə məcbur edildiklərini bildirirlər.
Daxili İşlər Nazirliyi və Ombudsman Aparatı gənclərə işgəncə verilməsini təkzib edib.
Oktyabrın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsi Q.İbrahimova 10 il həbs cəzası verib. O, məhkəmədə məhz Heydər Əliyevin abidəsinə şüar yazdığına görə, həbs edildiyini bildirib.
Bayram Məmmədovun məhkəməsi isə davam edir.