Vəkili blogerin həbsindən kassasiya şikayəti verib
2 il azadlıqdan məhrum edilən bloger Mehman Hüseynovun həbsindən kassasiya şikayəti verilib.
Şikayətdə Bakı Apelyasiya Məhkəməsinin 12 aprel 2017-ci il tarixli qərarının ləğv edilməsi istənilir. Bundan əlavə, Mehman Hüseynov barəsində CM-nin 147.2-ci maddəsi ilə xüsusi ittiham qaydasında cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsi xahiş edilir.
Məlumatı vəkil Elçin Sadıqov “Facebook” səhifəsində paylaşıb:
“Mehman Hüseynovun ölkədaxili müdafiə vasitələri tükədilib. Onun şikayətlərini Birləşmiş Krallıqdan olan vəkilləri ilə birlikdə Avropa İnsan Hüquqları Məhkəməsinə hazırlayırıq”.
Mehman Hüseynov Bakı şəhər Suraxanı rayon məhkəməsinin 3 mart 2017-ci il tarixli hökmü ilə, Bakı şəhər Nəsimi rayon RPİ-nin rəisi Musa Musayevin xüsusi ittihamı əsasında 2 il müddətinə azadlıqdan məhrum edilib.
Elçin Sadıqov deyir ki, Bakı Apelyasiya Məhkəməsinin 12 aprel 2017-ci il tarixli qərarı ilə verdikləri şikayət təmin olunmayıb:
“Bakı şəhər Suraxanı rayon məhkəməsinin 03 mart 2017-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılıb. O, CM-nin 147.2-ci maddəsilə təqsirli bilinib, amma ittihamları siyasi sifariş sayıb rədd edir”.