Vəkil: Nazirlər Komitəsi kompensasiyaların ödənişi üçün hökumətə təsir edə biləcək

Ümumilikdə 150-200 min avro ödənilməyən məbləğ var.

Foto: Meydan TV


''Hökumət üçün böyük məbləğ deyil, amma görünür ki, insanları incitməklə gələcəkdə şikayət yazmaqdan çəkindirmək istəyirlər''

Avropa Şurasının Nazirlər Komitəsi kompensasiyaların ödənilməsinin gecikdirilməsi barədə olan şikayətlər üzrə icmal hazırlayıb. İcmal daha çox Azərbaycandan gələn bu şikayətlərin tərtibindəki nöqsanlar barədir.

Bu barədə məlumatı vəkil Əsabəli Mustafayev yayıb.

İcmalın ona da göndərildiyini qeyd edən vəkilin sözlərinə görə, Nazirlər Komitəsi hesab edir ki, bu şikayətlərin tərtibindəki nöqsanlar həmin şikayətlər üzrə hökumət ilə səmərəli danışıqların aparılmasına mane olur:

“İcmalda qeyd olunub ki, Avropa Şurasının Nazirlər Komitəsinə məktubu poçtla da göndərmək olar. Əgər elektron poçtla göndərirsizsə, məktubu fayl şəklində əlavə edin. Bundan ötrü şikayəti çap edin, imzalayın, sonra “scan” edin, elektron məktuba əlavə edin; şikayətdə ərizəçinin soyadını, işin nömrəsini, qəbul edilmiş qərarın tarixini, kompensasiyanın məbləğini dəqiq göstərin. Əgər kompensasiyadan qismən ödəniş olubsa, onu mütləq qeyd edin; məlumdur ki, bəzi işlər birləşdirilərək bir qərar qəbul edilir. Əgər ərizəçilər müxtəlif qruplardandırsa, hər biri üzrə ayrı-ayrılıqda məktub yazın. Müxtəlif qruplara daxil olan işləri şikayətdə birləşdirmək olmaz”.

Vəkil Əsabəli Mustafayev
Əsabəli Mustafayev

Vəkil ehtimal edir ki, şikayətlər düzgün tərtib olunduğu halda Nazirlər Komitəsi kompensasiyaların ödənişi üçün hökumətə təsir edə biləcək.

Meydan TV-nin bu barədə sorğusunu cavablayan Əsabəli Mustafayev bildirib ki, 20 nəfərə qismən ödəniş olsa da, hüquqi xidmətə görə çox işlərdə ödənmə olmayıb:

“Ümumilikdə 150-200 min avro ödənilməyən məbləğ var. Hökumət üçün böyük məbləğ deyil, amma görünür ki, insanları incitməklə gələcəkdə şikayət yazmaqdan çəkindirmək istəyirlər. Məsələ ondadır ki, böyük hissəsi faizlə ödənildi və hökumət də nə vaxtsa ödəyəcəyini bilir. Amma niyə prosesi uzadıb faizə çatdırır, anlamıram. Bu il 100-ə yaxın adam faizlə alıb, onların arasında 2016-cı ildən ala bilməyənlər var, 20-25 nəfər də elə həmin ildən ala bilmir. Məsələn, keçmiş məhbus İlkin Rüstəmzadəyə 20 min avrodan min avro ödəyiblər. Tofiq Yaqubluya, Nigar Həziyə, ReAL sədri İlqar Məmmədova tam ödənilməyib”.

Ana səhifəXəbərlərVəkil: Nazirlər Komitəsi kompensasiyaların ödənişi üçün hökumətə təsir edə biləcək