Keçmiş səfir istintaqa ifadə verməkdən intina edib, həbsini qərəzli sayır
Avqustun 20-də Bakı Apelyasiya Məhkəməsində Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı keçmiş səfiri Eldar Həsənovun haqqındakı həbs qərarından verilən şikayətə baxılıb. Hakim Elmar Rəhimov şikayəti təmin etməyib. E.Həsənov haqqında həbs-qətimkan tədbiri seçilməsinə dair Səbail Rayon Məhkəməsinin 13 avqustda verdiyi qərar qüvvədə saxlanıb. Bu barədə E.Həsənovun vəkili A.İsmayılov məlumat verib.
Vəkil deyir ki, növbəti hüquqi addım E.Həsənovun ev dustaqlığına buraxılması üçün vəsatət vermək olacaq. Müdafiəçinin sözlərinə görə, keçmiş səfirin səhhətində də problemlər var: “Səhhətində problemlər var. Amma həkim olmadığım üçün, həm də onun xahişilə bu barədə ətraflı heç nə deyə bilmərəm. Yaxın günlərdə ev dustaqlığı barədə məhkəməyə müraciət etməyi düşünürük”.
A.İsmayılov vurğulayıb ki, E.Həsənov özünü təqsirli bilmir, istintaqda ifadə verməkdən də imtina edib:
“Eldar Həsənov vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə və büdcə vəsaitlərini təyinatı üzrə istifadə etməməkdə ittiham olunur. O, ittihamları qəbul etmir, həbsini qərəzli, əsassız hesab edir və saxlanıldıqdan bu günə kimi ifadə verməkdən imtina edib. Heç bir ifadə verməyib. Eldar Həsənov həbsini anlaşılmazlıq hesab edir. Məsələnin ölkə daxilində, hüquqi müstəvidə öz həllini tapacağına ümidini itirməyib”.
Vəkilin sözlərinə görə, sabiq səfir avqustun 13-də yeni Xarici işlər naziri Ceyhun Bayramovla görüşə gedəndə tutulub:
“Eldar Həsənov avqustun 13-də səhər saat 9 radələrində evindən çıxıb Xarici İşlər Nazirliyinə yeni nazirlə əvvəlcədən razılaşdırılmış görüşə gedəndə DTX əməkdaşları tərəfindən saxlanılıb və ora gətirilib. Bundan sonra onun arzusu ilə məni dəvət ediblər. Müdafiəçi kimi işdə iştirak etməyə buraxılmışam. Eldar Həsənovla 30 ildən artıq müddətdir ki, şəxsi tanışlığımız var”.
A.İsmayılov əlavə edib ki, E.Həsənovun həbsindən sonra mediada onun haqqında heç bir əsası olmayan məlumatlar yayılır: “Ucuz sensasiya xatirinə əsassız məlumatlardır…”
E.Həsənov avqustun 13-də saxlanılıb. Bir gün sonra Səbail Rayon Məhkəməsinin qərarıyla onun haqqında noyabrın 3-nə qədər həbs-qətimkan tədbiri seçilib.
E.Həsənov iyulun əvvəlində həbs olunan və istintaqı DTX-da aparılan Xarici İşlər Nazirliyinin vəzifəli şəxsləri haqqında cinayət işi üzrə məsuliyyətə cəlb olunub. Ona qarşı CM-in 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ağır nəticələrə səbəb olduqda) və 308-1.1 (büdcə vəsaitlərini təyinatı üzrə istifadə etməmə) maddələrilə ittiham irəli sürülüb.
“Maliyyə yoxlamaları zamanı Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı səfiri Həsənov Eldar Hümbət oğlu tərəfindən büdcə vəsaitinin təyinatı üzrə istifadə edilməməsi və digər qanun pozuntularının törədilməsinə dair əsaslı şübhələr müəyyən edilib”, – DTX-nın E.Həsənovun saxlanması barədə açıqlamasında bildirilir.
E.Həsənov 2013- cü ildə Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı səfiri təyin edilib. Bundan əvvəl isə o, 12 il Azərbaycanın Ruminiyada səfiri olub. Diplomatik fəaliyyətdən öncə isə 1995-ci il martin 22-dən 2000-ci il aprelin 21-nə qədər Baş prokuror vəzifəsində çalışıb.
E.Həsənovun həbsindən sonra onun səfir vəzifəsindən azad edilməsi haqda Prezident sərəncam imzalayıb.
E.Həsənovun ittiham olunduğu Cinayət Məcəlləsinin 308.2 maddəsində 3 ildən 7 ilə qədər azadlıqdan məhrum etmə, 308-1.1 maddəsində isə 9000 manatdan 13000 manata qədər cərimə və ya 3 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.