Hakim Eldar İsmayılov jurnalistləri prosesə buraxmayıb
Yanvarın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə baxışı başlayıb.
Meydan TV-nin əməkdaşı bildirib ki, hakim Eldar İsmayılov jurnalistlərin prosesdə iştirakına imkan verməyib. İclasda məhkəmə istintaqının başlanması barədə qərar qəbul olunub. Dövlət ittihamçısı ittiham aktını elan edib. Daha sonra hakim təqsirləndirilən şəxslərdən özlərini təqsirli bilib-bilmədiklərinini soruşub. Onlar döyülmək faktı üzrə özlərini qismən təqsirli bildiklərini deyiblər.
Təqsirləndirilən Elşən İsmayılov bu hadisədən Cavid Hüseynovun xəbərinin olmadığını açıqlayıb. Digər təqsirləndirilən Camal Məmmədov isə insanın bir təpiklə öləcəyini gözləmədiyini, baş verən hadisədən peşman olduğunu deyib.
Vəkil Əsabəli Mustafayev jurnalistlərə deyib ki, ibtidai istintaqda verilən ifadələrlə məhkəmədəki ifadələrdə ziddiyyətlər var.
Proses yanvarın 14-də davam etdiriləcək.
Rasim Əliyev ötən il avqustun 8-də bir qrup şəxs tərəfindən döyülüb. Xəstəxanaya yerləşdirilən R. Əliyev orada vəfat edib. Həmin faktla bağlı Kənan Mədətov, Camal Məmmədov, Samir Mustafayev, Elşən İsmayılov, Arif Əliyev və futbolçu Cavid Hüseynov tutulub. Bir müddət sonra cinayət işinin materiallarından Cavid Hüseynovun cinayət işi ayrılaraq ayrıca icraata verilib.
C. Hüseynovun üzvü olduğu “Qəbələ” futbol klubu bildirib ki, futbolçunun adının fotojurnalist Rasim Əliyevin qətli ilə əlaqələndirilməsi klub tərəfindən bütün ciddiyyəti ilə qarşılanıb. Klub bu oyunçunun Avropa Liqası kimi məşhur turnirdə komanda üçün nə qədər böyük əhəmiyyətə malik olmasına baxmayaraq, öz dəyərlərinə sadiq qalaraq, hüquq-mühafizə orqanları tərəfindən həbsdən əvvəl onu komandadan uzaqlaşdırıb.
Klub məsələnin ədalətli, obyektiv və şəffaf şəkildə araşdırılacağına və mərhum Rasim Əliyevin valideynlərinin dərdinə şərik olaraq bütün günahkarların cəzalarını alacağına inandığını qeyd edib, bunun ölkəmiz və idmanımızın imici üçün də çox vacib olduğunu vurğulayıb.