Vəkil istintaqı saxtakarlıqda günahlandırdı

Abdulla Abdullayevin məhkəmə prosesi davam etdirilib

Source:


Abdulla Abdullayevin məhkəmə prosesi davam etdirilib

Aprelin 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində AMAY Şirkətlər Qrupunun rəhbəri Abdulla Abdullayev və təqsirləndirilən daha 5 nəfərin məhkəmə prosesi davam edib.

Məhkəmə prosesində ittiham tərəfin “zərərçəkən” kimi tanıdığı Səmayə Məmmədova və Mehman Qədimov dindiriliblər. S.Məmmədova və M.Qədimov təqsirləndirilən şəxslərə tələb və iddialarının olmadığını bildiriblər. Hər ikisi yeganə istəklərinin binanın tamamlanması olduğunu nəzərə çatdırıblar.

“Zərərçəkənlər” “Xudafərin” frimasının Atatürk prospekti 80/78-37də tikdiyi hündürmərtəbəli binada mənzil aldıqlarını, amma bina tamamlanmadığı üçün mənzillərinə köçə bilmədiklərini deyiblər. Onlar həm də mənzil almaq üçün müqavilə üzrə pul ödədiklərini nəzərə çatdırıblar.

Amma vəkillərin sualları zamanı dindirilən şəxslərlə bağlı istintaqda yol verilən nöqsanlar üzə çıxıb. Belə ki, istintaqda “zərərçəkən” kimi S.Məmmədova yox, oğlu Fərəc Muradov, M.Qədimov yox, həyat yoldaşı ifadə verib. Amma nə S.Məmmədovanın oğluna, nə M.Qədimovun xanımına verdikləri etibarnamələr  cinayət işi materiallarına əlavə edilməyib. Vəkil Osman Kazımov bunu istintaq saxtakarlığı kimi dəyərləndirib. Eyni zamanda vəkil O.Kazımov məhkəmə protokoluna bu şəxslərin “hüquqi prosedurun subyekti olmadıqları” ifadəsinin yazılmasına təkid edib.

O.Kazımov hakimə “zərərçəkən” kimi tanınanların hər biri haqda “zərərçəkən” şəxs qərarı olmaması, bu şəxslərin istintaq materialları ilə tanış edilməmələri kimi istintaq natamamlığına iradlarını bildirib. “Mən neyləyim, “meyiti üstümüzə göndəriblər ki, bu işə baxın”, -deyə hakim Əfqan Hacıyev istintaqın işinə münasibətini ifadə edib.

Vəkillərin təkidinə baxmayaraq,  dövlət ittihamçısı məsələyə münasibət bildirməkdən imtina edib, bütün hallara məhkəmə prosesinin yekununda mövqe bildirəcəyini deyib.

Hakim növbəti məhkəmə prosesini aprelin 23-ü saat 10:00-a təyin edib.

AMAY Şirkətlər Qrupunun rəhbəri A.Abdullayev 2014-cü ilin aprelində həbs edilib. Ona qarşı dələduzluq, səlahiyyətindən sui-istifadə, dövlət vəsaitini külli miqdarda mənimsəmə kimi ittihamlar irəli sürülüb. Analoji ittihamlar təqsirləndirilən digər 5 nəfərə də irəli sürülüb. A.Abdullayev və təqsirləndirilən 5 nəfər özlərini təqsirli bilməyərək bütün ittihamları rədd edirlər.

Ana səhifəXəbərlərVəkil istintaqı saxtakarlıqda günahlandırdı