Vəkil: “Hakimin qanunsuz hərəkətindən Məhkəmə-Hüquq Şurasına şikayət etdiyimə görə mənə qarşı qərəzlidir”
Suraxanı Rayon Məhkəməsinin hakimi Ceyhun Qədimov Vəkillər Kollegiyasına vəkil Aqil Layıcovdan şikayət edib.
C.Qədimov şikayət məktubunda vəkil A.Layıcovun iclasda mantiya geyinmədiyini, zaldan çıxanda isə qapını çırpdığını yazıb.
Vəkil A.Layıcov isə bununla razılaşmır və yalan olduğunu deyir:
“Həmin hakimin qanunsuz hərəkətindən Məhkəmə-Hüquq Şurasına şikayət etdiyimə görə mənə qarşı qərəzlidir”.
A.Layıcovun sözlərinə görə, əlində vəkil orderi olmasına baxmayaraq, hakim onu prosesə buraxmayıb. Vəkil hakimin ondan əlavə etibarnamə istədiyini, bunun qanunsuz olduğunu, iclasa buraxılmadığını bildirib:
“Əgər buraxılsaydım, həmin vaxt çantamda olan mantiyanı çıxarıb geyinəcəkdim. Mən dekabrın 14-də hakimin qanunsuz hərəkətindən Məhkəmə-Hüquq Şurasına şikayət etmişəm. Dekabrın 20-də şikayətim Suraxanı Rayon Məhkəməsinə göndərilib. Hakim də bundan xəbər tutan kimi məndən Vəkillər Kollegiyasına şikayət edib”.
A.Layıcov “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin həbsdə olan sədri Cahangir Hacıyevin də vəkilidir. Noyabrın 22-də
Vəkillər Kollegiyasının Rəyasət Heyəti C.Hacıyevin hər iki vəkilinin cəzalandırılması haqda qərar çıxarıb. Belə ki, C.Hacıyevin vəkili Fəxrəddin Mehdiyevin vəkillik fəaliyyəti bir illik dayandırılıb, A.Layıcova isə töhmət verilib. Onlar C.Hacıyevin mətbuatda onun barəsində yazılan ittihamlara cavab açıqlamasını jurnalistlərə verməkdə günahlandırılıb.
Lakin vəkillər bunu əsassız hesab edirlər.