“Əgər Rasimlə söhbətə gedirdilərsə 1-2 nəfər də kifayət idi, 5 nəfər artıq konkret məqsəd – Rasimi cəzalandırmaq üçün gedirdi”
Vəkil Əshabəli Mustafayev bu il avqustun 9-da dünyasını dəyişmiş jurnalist Rasim Əliyevin işilə bağlı müstəntiqlə bu günlərdə görüşüb. Bu haqda “Turan İA-a vəkil Ə.Mustafayev bildirib.
O qeyd edib ki, müstəntiqə iki vəsatət təqdim edib. Vəsatətlərin biri cinayət materialları ilə tanışlıq olib. Vəkil onu da bildirib ki, daha çox cinayətin mahiyyəinə aid sənədlərlə tanışlığı nəzərdə tutur. Bütün materiallarla olmasa da zərərçəkən tərəfin bəzi sənədlərlə istintaq başa çatmazdan öncə tanış olmaq hüququ var.
Daha bir vəsatət R.Əliyevə hücum edən şəxslərin mərhuma məxsus mobil telefon və pulqabını götürməsilə bağlıdır.
Ə.Mustafayev bildirib ki, bu epizodda soyğunçuluq və quldurluq elementləri var və buna görə ayrıca cinayət işi qaldırılmalıdır.
Vəkil R.Əliyevi döyən şəxslərə qarşı hazırda cinayət işinin 126-cı (ölümə səbəbə olan xəsarətlərin yetirilməsi) maddəsilə istintaq getdiyini deyib. O, “Qəbələ” futbol klubunun oyunçusu Cavid Hüseynova cinayəti bilib xəbər verməməklə bağlı ittiham irəli sürülməsində maddənin düzgün tövsif olunmadığını deyib. Onun fikrincə, C.Hüseynov 120-ci maddə ilə təhrikçi, təşkilatçı kimi ittiham olunmalıdır. “O beş nəfəri ora C.Hüseynov göndərib, bu adamların hara və nə üçün getdiyini də yaxşı bilirdi. Əgər Rasimlə söhbətə gedirdilərsə 1-2 nəfər də kifayət idi, 5 nəfər artıq konkret məqsəd – Rasimi cəzalandırmaq üçün gedirdi”, – vəkil bildirib.
Vəkil Ə.Mustafayev müstəntiqin istintaqın obyektiv aparılacağını və günahkar olanların layiqli cəzalarını alacağını söylədiyini nəzərə çatdırıb.
Jurnalsit Rasim Əliyev 2015-ci il avqustun 8-də bir qrup şəxs tərəfindən döyülüb, daha sonra xəstəxanaya yerləşdirilib, avqustun 9-u səhərə yaxın xəstəxanada vəfat edib. Ölümündən öncə R.Əliyev “Qəbələ” klubunun futbolçusu Cavid Hüseynovla arasında sosial şəbəkədə söz “atışması” olması, daha sonra haqqında danışılan 5-6 nəfər tərəfindən fiziki zorakılığa məruz qalması haqda açıqlama verib.