Vəkil: Azərbaycan hökuməti Avropa Məhkəməsi ilə yazışmalara mane olur

“Məhkəmənin 20 fevral tarixi məktubu “Azərpoçt”a aprelin 4-də çatıb”

Elçin Sadıqov, Foto: Elçin Sadıqovun şəxsi arxivindən
Elçin Sadıqov
Elçin Sadıqov


“Məhkəmənin 20 fevral tarixi məktubu “Azərpoçt”a aprelin 4-də çatıb”

“Avropa İnsan Hüquqları Məhkəməsinin jurnalistlər Aynur Qənbərova (Elgünəş), Natiq Cavadlı və Aytac Əhmədovanın şikayətləri üzrə 20 fevral 2018-ci il tarixli məktubu guya “Azərpoçt”a aprelin 4-də çatıb. Məktub fevralın 22-də Fransadan çıxıb”.

Bu barədə vəkil Elçin Sadıqov “Facebook” səhifəsində yazıb.

Vəkil deyir ki, məktubu ona aprelin 10-da çatdırıblar:

“Halbuki AİHM məktuba cavab verilməsinin son gününü aprelin 3-nə təyin edib. Azərbaycan hökuməti AİHM ilə yazışmalara mane olur və düşünür ki, bu yolla məhkəmənin qərarlarının qarşısını alacaq. Yəqin bilmirlər ki, AİHM belə hallarda şikayətçiyə əlavə vaxt verir və şikayətçi əlavə olaraq Konvensiyanın 34-cü maddəsinin pozuntusunun tanınmasını tələb etmək hüququ qazanır”.

“Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətiindən (MMC) “Turan” İA-nə deyiblər ki, məktublar məqsədli şəkildə yubadılmayıb:

“Məktublar Azərbaycana nə vaxt daxil olursa, sənədləşdirilir, məsafədən asılı olaraq ünvanına çatdırılır”.

Respublika Prokurorluğunun açdığı “Meydan TV işi”nə görə jurnalistlər Aynur Elgünəş, Natiq Cavadlı və Aytac Əhmədovanın ölkədən çıxışına qadağa qoyulub. Həmin iş üzrə daha bir neçə jurnalistin ölkədən çıxışı məhdudlaşdırılıb.

Jurnalistlər bununla bağlı Avropa İnsan Haqları Məhkəməsinə şikayət ediblər.

Ana səhifəXəbərlərVəkil: Azərbaycan hökuməti Avropa Məhkəməsi ilə yazışmalara mane olur