Vəkil: İsraildən sorğu təxminən 5-6 günə gəlməlidir

Aleksandr Lapşin özü İsrailin Azərbaycandakı səfirliyinin nümayəndələri ilə görüşərək İsrailə verilməsini istəyib

Source:


Aleksandr Lapşin özü İsrailin Azərbaycandakı səfirliyinin nümayəndələri ilə görüşərək İsrailə verilməsini istəyib

Azərbaycanda həbsdə olan bloqger Aleksandr Lapşinin İsrailə təhvil verilməsi istiqamətində işlər davam etdirilir.

Bu barədə APA-ya A. Lapşinin vəkili Eduard Çernin məlumat verib.

Vəkil bildirib ki, A. Lapşinin təhvil verilməsi ilə bağlı İsrail hökumətindən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə sorğu göndərilməlidir: “Sorğu təxminən 5-6 gün ərzində gəlməlidir. Ondan sonra məhkəməyə müraciət edəcəyik”.

A. Lapşin özü İsrailin Azərbaycandakı səfirliyinin nümayəndələri ilə görüşərək İsrailə verilməsini istəyib.

Ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan A. Lapşin Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq keçmə, ərazi bütövlüyünü parçalamağa yönələn açıq çağırışlar etmə əməllərinə görə Azərbaycan Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaqı aparılan cinayət işi əsasında təqsirləndirilən şəxs qismində cəlb edilərək beynəlxalq və dövlətlərarası axtarışa verilməsi ilə əlaqədar 2016-cı il dekabrın 15-də Belarus Respublikasının hüquq-mühafizə orqanları tərəfindən Minskdə saxlanılıb. O, 2017-ci il fevralın 7-də Azərbaycan Respublikasına ekstradisiya edilib.

A. Lapşin Cinayət Məcəlləsinin 281.2-ci (dövlətə qarşı açıq çağırışlar) və 318.2-ci (sərhədi qanunsuz keçmək) maddələri üzrə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsi Cinayət Məcəlləsinin 281.2-ci (Hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materialları yayma – Eyni əməllər təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi üzrə irəli sürülən ittihama xitam verib, bu maddə üzrə ittihamın təsdiqini tapmaması qənaətinə gəlib.

A. Lapşin Cinayət Məcəlləsinin 318.2-ci (sərhədi qanunsuz keçmək) maddəsi ilə təqsirli bilinərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 iyul tarixli hökmü ilə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 3 il müddətinə azadlıqdan məhrum edilib.

Ana səhifəXəbərlərVəkil: İsraildən sorğu təxminən 5-6 günə gəlməlidir