”Fuad Əhmədliyə tibbi yardımın göstərilməməsi və doğmaları ilə görüşə icazə verilməməsi psixoloji təzyiqdir”
Bakı 1 saylı təcridxanada saxlanılan AXCP fəalı Fuad Əhmədlinin səhhətində ciddi problemlər var. O, doğmaları ilə telefonla danışmaq və görüşmək hüququndan məhrum edilib.
Bu barədə Turan-a F.Əhmədlinin vəkili Əsabəli Mustafayev bildirib.
F.Əhmədli dəfələrlə səhhətilə bağlı problemlər haqda nəzarətçilərə danışıb, ancaq onun yanına həkim çağırmayıblar və tibbi yardım göstərilmir.
Avqustun 18-də saxlandıqdan sonra F.Əhmədli doğmaları ilə telefonda danışmayıb və görüşməyib. Vəkil bunu vətəndaş hüquqlarının pozulması kimi qiymətləndirib.
Ə.Mustafayev bu qanunsuz məhdudiyyətin aradan götürülməsi ilə bağlı istintaq orqanında vəsatət qaldırıb. Əgər nəticə olmasa, məhkəmə şikayəti verəcək.
Vəkil F.Əhmədliyə tibbi yardımın göstərilməməsini və doğmaları ilə görüşə icazə verilməməsini psixoloji təzyiq kimi qiymətləndirir.
Fuad Əhmədli avqustun 18-də həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 302.1 (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrilə ittiham irəli sürülüb.
Avqustun 19-da Baş Prokurorluq və DTX-nın yaydığı birgə məlumatda deyilir ki, “Azərfon” MMC-də “Zənglər mərkəzi”ndə operator vəzifəsində işləyən Fuad Əhmədli abunəçilərə aid fərdi məlumatları, o cümlədən zəng tarixçələrindən çıxarışları, antenalar üzrə olduqları yerləri, qapalı məlumatları çıxarıb müəyyən adamlara ötürüb. F.Əhmədli həmçinin Fətullah Gülən şəbəkəsilə əlaqəli şəxs kimi təqdim olunub, yaşadığı evdən Gülənə aid vərəqələrin tapıldığı iddia olunub.
AXCP ittihamları rədd edərək onları siyasi motivlərlə uydurma hesab edir.