Fariz Namazlı hesab edir ki, bu cür aparılması saxlanılmadır
Bir çox ictimai-siyasi fəalların hüquqlarını müdafiə edən vəkil Fariz Namazlı Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən saxlanması və bu qurumda 3 saat yarım dindirilməsi ilə əlaqədar məhkəməyə şikayət edib. Vəkilin şikayətinə sentyabrın 24-də Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyilə baxılacaq.
Fariz Namazlı avqustun 31-də axşam saat 21.00 radələrində Bakıda kafelərdən birində dostları ilə birlikdə olarkən DTX əməkdaşları tərəfindən saxlanılıb, onun telefonu götürülüb. O, DTX-nın binasına aparılıb, 3 saat yarım orada saxlanılıb. Sentyabrın 1-nə keçən gecə saat 00.30 radələrində sərbəst buraxılıb.
Ertəsi gün “Facebook” hesabından paylaşım edərək baş verənlərə aydınlıq gətirən Fariz Namazlı bildirib ki, DTX-da şahid qismində ifadə verib. Lakin o, konkret hansı cinayət işi üzrə dindirildiyini açıqlamayıb. Vəkil iş vaxtı başa çatandan sonra, heç bir əsas göstərilmədən DTX-ya aparıldığını və bunun bu cür davranışın faktiki tutulmağa bərabər olduğunu vurğulayıb.
Fariz Namazlı məhkəməyə də məhz özünə qarşı bu davranışın qanunsuz sayılması tələbi ilə şikayət edib. Vəkil bildirir ki, onun axşam saat 21.00-da – işdən sonra kafedə saxlanması, telefonunun əlindən alınması, gecə yarıya qədər DTX-da qalması qanunsuzdur. Onun sözlərinə görə, əgər şahid qismində dindirilməli idisə, əvvəldən ona ya telefon vasitəsilə, ya çağırış vərəqəsi ilə bu barədə məlumat verilməli idi:
“Mənim kafedə olduğumu necə biliblər? Deməli, məni izləyiblər. Hansı əsasla mənim şəxsi həyatıma müdaxilə olunub? Məni əvvəldən çağırardılar, mən də gedib ifadə verərdim. Məni şahid qismində dindirdilər. Amma mənə qarşı baş verənlər faktiki tutulmağa bərabərdir”.
DTX vəkilin saxlanması və dindirilməsi barədə məlumatlara münasibət bildirməyib.