Vəkil olmaq istəyənlərin çoxu imtahandan keçmədi

Vəkillər Kollegiyasının sədr müavini Fərhad Nəcəfov: “Vəkil olmaq istəyənlərin imtahandan keçə bilməməsi bu sahəyə marağı olanların savadı ilə bağlıdır”

Hüquqşünas Xalid Ağaliyev: “Bizdə hüquq təhsili almaq demək olar ki, qanun və məcəllələri əzbərləməkdən ibarətdir, buna görə də nəticələrə təəccüblənməməliyik”

Source:


Vəkillər Kollegiyasının sədr müavini Fərhad Nəcəfov: “Vəkil olmaq istəyənlərin imtahandan keçə bilməməsi bu sahəyə marağı olanların savadı ilə bağlıdır”


Hüquqşünas Xalid Ağaliyev: “Bizdə hüquq təhsili almaq demək olar ki, qanun və məcəllələri əzbərləməkdən ibarətdir, buna görə də nəticələrə təəccüblənməməliyik”

2015-ci ildə Azərbaycan Vəkillər Kollegiyasına üzv seçilmək üçün imtahanlara ümumilikdə 706 nəfər sənəd verib. İmtahanlara qatılanlardan 215 nəfəri II mərhələyə adlayıb. İkinci mərhələdən sonra 154 nəfər vəkil vəsiqəsi qazanıb.

Beləliklə, vəkillərin sayı 934 nəfərə çatıb. 2015-ci ildə daha 154 nəfər vəkil adı qazanıb. Ancaq bu 154 nəfər imthanlara qatılanların cəmi 30 faizidir. Yəni, qalan 70 faiz iddiaçı imtahandan keçə bilməyib.

Mövcud vəziyyəti femida.az-a şərh edən Vəkillər Kollegiyasının sədr müavini Fərhad Nəcəfov hesab edir ki, vəkil olmaq istəyənlərin imtahandan keçə bilməməsi bu sahəyə marağı olanların savadı ilə bağlıdır. Buradan yalnız bir nəticəyə gəlmək mümkündür, nəzəri tədris zamanı hüquqşünaslar yüksək savad ala bilmirlər.

O bildirib ki, yazılı imtahanda iştirak edən 706 nəfərdən 213-ü uğurla həmin mərhələni adlaya bildi. Şifahı imtahandan isə yalnız 154 nəfər keçərək, Kollegiyanın üzvü ola bilib.

F. Nəcəfov bu mənada hüquq fakültələrində təhsilin səviyyəsini kafi qiymətləndirdiyini də diqqətə çatdırıb.

Sədr müavini ölkədə vəkillərin sayının azlığı ilə bağlı deyilənlərə də münasibət bildirib: “Kollegiya da bu istiqamətdə öz işini görür. Artıq vəkillərin sayında artım da var. Hazırda Kollegiya üzvü kimi vəkillik fəaliyyəti ilə məşğul olan hüquqşünasların sayı 834 nəfərdir. Digər tərəfdən vəkilliyə qəbul imtahan yolu ilədir. Burada Kollegiyanın üzərinə hər hansı məəsuliyyət düşmür. Həmçinin, bizdən asılı olan və olmayan səbəbdən vəkillik fəaliyyətindən kənarlaşanlar da var”.

F. Nəcəfov Kollegiyanın üzvlüyündən çıxarılanların sayının isə çox olmadığını deyib.

Mövcud durumu Meydan TV-yə şərh edən hüquqşünas Xalid Ağaliyev bildirib ki, Azərbaycanda təhsil mühiti, özəlliklə hüquq təhsili mühiti ilə tanış olanlar üçün bu mənzərə tamamilə təbiidir. “Bizdə hüquq təhsili almaq demək olar ki, qanun və məcəllələri əzbərləməkdən ibarətdir. Ən pisi də odur ki, təhsili başa vurduqda əzbərlədiyin qanun və məcəllələr dəyişmiş olur və faktiki olaraq illər boşa verilmiş olur. Zəruri hüquqi savada, biliyə sahib olan xeyli  pedaqoqumuz hüquq fakültələrindən kənarda tutulurlar. Hüquq təhsili verənlərin əksəriyyəti müstəntiqlər, prokurorlar, istintaqçılardır”.

Xalid Ağaliyev ölkədə hüquqçular üçün zəruri mühitin olmamasını xüsusi vurğulayıb: “Konkret olaraq, vəkil olmaq istəyənlər üçün təlimləndirmə imkanları yoxdur. Mən Ədliyyə Nazirliyinin, Vəkillər Kollegiyasının və ya başqa əlaqəli qurumun hansısa uzunmüddətli effektiv təlimlərini xatırlamıram. Halbuki, bu işin görülməsi müxtəlif normativ aktlarla həmin qurumların üzərinə vəzifə olaraq qoyulub. Bu sahədə son illərədək yeganə imkan vətəndaş cəmiyyəti qurumlarının reallaşdırdığı layihələr idi. Vəkil olmaq istəyənlərin əksəriyyəti imtahanlardan öncə adətən, Amerika Hüquqçular Assosiasiyasının, Hüquq Maarifçiliyi Cəmiyyətinin uzunmüddətli, altı ayadək davam edən təlimlərindən keçirdilər. Vətəndaş cəmiyyəti qurumlarının təqdim etdiyi başqa alternativ imkanlar da vardı. Elə yalnız bu təlimlər vəkillik imtahanlarında uğur göstəricisini yuxarıda tuturdu. Adını çəkdiyim təşkilatların durumu hamımıza bəllidir – onlara cinayət işi açılıb, fəaliyyətini dayandırıblar, Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri də həbsdədir. Bütün bunların işığında baxdığımızda, ortadakı nəticəyə heç təəccüblənməməliyik. Hökumət hüquq maarifçiliyi sahəsində vəzifələr daşıyan qurumlarına xəbərdarlıq etməli, bu sahədəki qapadılan imkanlar bərpa edilməlidir”.

Hüquqşünas Azərbaycanda adambaşına düşən vəkil sayının durumunun da ürəkaçan olmadığını qeyd edib: “Dünya praktikası ilə müqayisədə bizim göstəricilər çox aşağıdır. Azərbaycanda hər 11 min vətəndaşa bir vəkil düşür. Bu göstərici qonşu ölkələrlə müqayisədə xoş deyil. Gürcüstanda hər 10 min vətəndaşa orta hesabla 10 vəkil, Ermənistandasa 4 vəkil düşür. Avropa ölkələrində göstərici daha yüksəkdir. Əksər ölkələrdə 1000 vətəndaşa 1-3 vəkil düşür. Türkiyədəki analoji rəqəmlər də Avropa ölkələri ilə üst-üstə düşür. ABŞ-da isə ortalama hər 250 adama 1 vəkil düşür. Bizdə adambaşına düşən vəkil sayı yalnız aclıqdan, yoxsulluqdan əziyyət çəkən Afrika ölkələri ilə üst-üstə düşür. Yaponiya kimi bir neçə inkişaf etmiş ölkədə də hər 10 min nəfərə düşən vəkil sayı 2-3 nəfər təşkil edir. Ancaq həmin ölkələrdə hüquqların müdafiəsinin bütün məhkəmə instansiyalarında həyata keçirilməsi bizdəki kimi yalnız vəkillərin əlində deyil. Orda bu işi həyata keçirə bilən yardımçı institutlar da var. Bu müqayisələr Azərbaycanda, ümumiyyətlə, vəkillik institutunun durumu acınacaqlı olduğunu ifadə edir”.

Ana səhifəXəbərlərVəkil olmaq istəyənlərin çoxu imtahandan keçmədi