Vəkil Zakir Qaralova, Fikrət Məmmədova və Elmira Süleymanovaya müraciət etdi
Vəkil Cavad Cavadov ReAL sədri İlqar Məmmədovun döyülməsi ilə bağlı baş prokuror Zakir Qaralova, ədliyyə naziri Fikrət Məmmədova və ombudsman Elmira Süleymanovaya müraciət edib.
Meydan TV-yə daxil olan müraciətdə bildirilir ki, Ədliyyə Nazirliyinin 2 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən İlqar Məmmədov oktyabrın 16-da Cəzaçəkmə Müəssisəsinin rəhbərliyi tərəfindən döyülüb. Vəkil bu məlumatı ictimaiyyətə çatdırmaqla yanaşı, qeyd edib ki, hüquq-mühafizə orqanlarına-qanuni tədbirlərin görülməsi, onun təhlükəsizliyinin təmin olunması üçün şikayət ünvanlayıb.
“İlqar Məmmədovun deməsinə görə, o, aşağıdakı şəraitdə döyülmüşdür: 16.10.2015-ci il tarixdə təqribən saat 15:30 radələrində (onunla görüşə gələn digər vəkili Fuad Ağayev gedəndən bir müddət sonra) onu Cəzaçəkmə Müəssisəsinin müdriyyətinin oturduğu inzibati binaya çağırıblar. Burada Şakir adında rəis müavini yanına apartıdırb. Orada qəflətən rəis müavini və orda olan müəssisənin Çingiz adında əməkdaşı ona bir neçə zərbə sinəsindən və başından vurduqdan sonra, itələyə-itələyə rəis Eyvaz Əsgərovun xidməti otağına aparıb. Burada hər üçü onu vurmağa başlamış, yerə yıxıb təpiklə zərbələr vurmuşlar. Döyülmənin səbəbini həmin cəzaçəkmə müəssisəsində cəza çəkən Rinat Yusifovun adının internet media resurslarına onun tərəfindən guya ötürülməsi bildirilib. Eyni zamanda, rəis tərəfindən İlqar Məmmədova növbəti dəfə onun buradan sağ-salamat çıxmayacağı bildirilib”,-deyə vəkilin müraciətində qeyd olunub.
Vəkil İlqar Məmmədovun bədənində xəsarətlərin qaldığını bildirib və əlaqədar orqanlardan xahiş edib: “Onun boynunun arxasında göyərti olduğunu müşahidə etdim, eyni zamanda, İlqar Məmmədov bildirdi ki, zərbələr ən çox başından əllə və ayaqla vurulduğundan zahirən görünən deyil, lakin bunun nəticəsi olaraq başında şişlər var. Yaranmış baş ağrıları hələ də qalır. Həmçinin, İlqar Məmmədov bir aydan çoxdur telefonla zəng etmək hüququndan məhrum edilib və müraciətlər nəticəsiz qalıb. Sadaladıqlarımın nəzərə alaraq İlqar Məmmədov təhlükəsizliyinin təmin olunmasına göstəriş verəsiniz”.