None

Mənbə: 

Vəkil: Mehman Hüseynov quru aclıq edir

Blogerə qarşı daha ağırlaşdırıcı ittiham irəli sürülüb

Vəkillər Fuad Ağayev və Şəhla Hümbətova dekabrın 28-də 2 il azadlıqdan məhrum olunan bloger Mehman Hüseynovla görüşüblər.

Meydan TV-yə görüş barədə danışan vəkil Fuad Ağayev deyib ki, Mehman Hüseynova Cinayət Məcəlləsinin 315.2 yox, daha ağır olan 317.2 (Cəzaçəkmə müəssisələrinin və istintaq təcridxanalarının əməkdaşına həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etmə) maddəsi ilə ittiham olunub. “Cəzaçəkmə müəssisələrinin və istintaq təcridxanalarının normal fəaliyyətini pozma” adlanan maddə 5 ildən 7 ilə qədər cəza nəzərdə tutur.

Vəkil onların istintaqa vəsatətlər verdiyini söyləyib:

“Biz müəssisənin girişində, növbətçi hissəsində və meydançasındakı müşahidə video kameralarının 26 dekabr səhər 6-dan axşam 6-ya qədər müddətə əldə olunması haqda vəsatətlər verdik”.

Fuad Ağayev Mehman Hüseynovun quru aclıq etdiyini bildirib:

“Artıq 3 gündür ki, nə yemək yeyir, nə də su içir. Qərarı qətidir, deyir ki, haqsızlıq aradan götürülməsə, dayandırmayacaq”.
Vəkilin sözlərinə görə, Mehman Hüseynov qarşılaşdığı qanunsuzluqla əlaqədar Ombudsman Elmira Süleymanova, prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya məktub yazıb. Məktublar vəkillərin yanında 14 saylı Cəzaçəkmə Müəssisəsinin müdiriyyətinə təqdim olunub.

Vəkillər Şəhla Hümbətova və Fuad Ağayeva

Vəkillər Şəhla Hümbətova və Fuad Ağayeva

Dekabrın 26-da 14 saylı Cəzaçəkmə Müəssisəsində insident yaşanıb. Penitensiar Xidmətin yaydığı məlumata görə, bloger müəssisənin Rejim-nəzarət şöbəsinin böyük inspektoru, ədliyyə leytenantı Əli Ələddin oğlu Abdalovun qanuni tələblərinə tabe olmayaraq, ona qarşı zor tətbiq edib, fiziki müqavimət göstərərək sonuncuya bədən xəsarəti yetirib, xidməti otaqda olan əşyaları dağıdaraq sındırıb.

Məlumatda bildirilir ki, Mehman Hüseynovun üzərində axtarış aparılan zaman saxlanılması qadağan olan 461 manat məbləğində pul aşkar edilərək götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 317.2-ci maddəsi (Cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının əməkdaşına qarşı həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etmə) ilə cinayət işi başlandığı bildirilir. Bu maddə 5 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur. İlkin məlumatda blogerə qarşı irəli sürülmüş maddə 315.2 (hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərmə) kimi göstərilmişdi.

Mehman Hüseynov 2017-ci il martın 3-də Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 2 il azadlıqdan məhrum edilib.

Bloger Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin şikayəti əsasında həbs edilib.

Apelyasiya Məhkəməsi həmin hökmü qüvvədə saxlayıb. Ancaq Ali Məhkəmə blogerin kassasiya şikayətini qismən təmin edib, işi yenidən Apelyasiya Məhkəməsinə qaytarıb.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/qaonqo

Ən çox baxılan