Vəkil: Fəala verilən həbs qanunsuzdur

Vəkil həbs olunan AXCP fəallarından danışıb

Source:
Əsabəli Mustafayev
Əsabəli Mustafayev


Vəkil həbs olunan AXCP fəallarından danışıb

Vəkil Əsabəli Mustafayev avqustun 26-da hüquqlarını müdafiə etdiyi Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı İsmayıl Rəsulovla saxlandığı Daxili İşlər Nazirliyinin Binəqədi rayonunda yerləşən İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsində görüşüb.

Bu barədə vəkil öz facebook səhifəsində yazıb.

Ə.Mustafayev İsmayıl Rəsulova verilən ittihamla razı deyil.

İ.Rəsulova dünən Qaradağ rayon Məhkəməsinin qərarı ilə 30 sutkalıq inzibati qaydada həbs cəzası alıb.

Vəkil yazır: “İsmayıl bəy 2-ci qrup müharibə əlilidir. Şəkər xəstəsi olduğundan rejimlə qidalanmalı və vaxtlı- vaxtında insulin iynəsini vurdurmalıdır. Əlbəttə, belə şəxsi inzibati həbsdə saxlamaq düzgün deyildir. Ən əsası isə qanun özü Rəsulova inzibati həbsin tətbiqini qadağan edir. Belə ki, Azərbaycan İnzibati Xətalar Məcəlləsinin 30.2. maddəsində inzibati həbs tədbirinin tətbiq oluna bilməyəcək şəxslərin siyahısı verilib. Belə şəxslərdən biri də 2-ci qrup əlillərdir. Rəsulovun təqsirləndirildiyi İnzibati Xətalar Məcəlləsinin 535.1. (polisə müqavimət) maddəsinin sanksiyasında 200 manat cərimə və yaxud bir ayadək inzibati həbs cəzası nəzərdə tutulub. Məhkəmə qanunun tələblərinə əhəmiyyət vermədən 2-ci qrup müharibə əlilinə sanksiyanın ən yüksək həddini tətbiq edib. Belə bir hadisə keçmişdə digər müharibə əlili- Babək Həsənovla da baş vermişdi. Həmin işin kommunikasiyası zamanı hökümət and-aman edirdi ki, Babəkin əlil olmasından məhkəmə xəbərsiz olub”.

Mustafayev bu işi Avropa İnsan Hüquqları Konvensiyasının 7-ci maddəsi (qanunsuz cəzalandırmamaq) pozuntusu kimi qiymətləndirir. Bununla da vəkil Qaradağ rayon Məhkəməsinin qərarında apellyasiya şikayəti verəcəyini xatırladıb.

Eyni zamanda Vəkil Mustafayev AXCP üzvü Fuad Əhmədli ilə görüşə bilmədiyini vurğulayıb.

“Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsinə səfər etdim. İdarədən Fuad Əhmədli ilə görüşməyə icazə məktubunu götürərək Dövlət Təhlükəsizliyi Xidmətinə getdim və məktubu təqdim etdim. Məlum oldu ki, sənədləşdirmə çox vaxt aparacaq və mən yalnız bazar ertəsi onunla görüşə biləcəyəm. Fuad tərəfdən əsas narahatçılıq tutulduqdan sonra ailəsi ilə əlaqə saxlaya bilməməsi, indiyə qədər tutulduğu paltardan istifadə etməsi, zəruri şəxsi əşyalar ilə təmin olunmamasından yaranıb”, o qeyd edib.

Fuad Əhmədli barəsində “Fətullah Gülən”lə bağlı qaldırılmış cinayət işi üzrə məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Ana səhifəXəbərlərVəkil: Fəala verilən həbs qanunsuzdur