”Bu yaxınlarda Qırmızı Xaç Komitəsinin nümayəndələri onunla görüşüblər”
Sentyabrın 14-də vəkil Əsabəli Mustafayev Kürdəxanı İstintaq Təcridxanasında AXCP Gənclər Komitəsinin üzvü Fuad Əhmədliylə görüşüb. Bu barədə vəkil öz “facebook” səhifəsində yazıb.
“Kürdəxanı İstintaq Təcridxanasında Fuad Əhmədli ilə görüşdüm. Hamıya salamları var. Heç bir maddi və ruhi sıxıntısı yoxdur. Həmişə gördüyünüz Fuaddır. Bu yaxınlarda Qırmızı Xaç Komitəsinin nümayəndələri onunla görüşüblər. Dostlardan yaxşı oxumalı kitablar istəyir. Bəzilərinin adını atası Zəfər bəyə vermişəm. Bütün dostlara möhkəmlik, fədakarlıq və fəallıq arzulayır”,-deyə vəkil qeyd edib.
Fuad Əhmədli avqustun 18-də saxlanıb. Ona CM-nin 302.1 (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb.
Cəbhəçi gəncin həbsindən sonra DTX və Baş Prokurorluq birgə məlumat yayıblar. Məlumatda iddia olunur ki, “Azerfon” MMC-də “Zənglər mərkəzi “ndə operator vəzifəsində işləyən Fuad Əhmədli abunəçilərə aid fərdi məlumatları və antenalar üzrə olduqları yerləri müəyyən adamlara ötürüb. İddiaya görə, onun yaşadığı evdən axtarış zamanı qanunvericiliklə qadağan edilmiş dini ədəbiyyat, CD disklər, Fethullah Gülen-in çıxışları , “Hizmet imam”ları adlandırılan şəxslər və onların qarşılıqlı əlaqələrinə dair sənədlər götürülüb.
Fuad Əhmədlinin yaxınları isə evdən Fethullah Gülen-ə aid kitab və sənədlərin götürülməsi barədə deyilənlərin yalan olduğunu bildirir.