Vəkil ”Azərpoçt”u ittiham etdi: Şikayət məktubları yoxa çıxır

Anar Məmmədli: Ən yaxşı vasitələrdən biri Avropa Şurasının Azərbaycandakı nümayəndəsinin məsələyə müdaxilə etməsidir

Hicran Mirzəliyeva: Vəkil məktubu hansı poçtdan göndəribsə, bu barədə rəsmi müraciət etsin, məsələ araşdırılıb cavab veriləcək

Source:


Anar Məmmədli: Ən yaxşı vasitələrdən biri Avropa Şurasının Azərbaycandakı nümayəndəsinin məsələyə müdaxilə etməsidir


Hicran Mirzəliyeva: Vəkil məktubu hansı poçtdan göndəribsə, bu barədə rəsmi müraciət etsin, məsələ araşdırılıb cavab veriləcək

““Azərpoçt” gənc fəalın Avropa Məhkəməsinə göndərdiyi şikayətini itirib”

“”Azərpoçt” Bayram Məmmədovun 19 noyabr 2016-cı il tarixdə Avropa İnsan Hüquqları Məhkəməsinə göndərdiyi 1,27 kq çəkidə RR0028283316AZ saylı şikayətini “itirib”. Elektron izləmə zamanı müəyyən etdik ki, eyni gündə göndərilən başqa bir məktub Avropa İnsan Hüquqları Məhkəməsinə çatdırılsa da, Bayram Məmmədovun şikayəti qəsdən göndərilməyib və sistemdə görünmür”, – bu sözləri gənc fəal Bayram Məmmədovun vəkili Elçin Sadıqov “Facebook” səhifəsində yazıb.

Vəkil bildirib ki, bununla bağlı bir daha Avropa İnsan Hüquqları Məhkəməsinə əlavə olaraq İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyanın 34-cü maddəsinin pozuntusu kimi şikayət göndərəcək: “Ona görə ki, Azərbaycan Höküməti bunu artıq mütəmadi şəkildə edir”.

Vəkil əlavə edir ki, insan tutulur, ağılasığmaz işgəncələrə məruz qalır, vəkilinə təzyiqlər edilir və ən sonda hüququndan istifadə edib göndərdiyi şikayət itirilir və Məhkəməyə çatdırılmır: “Hörmətli hüquq müdafiəçiləri artıq belə hallar mütəmadi xarakter alıb. Bununla bağlı beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırmaq lazımdır”.

Keçmiş vicdan məhbusu Anar Məmmədli bu barədə Meydan TV-yə bildirib ki, bu iqtiqamətdə nəzarət olduğundan ilk belə hal deyil. Bundan əvvəl də bir sıra məhbusların şikayətləri nəinki yoxa çıxdı, hətta açılıb baxılması da əvvəllər olub. Yaranmış vəziyyət Azərbaycanda Avropa İnsan Haqları Məhkəməsinə şikayətlərin qarşısının alınmasıyla bağlı qeyri-rəsmi nəzarət olduğunu göstərir.

Anar Məmmədli foto Meydan TV

Anar Məmmədli hesab edir ki, diqqətin Azərpoçt rəhbərliyinin məsuliyyətə cəlb olunmasına yönəldilməsi vacibdir. Yaxşı olar ki, bu qurumun rəhbərliyi açıqlama versin. Çünki bu hal ilk dəfə deyil baş verir, əvvəl İntiqam Əliyevin və başqa vəkillərin göndərdiyi şikayətlər yoxa çıxıb. Azərbaycanda mövcud olan siyasi nəzarətin metodlarından biri vətəndaşların beynəlxalq təşkilatlarla yazışmaları qeyri-rəsmi senzuraya məruz qalır. Ona görə də Avropa Şurası Parlament Assambleyasında məsələ qaldırılmalı, Baş katib məlumatlandırılmalı, eyni zamanda, Avropa İnsan Haqları Məhkəməsinə müraciət olunmalıdır. Ki, belə halların aradan qaldırılması üçün xüsusi tədbirlər görülsün. Ən yaxşı vasitələrdən biri Avropa Şurasının Azərbaycandakı nümayəndəsinin məsələyə müdaxilə etməsidir. Nəhayət, problem ictimai müstəviyyə çıxarılmalıdır.

“Azərpoçt”-un rəsmisi Hicran Mirzəliyeva Meydan TV-yə deyib ki, vəkil Elçin Sadıqov məktubu hansı poçtdan göndəribsə, bu barədə rəsmi müraciət etsin, məsələ araşdırılıb cavab veriləcək.

Ana səhifəXəbərlərVəkil ”Azərpoçt”u ittiham etdi: Şikayət məktubları yoxa çıxır