”Prokurorluq şikayətlərimi araşdırmaqdan çəkinir”
Vəkil Elçin Sadıqov bəyanatla çıxıb edib.
O, vəkillik fəaliyyətilə bağlı son iki gündə təhdid olunmasının arxasında dövlət orqanlarının dayandığını və baş verənlərin “ən yüksək səviyyədə” idarə olunduğunu iddia edir.
Vəkil deyir ki, əvvəl avtomobilinin sürətlər qutusunun yağını boşaltmaqla və elektron hesablarına kiber hücuma cəhd olub:
“2016-cı ilin noyabrında BMCMİ-də hədələndikdən sonra ailəmə qarşı böhtan xarakterli hücumlar oldu. Elə həmin ay avtomobillə məni vurmağa cəhd etdilər. Bununla bağlı etdiyim şikayətlərin heç biri araşdırılmadı və bu gün yenidən mənə, ailəmə qarşı kibercinayətlər törədilməklə davam edir. Başlanan bu proses həyatıma qəsdə qədər davam edəcəkdir. Bir daha bildirirəm ki, bütün bunları dövlət orqanları həyata keçirdiyindən bütün məsuliyyət hökumətin üzərindədir”.
Elçin Sadıqovun qənaətincə, həyatına qəsdə qədər yüksələn bu qeyri-etik hərəkətlər vəkillik fəaliyyətinə, xüsusilə siyasi işlərdə qanunsuzluqları, işgəncələri ifşa etdiyinə görədir:
“Bu qəsdlərlə bağlı şikayətlərimin araşdırılmaması da onu göstərir ki, bu təqiblər yüksək səviyyədə idarə olunur və prokurorluq bununla bağlı araşdırma aparmaqdan çəkinir. Bu hərəkətlər ölkədə siyasi baxışlarına görə həbs olunan şəxsləri müdafiə edən vəkilləri sıradan çıxarmağa, ölkədə kazarma vəkilliyi yaratmağa yönəlib”.