“Təcridxana rəhbərliyinə müraciət edtmişik, ancaq, hələlik, cavab verməyiblər”
«Faiq Əmirlinin səhhətində ciddi problem var».
Bunu AzadlıqRadiosuna «Azadlıq» qəzetinin həbsdə olan keçmiş maliyyə direktoru, AXCP sədrinin köməkçisi F.Əmirlinin vəkili Aqil Layıcov bildirib.
Vəkilin bildirməsinə görə, F.Əmirlinin mədəsində ciddi problem yaranıb. O, 20 kiloqrama kimi çəki itirib. Vəkil deyir ki, bununla bağlı təcridxana rəhbərliyinə də müraciət edib. Ancaq, hələlik, müraciətə cavab almayıblar.
F. Əmirli avqustun 20-da saxlanıb. Avqustun 22-də Nəsimi Rayon Məhkəməsi onun haqqında 3 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar verib.
F.Əmirli CM-nin 168.1-ci (Dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) və 283.2.2-ci (Milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham edilir. İstintaq orqanları onu hazırda ABŞ-da yaşayan Fethullah Gülen tərəfdarlarının «Hizmet» hərəkatının imamı kimi təqdim edir.
AXCP isə F.Əmirlinin həbsini siyasi sifariş sayır. Partiyanın verdiyi bəyanatda bildirilirdi ki, hakimiyyət bununla özünün iyulun 15-də Türkiyədə baş verən çevriliş cəhdini himayə etməkdə günahlandırılan Fəthullah Gülənlə əlaqələrini gizlətməyə və rəqiblərini sıradan çıxarmağa çalışır.