Cavad Cavadov: Mirfeyzulla Seyidovun səhhətində ciddi problemlər var
Vəkil Cavad Cavadov mayın 15-də Bakı İstintaq Təcridxanasında saxlanılan AXCP Xətai Rayon Təşkilatının üzvü Mirfeyzulla Seyidovla görüşüb.
Vəkil Cavad Cavadov Mirfeyzulla Seyidovun səhhətinin heç də yaxşı olmadığını deyib və bildirib ki, mayın 16-da Respublika Prokurorluğuna həbs qətimkan tədbirinin təcili dəyişldirilməsi üçün müraciət edib.
Bu barədə Cavad Cavadov Meydan TV-yə danışıb.
Vəkil deyib ki, Mirfeyzulla Seyidov bu həftə dializ prosedurundan keçib. Ancaq səhhətindəki problemlər bununla həllini tapmır.
“Seyidovun ürəyinə iki stend qoyulub, həm də hipertoniyadan və şəkərdən əziyyət çəkir. Bütün bunları nəzərə aldıqda onun qidalanması və dərmanlarının qəbulu xüsusi nəzarət altında olmalıdır. Bakı İstintaq Təcridxanasında isə həftədə bir dəfə evdən yemək çatdırılmasına icazə verilir”.
Cavad Cavadov bildirib ki, Mirfeyzulla Seyidova qarşı irəli sürülən ittihamları kənara qoyub, məsələyə sırf humanitar tərəfdən yanaşıb, həbs qətimkan tədbirinin dəyişdirilməsi vacibdir:
“Mən Baş prokuror Zakir Qaralova bir daha müraciət edirəm ki, Mirfeyzulla Seyidovun səhhətində problemlər ciddi olduğundan, onu heç olmasa müalicə müəssisinə köçürsünlər. O zaman nəzarət ciddi olar və səhhətində müsbətə doğru nəsə dəyişər”.
Mayın 9-da
saxlanılan
AXCP Xətai rayon təşkilatının məclis üzvü Mirfeyzulla Seyidov barəsində Cinayət Məcəlləsinin külli miqdarda qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma (234.4.3) maddəsi ilə cinayət işi açılıb.
Mayın 10-da isə Nərimanov Rayon Məhkəməsi Mirfeyzulla Seyidov barəsində həbs qətimkan tədbiri seçib. Cinayət Məcəlləsinə əsasən, M.Seyidova qarşı açılan iş üzrə 5 ildən 12 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. M.Seyidov ittihamları rədd edir və siyasi sifarişlə həbs olunduğunu bildirib.