Vəkil: Mehman Hüseynov əməliyyat olunmalıdır

Bloger artıq şəxsiyyət vəsiqəsi alıb

Source:


Bloger artıq şəxsiyyət vəsiqəsi alıb

Vəkil Elçin Sadıqov həbsdə olan bloger Mehman Hüseynovla görüşüb. Bu barədə öz “Facebook” səhifəsində canlı yayım edən vəkilin sözlərinə görə, Mehman Hüseynovun saxlanılma şəraitindən narazılığı yoxdur. Sadəcə əməliyyat olunmasını istəyir:

“Mehman bildirdi ki, ağrıları kəskinləşib, ciddi hal alıb”.

Vəkil deyir ki, ölkədə səfərdə olan Avropa Şurası Parlament Assambleyasının həmməruzəçiləri də Mehman Hüseynova baş çəkiblər:

“Bloger həbsinin detalları və əsassızlığı barəsində həmməruzəçilərlə məlumat verib. Bundan başqa, o, artıq şəxsiyyət vəsiqəsi ilə təmin olunub”.

Vəkil Mehman Hüseynovun əməliyyat olunması üçün müraciət edəcəklərini bildirib.

Mehman Hüseynov 2017-ci il martın 3-də Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 2 il azadlıqdan məhrum edilib. Buna qədərsə onun yanvarın 9-da oğurlandığı güman edilirdi. Yalnız yanvarın 10-da məhkəmə önünə çıxarkən onun Nəsimi Rayon Polis İdarəsinin 22 saylı polis bölməsində saxlandığı məlum olub. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə M.Hüseynov polisə tabe olmamaqda təqsirli bilinərək, 200 manat cərimə edilib. Məhkəmədən çıxan bloger polisdə saxlandığı müddətdə işgəncələrə məruz qaldığını söyləyib. Bundan sonra Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayev M.Hüseynovun işgəncə ilə bağlı dediklərini polisə böhtan sayaraq xüsusi ittiham qaydasında iddia qaldırıb. Həmin iddia əsasında M.Hüseynov 2 il azadlıqdan məhrum edilib.

Beynəlxalq təşkilatlar jurnalistin həbsini siyasi hesab edir.

Ana səhifəXəbərlərVəkil: Mehman Hüseynov əməliyyat olunmalıdır