Vəkil Bəhruz Bayramov: Övladım özünə qəsd həddinə çatdırılıb

Vəkil Zakir Qaralovla Ramil Usubova müraciət edib

Foto: Bəhruz Bayramovun şəxsi arxivindən
Bəhruz Bayramov
Bəhruz Bayramov
Bəhruz Bayramov
Bəhruz Bayramov


Vəkil Zakir Qaralovla Ramil Usubova müraciət edib

“Görünür, vəkilliyim bəzi adamları çox qıcıqlandırıb. Övladlarımdan biri təhsil aldığı müəssisəyə getməkdən imtina edir, özünə qəsd edəcəyini bildirir. Təsəvvür edirsinizmi, heç nədən nələr yarada bilərmislər…”, – vəkil Bəhruz Bayramov Daxili İşlər Nazirliyinin yaydığı, telekanalların, xəbər saytlarının da nümayiş etdirdiyi foto və videogörüntülərə münasibət bildirib.

Nazirliyin “Facebook” sosial şəbəkəsindəki səhifəsində yerləşdirdiyi görüntülərdə Bəhruz Bayramovun 90-LN-132 dövlət-nömrə nişanlı, “Toyota Prado” markalı avtomobili, vəkilin Alkoqol Sərxoşluğunu Təyinetmə Məntəqəsində müayinədən keçməsi, onda sərxoşluq dərəcəsinin müəyyənləşdirilməsi və s. kadrlar yer alıb.

Məlumatda da bildirilir ki, Bəhruz Bayramov qayda pozuntusuna yol verdiyi üçün polislər tərəfindən saxlanılıb, müayinə zamanı sürücünün avtomobili sərxoş vəziyyətdə idarə etdiyi məlum olub. Onun haqqında protokol tərtib edilib, avtomobili də müvəqqəti duracağa yerləşdirilib.

Bəhruz Bayramov Meydan TV-yə bildirib ki, haqqında inzibati xəta barədə məhkəmə qərarı yoxdur, lakin onun görüntüləri ictimaiyyətə nümayiş etdirilib, haqqında mənfi rəy formalaşdırılıb, nüfuzuna zərbə vurulub: “Ən əsası budur ki, mənim sərxoş vəziyyətdə avtomobil idarə edərkən yolda saxlanmağım barədə yayılan məlumatlar yalandır. Təəssüf edirəm ki, kimlərinsə nəzarətində olan media orqanları mənim fikirlərimi soruşmadan, gerçəyi bilmədən haqqımdakı böhtanı tələm-tələsik yayıblar. Mən doğmalarımdan birinin ad günü məclisində həqiqətən spirtli içki qəbul etmişdim. Bunu kim eləmir ki?! Evə qayıdarkən “ *3000 – Ayıq sürücü” xidmətindən sürücü sifariş etdim. O sürücü də məni evimin yaxınlığına qədər apardı. Pulunu da elə maşın hərəkətə başlayan kimi verdim. Evin yaxınlığında mağazanın qarşısında saxlamasını istədim, çünki evə ərzaq almalıydıq. Mağazadan geri qayıdanda sürücünü tapmadıq. Maşına əyləşib avtomobili evin qarşısında park eləmək istəyirdim ki, yol polisləri başımın üstünü kəsdirdi”.

B.Bayramov bildirir ki, özü ilə kifayətlənməyib, hadisə vaxtı maşında olan ailə üzvlərinə də təzyiq göstəriblər, onların videosunu çəkərək, telekanallara göndəriləcəyini deyiblər: “Bəlkə də öncədən təşkil olunmuş belə bir hərəkəti heç ağlıma gətirə bilməzdim. Deməli, yanılmışam. İstəyəndə hər şey edə bilərlər”.

Vəkil bildirir ki, ailə üzvlərinin gözü qarşısında alçaldıcı davranışa məruz qalıb. Artıq baş verənlərlə əlaqədar Baş prokuror Zakir Qaralov və daxili işlər naziri Ramil Usubova müraciət etdiyini deyən B.Bayramov məktublarda yol polisləri və digər şəxslərin də qanunsuz hərəkətləri barədə ətraflı yazdığını vurğulayır: “Protokollaşdırmaq kifayət deyil, mütləq məhkəmə qərarı olmalıdır. Məhkəmədə mən əlimdəki sübutları ortaya qoyacağam. Həmçinin hadisə yerindəki kamera görüntülərinə baxış keçirilməsini tələb edəcəyəm”.

“ *3000 – Ayıq sürücü” xidməti də oktyabrın 20-də axşam saatlarında onların əməkdaşı olan sürücünün xidmətindən istifadə etdiyini təsdiqləyib. Xidmətdən “gununsesi.info”-ya bildirilib ki, həmin gün Bəhruz Bayramov ayıq sürücü sifariş edib və həmin sifariş də yerinə yetirilib.

“Ayıq sürücü” xidmətinin sürücülərinin yol polislərilə əməkdaşlığı barədə bundan öncə də şübhələr yaranmışdı. İddia olunurdu ki, bəzi hallarda “ayıq sürücü” sifarişçini evinin yaxınlığında düşürüb, ondan avtomobilini özünün park edə biləcəyini deyir və çıxıb gedir. Avtomobil sahibi evinin yanında maşını park edərkən yol polisi peyda olur.

Ana səhifəXəbərlərVəkil Bəhruz Bayramov: Övladım özünə qəsd həddinə çatdırılıb