Cavad Cavadov: ”Prokurorluğun açıqlaması təqsirsizlik prezumpsiyasının pozulmasıdır”
“Natiq Cəfərlinin vergi fəaliyyəti vergi orqanları tərəfindən yoxlanılıb və ona 2014-cü il dekabrın 26-da əsassız olaraq 456 manat vergidən yayınma, təqribən o qədər də maliyyə sanskiyası tətbiq olunub. Natiq Cəfərli bu sanksiya ilə razı olmasa da, həmin məbləği ödəyib”.
Bu barədə “Respublikaçı Alternativ” (REAL) Hərəkatının icraçı katibi Natiq Cəfərlinin vəkili Cavad Cavadov “facebook” səhifəsində yazıb.
C.Cavadov Respublika Prokurorluğunun avqustun 15-də N.Cəfərli ilə bağlı yaydığı açıqlamanı təqsirsizlik prezumpsiyasının pozulması hesab edib.
“Cinayət Məcəlləsinin 192.1 maddəsi ilə bağlı cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməklə yanaşı, həmin maddənin əvvəlki redaksiyası ilə hazırda qüvvədə olan redaksiyası Natiq Cəfərlini bu maddə ilə cinayət məsuliyyətinə cəlb edilməsini istisna edir. Cinayət Məcəlləsinin 308.2 maddəsindən ümumiyyətlə danışmağa dəyməz”, – deyə vəkil bildirib.
N.Cəfərli avqustun 12-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırılıb.
Nəsimi Rayon Məhkəməsi onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib.
Ona qarşı Cinayət Məcəlləsinin 192.1-ci (qanunsuz sahibkarlıq) və 308.2-ci (vəzifə səlahiyyətindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda, seçkilərin və ya referendumun nəticələrinə təsir etmək məqsədi daşıdığında) maddələrilə ittiham irəli sürülüb.
İqtisadi-siyasi şərhləri ilə tanınan N.Cəfərli hakimiyyətin sərt tənqidçilərindən biridir. O, 2008-ci ildə yaradılmış “Respublikaçı Alternativ” (REAL) Hərəkatının həmtəsisçisidir. Bir müddət əvvələ qədər N.Cəfərlinin ölkədən çıxışına qadağa qoyulmuşdu. Həmfikirləri onun həbsini siyasi fəaliyyəti ilə əlaqələndirirlər.
REAL sentyabrın 26-da keçiriləcək Konstitusiyaya dəyişikliklərlə bağlı Referendumun əleyhinə təbliğat aparacağını bəyan edib və imzatoplama kampaniyasına başlayıb.