Vəkil: 48 saat ərzində Mehman Əliyevə ittiham irəli sürüləcək (yenilənib)

***

Vəkil Fuad Ağayev Meydan TV-yə deyib ki, ona Mehman Əliyevin saxlanması haqda məlumat veriblər:

"Məndə hələ Mehman Əliyevin vəkili olmaqla bağlı order yox, etibarnamə var. Bugünə qədər Mehman Əliyev şahid idi, mən də şahidin nümayəndəsi kimi onu müşayiət etmişdim. Departamentdə məndən order tələb etdilər, saat 18-də artıq gec idi, order götürmək baxımından. Hazırda Mehman Əliyevin şübhəli şəxs kimi saxlanılması o deməkdir ki, onun prossesual statusu dəyişib, yəni 48 saat ərzində "Turan" İA-nin direktoruna ittiham irəli sürüləcək".

Fuad Ağayev deyib ki, avqustun 25-də order götürüb müdafiəyə başlayacaq.

***

Mehman Əliyevi şübhəli şəxs qismində saxlayıblar. Bu barədə "Turan" İA-nin əməkdaşı Əziz Elxanoğlu öz "Facebook" səhifəsində yazıb: "Mehman Əliyev özü zəng etdi. Yasamal Polis İdarəsində şübhəli şəxs qismində saxlayıblar".

***

''Turan'' Agentliyinin direktoru ifadə verir

''Turan'' İnformasiya Agentliyinin direktoru Mehman Əliyev hazırda Vergilər Nazirliyi İstintaq İdarəsində ifadə verir. İdarədən çıxan vəkil Fuad Ağayev Meydan TV-yə bildirib ki, əvvəlcə o, şahid qismində ifadə vermək üçün dəvət olunub: 

''Ancaq sonradan statusu dəyişib. Şübhəli şəxs qismində də, təqsirləndirilən kimi də saxlanıla bilər''.

Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti “Turan” İnformasiya Agentliyinə Cinayət Məcəlləsinin 231.1 (vergi ödənişindən yayınma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi açıb. Artıq ibtidai istintaqın başlandığı bildirilir.

Nazirlik, eyni zamanda, avqustun 8-də agentliyin fəaliyyətinin səyyar vergi yoxlamasına başlayıb. Agentlikdən deyiblər ki, vergi yoxlaması Bakı şəhəri Lokal Gəlirlər Departamentinin onlara 37 min manatdan çox borc hesablanması haqqında verdiyi qərara əsaslanır. Departament hesab edir ki, agentlik gəlirlərini az göstərib.
“Turan” İnformasiya Agentliyi bütün iddiaları təkzib edib. Artıq “Turan” agentliyi vergi yoxlaması ilə bağlı 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə iddia ərizəsi ilə müraciət edib. Məhkəmədən agentliklə bağlı nazirliyin çıxardığı qərarların, o cümlədən səyyar vergi yoxlamasının keçirilməsinin qanunsuz və etibarsız sayılması istənilib. Agentlik hesab edir ki, bütün bu addımlar onların fəaliyyətinə mane olmaq, işlərini iflic vəziyyətə salmaq məqsədi daşıya bilər.

Avqustun 16-da isə Vergilər Nazirliyinin əməkdaşları “Turan” agentliyinin ofisinə gəliblər. Onlar 2014-2016-cı illərə aid maliyyə sənədlərini, bir sıra digər sənədləri və mühasibin kompüterini özləri ilə aparıblar.

“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev baş verənləri “axtarış” adlandırıb. O deyib ki, seyflər, disklər baxışdan keçirilib. Bəzi əməkdaşların dolablarının da yoxlanıldığı bildirilir.

M.Əliyev həmçinin vurğulayıb ki, onlar sənədlərin sürətlərini çıxarıb Vergilər Nazirliyinə təqdim etməyə hazırlaşıblar. Bundan ötrü onlara vaxt da verilib. Ancaq nazirliyin əməkdaşları sonradan bunu gözləməyərək özləri agentliyə gəliblər.

Avqustun 17-də isə artıq agentlikdən son 7 ilin sənədləri istənib. Hüquqşünaslar bu tələbi qanunsuz sayır.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/212260

Ən çox baxılan