Vəkil: Cahangir Hacıyevə adi yeməyi, dərmanları belə çatdırmayıblar

Bu məsələ dəfələrlə məhkəmədə də qaldırılıb, lakin həllini tapmayıb.

Source: Report


Məhkəmə vəkillərin çıxışı ilə davam etdirilib

Beynəlxalq Bankın 2015-ci ilin dekabrından həbsdə olan keçmiş rəhbəri Cahangir Hacıyevə yaxın vaxtlarda yenidən hökm oxunacaq. Bundan əvvəl 15 il azadlıqdan məhrum edilmiş C.Hacıyevə prokuror bu dəfə 17 il həbs cəzası kəsilməsini istəyib.

Avqustun 26-da Bakı Ağır Cinayətlər Məhkəməsində C.Hacıyevin vəkili Aqil Layıc çıxış edib. O bildirib ki, prokuror C.Hacıyev və onunla birlikdə mühakimə olunanlara cəza istəməkdən əlavə, həm də onların üzərinə 4 milyarddan çox ziyanı ödəmək öhdəliyinin qoyulmasını istəyib. Vəkilin sözlərinə görə, həmin ziyan bankdan götürülmüş, qaytarılmayan kreditlərin qapadılması kimi təqdim olunur:

“Bankdan götürülən kreditlər Azərbaycanda və xarici ölkələrdə müxtəlif layihələrin icrasına yönəldilib. O vəsaitlər hesabına müxtəlif müəssisələr yaradılıb. Beynəlxalq Bankla bağlı araşdırmalardan sonra o müəssisələr “Aqrarkredit” QSC-nin (Beynəlxalq Bankın problemli kreditlərilə bu qurum məşğul olur, 2015-ci ilin yayında prezidentin sərəncamıyla yaradılıb) balansına keçib. Müəssisələr bu gün də fəaliyyət göstərir, gəlir gətirir. Bir halda ki, bankdan götürülən kreditlər o müəssisələrə sərf olunub, müəssisələr də indi öz əllərindədir, qazanc da gətirir, niyə krediti ödəmək öhdəliyi Cahangir Hacıyev və digərlərinin üzərinə qoyulmalıdır? Pulu istəyirsinizsə, onda müəssisələri qaytarın, müəssisələri almısınızsa, pulu da özünüz ödəyin”.

İstintaq və məhkəmə dövründə C.Hacıyevin bir çox hüququnun pozulduğunu, obyektiv araşdırma aparılmadığını vurğulayan vəkilin sözlərinə görə, qaldırdıqları vəsatətlərin heç biri təmin olunmayıb. Hətta texniki məsələlərlə bağlı vəsatətlər də.

“Cahangir Hacıyevin hüquqları dəfələrlə pozulub. Ona ailə üzvləri ilə görüşməyə imkan verilmir. Bu məsələ dəfələrlə məhkəmədə də qaldırılıb, lakin həllini tapmayıb. Hətta elə vaxt olub ki, yaxınlarının ona gətirdiyi yeməyi, dərmanları belə, qəbul edib ona çatdırmayıblar.”, – deyə vəkil bildirib.

Digər təqsirləndirilən şəxslər Svetlana Əsədullayeva, Sərxan Rəsulovun vəkilləri də çıxış edib.

S.Əsədullayeva C.Hacıyevin dostu, keçmiş deputat Dünyamin Xəlilovun “Global Construction” şirkətində yeməkxanada işləyib. D.Xəlilov özü də 2016-cı ilin fevralından həbsdədir və Beynəlxalq Bankdan 50 milyona yaxın kreditin götürülüb qaytarılmamasına görə 12 il 9 ay azadlıqdan məhrum edilib. İndi C.Hacıyev və digərlərilə birlikdə mühakimə olunan keçmiş deputata bu dəfə prokuror 15 il 9 ay cəza istəyib.

S.Əsədullayeva “Deltaline” şirkətinin direktoru olub. Lakin o, məhkəmədə bildirib ki, adı direktor kimi gedib, sənədlərə imza atıb, amma özünün o şitkətidən də, fəaliyyətindən də xəbəri olmayıb. Çünki işi çay paylamaq olub. “Deltaline” şirkətinin adına Beynəlxalq Bankdan 5 milyon 308 min manat kredit götürülüb: “Mən ancaq sənədləri imzalamışam, başqa heç nədən xəbərim yoxdur”.

Vəkili də çıxışında bildirib ki, müdiri Dünyamin Xəlilov ona yeni yaradılan şirkətin direktoru olmağı təklif edib, o da müdirin sözünə əməl edib: “Bu qadın təkbaşına iki uşaq böyüdüb. İşini itirməmək üçün razılaşıb. Götürülən kredit ona çatmayıb. Çünki onun direktorluğu formal olub”.

Təqsirləndirilən Sərxan Rəsulovun vəkili Zaur Abbasovun çıxışı da oxşar məzmunda olub. Bildirib ki, müvəkkilinin adına götürülən kreditlər ona çatmayıb: "Həmin vəsaitlər "Globus Plaza"da şirkətin ofisində kassaya köçürülüb. O pulu Sərxan Rəsulov mənimsəmədiyinə görə ona qarşı bu ittiham da əsassızdır”.

Məhkəmə prosesi avqustun 29-na qədər təxirə salınıb. C.Hacıyev və digər təqsirləndirilən şəxslər son sözlərini deyəcəklər.

C.Hacıyev 2015-ci ilin dekabrından, onunla birlikdə mühakimə olunan bacanağı İsmayıl Hidayətzadə və Dünyamin Xəlilov isə 2016-cı ildən həbsdədir və bu, onların da haqqında ikinci cinayət işidir. C.Hacıyevin bacanağına əvvəlki hökmlə 5 il həbs cəzası verilmişdi. Bu dəfə isə prokuror ona 6 il həbs cəzası istəyib.

Bu işdə təqsirləndirilən şəxslər Beynəlxalq Bankın vəsaitlərinin mənimsənilməsində, götürülən kreditlərin qaytarılmamasında ittiham olunurlar.

Lakin onlar özlərini təqsirli bilmirlər.

Prokurorun şərti cəza istədiyi təqsirləndirilən şəxslər bunlardır – Camal Həsənov, Sərxan Rəsulov, Natiq İmanov, Samir Hacıyev, Təbriz Əbdülhəmidov, Mahir Qafarov, Sadıx Murtuzayev, Tərlan Məhərrəmov, Fəxrəddin Heybətov, Ramin Əhmədov, Fariz Muradov, Səlahəddin Qədirov, Erxan Cavad, Arif Ramazanov, Navai Şirinov, Svetlana Əsədullayeva, Arif Mədətov, Adil Mikayılov, Ramis Kərimov. Adları çəkilən şəxslərin hamısı istintaq və məhkəmə dövründə də azadlıqda olub.

Ana səhifəXəbərlərVəkil: Cahangir Hacıyevə adi yeməyi, dərmanları belə çatdırmayıblar