Jurnalist Rasim Əliyevin ölümü ilə bağlı həbs olunan futbolçunun appellyasiya şikayətinə baxılıb
Avqustun 12-də Bakı Apellyasiya Məhkəməsində jurnalist Rasim Əliyevin ölümü ilə bağlı həbs edilən “Qəbələ” klubunun futbolçusu Cavid Hüseynovun apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.
Meydan Tv-nin məlumatına görə, hakim Həsən Əhmədovun sədrlik etdiyi prosesdə C. Hüseynovun vəkili Adəm Məmmədov müvəkkili barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
O, məhkəmədən C. Hüseynovun şəhid övladı olmasını nəzərə almağı xahiş edib. : “Cavid Hüseynova qarşı irəli sürülmüş ittiham absurddur. İstər ibtidai istintaq, istərsə də birinci instansiya məhkəməsində ona qarşı haqsızlıq olundu. Azərbaycanın məhkəmə, istintaq tarixində belə gülünc ittiham olmayıb. Cavid hadisəni eşidəndə artıq bütün ölkə hadisədən xəbərdar idi. Cavid Hüseynov yenidən “102”yə zəng etməli idi?”.
Məhkəmə iclasında çıxış edən C.Hüseynov günahsız olduğunu deyib: “Bütün Azərbaycan xalqı bilir ki, mənim heç bir günahım yoxdur”.
Məhkəmə iclası avqustun 19-da davam edəcək.
Jurnalist Rasim Əliyev 2015-ci il avqustun 8-də Bayıl qəsəbəsində bir qrup şəxs tərəfindən döyüldükdən sonra çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib və avqustun 9-da vəfat edib.
Faktla bağlı Cinayət Məcəlləsinin 126.3 (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 177.1-ci (oğurluq) maddələri ilə Bakı şəhər prokurorluğunda istintaqı aparılmış cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
C.Hüseynovun Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanması və törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilməsinə dair hissə işin materiallarından ayrılaraq icraata götürülüb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilən şəxslər – Kənan Mədətov və Samir Mustafayevin hər biri 9 il, Camal Məmmədov 11 il , Arif Əliyev 12 il 6 ay, Elşən İsmayılov 13 il müddətinə azadlıqdan məhrum ediliblər.
C.Hüseynov isə 4 il müddətinə azadlıqdan məhrum olunub.