”Heç bir hüquqi ölçüyə sığmayan bu kampaniyaya son verilməsi üçün ən doğru yol əlaqəli dövlət qurumlarının müdaxiləsi olardı”
Vəkil Elçin Sadıqov prezidnet ilham Əliyevə müraciət edib. Vəkilin Facebook səhifəsində paylaşılan müraciətində bildirilir ki, son zamanlar özünə, habelə yaxınlarına və əzizlərinə qarşı məhz vəkillik fəaliyyətilə bağlı əsassız, iftiralarla dolu, böhtan məzmunlu kampaniya aparılılır: “Heç zaman əlaqədə olmadığım, tanımadığım, yaxınlarımın da tanımadığı bir qrup şəxs 2015-ci ilin yazından etibarən Vəkillər Kollegiyasına barəmdə şikayətlər yazmaqla bu kampaniyaya start veriblər. Kollegiyaya şikayətlərdə bir qayda olaraq mənim siyasi məzmunlu məhkəmə işlərində də müdafiəçi qismində çıxış etməyim vurğulanıb, bu amili mənim əleyhimə yönləndirməyə çalışıblar. Sırf vəkillik fəaliyyətimə görə barəmdə əsassız intizam icraatı başlanıb. Halbuki, mən vəkiləm, mənim üçün müdafiə etdiyim vətəndaşların şəxsiyyəti, mövqeyi, ideya və baxışları heç vaxt ön planda olmayıb, mənim üçün ən önəmlisi təbii ki, hər zaman pozulan hüquqların bərpası olub”.
“Son günlər mənə qarşı aparılan kampaniya daha da intensivləşməyə başlayıb. Mənə, əzizlərimə iftira, böhtan atan, yalan, ləkələyici informasiyalar yayan şəxslər telekanallara da çıxış əldə ediblər. Azərbaycanın milli telequruluşlarından olan ANS telekanalının efirindən mənə və yaxınlarıma qarşı heç bir hüquqi əsası olmayan, zamanında hüquq mühafizə qurumlarının araşdırmaları ilə təkzib edilən bilgilər həqiqət kimi cəmiyyətə ötürülüb. Yaxınımın adı övladını itirdiyi güman edilən valideynlərin hisslərindən məkrli məqsədlərlə, sui-istifadə edilməklə əsassız olaraq cinayət olayı ilə hallandırılıb. Halbuki, sözügedən əsassız iddialar zamanında hüquq mühafizə qurumları tərəfindən araşdırılıb və öz təsdiqini tapmayıb. Hazırda belə əsassız məlumatlar mənim peşə fəaliyyətimə görə yenidən gündəmə gətirilib və mənim gözdən salınmağım, əsassız təqib olunmağım üçün istifadə olunmaqdadır”,-deyə vəkilin müraciətində bildirilir.
Elçin Sadqıov ona qarşı kampaniyanın son zamanlarda həm telekanallara, həm də nüfuzlu media quruluşlarına keçməsinin arxasında yuxarı səviyyəli şəxslərin dayanması ilə bağlayır: “Bu səbəbdən düşünürəm ki, heç bir hüquqi ölçüyə sığmayan bu kampaniyaya son verilməsi üçün ən doğru yol əlaqəli dövlət qurumlarının müdaxiləsi olardı. Sizə müraciətimin əsas səbəbi də budur. Müstəqil vəkillik demokratik cəmiyyətlərin özəyini təşkil edir. Konstitusion vəkillik fəaliyyətinə görə, insanları təqib etmək, onlara təzyiq göstərmək, nüfuzdan salmaq, ləkələmək yolverilməzdir. Sizdən mənə qarşı aparılan təyziq kampaniyasının ədalətli araşdırılması, ona son qoyulması üçün gərəkli addımların atılmasını təmin etmənizi xahiş edirəm”.