“Mənim həbsimin səbəbi 5 sentyabr 2022-ci il tarixli vəsatətim idi
Oktyabrın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Baku Steel Company” MMC-nin (poladəritmə zavodu) həbsdə olan rəhbəri Rasim Məmmədovun vəkili Elçin Sadıqovun onun müdafiəsindən uzaqlaşdırılması haqda qərar çıxarılıb. Rasim Məmmədovun işinə baxan Leyla Əsgərova-Məmmədovanın sədrlik etdiyi, Rasim Sadıqov və Novruz Kərimovdan ibarət hakimlər kollegiyası bunu Elçin Sadıqov haqqındakı cinayət işi ilə əlaqələndirib.
Hakim bildirib ki, Rasim Məmmədov vəkilin ittiham olunduğu cinayət işi üzrə istintaqda prosessual statusda iştirak edir, Hələ sentyabr ayında Bakı Ağır Cinayətlər Məhkəməsinə Rasim Məmmədovun həmin cinayət işi üzrə dindirilməsinə icazə verilməsi üçün Baş Prokurorluqdan məktub daxil olub. Məhkəmə də cavab verib ki, həftənin bazar ertəsi və cümə axşamı günləri Rasim Məmmədovun işi üzrə məhkəmə iclaslarının keçirildiyini nəzərə alıb, digər günlərdə onunla bağlı istintaq hərəkətlərinin aparılmasına etiraz olunmur.
“Digər tərəfdən də Elçin Sadıqovun ev dustaqlığına buraxılması barədə Bakı Apelyasiya Məhkəməsinin 17 sentyabr 2022-ci il tarixli qərarı var. Orada bir sıra məhdudlaşdırıcı hallar nəzərdə tutulub. Onlardan biri də budur ki, Elçin Sadıqova özü barəsində cinayət mühakimə icraatında iştirak edən şəxslərlə ünsiyyətdə olmaq qadağan edilir. Rasim Məmmədov da həmin iş üzrə prosessual şəxsdir və onunla ünsiyyətdə ola bilməz”, – hakim qərarı əsaslandırarkən bildirib.
Elçin Sadıqov bu qərarı qanunsuz və əsassız hesab edir. Onun sözlərinə görə, həbs olunması məsələsində olduğu kimi, bu qərar da sifarişlə verilib.
Elçin Sadıqov vurğulayıb ki, Rasim Məmmədov onun təqsirləndirildiyi cinayət işi üzrə şahiddir. Şahid isə cinayət prosesinin iştirakçısı sayılmır.
“Mənim həbsimin səbəbi 5 sentyabr 2022-ci il tarixli vəsatətim idi. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsi həmin işdə açıq saxladığı vəsatəti bir daha qaldırmağımdan narahat olaraq, məni Rasim Məmmədovun müdafiəsindən kənarlaşdırdı. Bəhanə gətirdi ki, mənimlə bağlı ev dustaqlığı qərarında cinayət prosesi iştirakçıları ilə əlaqə saxlamamaq tələbi var. Rasim Məmmədov mənim barəmdə saxta və siyasi sifarişlə qaldırılmış cinayət işi üzrə Cinayət Prosessual Məcəllənin 7.0.18 maddəsinin əhatəsinə düşmür. Çünki şahiddir və şahid də cinayət prosesi iştirakçısı deyil. Ona görə də kənarlaşdırılma qərarı qanunsuz, əsassız olmaqla yanaşı, siyasi sifarişlidir. Mənim vəkillik fəaliyyətimin qarşısını almaq üçün edilib”, – Elçin Sadıqov bildirib.
Sentyabrın 5-də Rasim Məmmədovun işi üzrə məhkəmənin hazırlıq iclasında Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev və Prezidentin şəxsi Mühafizə Xidmətinin rəisi Bəylər Əyyubovun məhkəməyə şahid qismində şağırılıb dindirilməsi haqda vəsatət qaldırılmışdı.
Həmin məhkəmə iclasında Rasim Məmmədov bildirmişdi ki, 2011-ci ildə “Baku Steel Company” ilə bağlı üçlükdə – Ramiz Mehdiyev, Bəylər Əyyubov və o, bir masa arxasında müzakirələr aparıb, müəyyən məsələləri razılaşdırıblar.