Fuad Ağayev: “Görüş haqqında hələ iki gün əvvəl sənədləri təqdim etmişəm”
Vəkil Fuad Ağayev noyabrın 23-də 2 saylı Cəzaçəkmə Müəssisəndə ReAL sədri İlqar Məmmədovla görüşüb.
Ancaq vəkil müdafiə etdiyi digər məhbus-24 gün aclıq aksiyası keçirən
Renat Yusifovla
görüşə bilməyib.
Vəkil Meydan TV-yə deyib ki, Penitensiar Xidmətə hələ iki gün əvvəl vəkil orderini, vəsiqəsinin surəti və görüş haqqında sənədlərini təqdim etsə də, cəzaçəkmə müəssisəsinə bu barədə məlumat verilməyib:
“Qanunvericiliyə əsasən vəkil order və vəsiqəsini yalnız cəzaçəkmə müəssisəsinə təqdim etməklə, müdafiə etdiyi şəxşlə görüşə bilər”.
İ.Məmmədov 2013-cü ilin yanvarında İsmayıllıda kütləvi iğtişaşların təşkilində ittiham olunaraq, 7 il azadlıqdan məhrum edilib.
Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) artıq onun bir şikayətini təmin edib. Məhkəmə 2014-cü ilin mayında İ.Məmmədovun azadlıq hüququ və təqsirsizlik prezumpsiyasının pozulmasını tanıyıb. Həmin qərardan sonra onun işi Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdi. 2016-cı il aprelin 29-da Şəki Apelyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb. Bundan sonra müdafiə tərəfi Şəki Apelyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti verib. Ali Məhkəmə noyabrın 18-də kassasiya şikayətini təmin etməyib.
Avropa Şurası Nazirlər Komitəsi 2016-ci il sentyabrın 20-də keçirilən iclasında İ.Məmmədovun azadlığa buraxılmaması ilə Avropa İnsan Hüquq və Azadlıqları Konvensiyasının pozulduğunu açıqlayıb.
Avropa Şurası Nazirlər Komitəsi oktyabrın 25-də qəbul etdiyi qərarda bildirib ki, Azərbaycanın Avropa Konvensiyasının 46.4 maddəsi ilə öhdəliyini yerinə yetirib-yetirməməsi məsələsi üzrə dekabrın 5-də
AİHM-ə müraciət etmək niyyətindədir. Söhbət Avropa İnsan Hüquqları Məhkəməsinin İ.Məmmədovla bağlı qərarına Bakının əməl etməməsindən gedir.
Qərarda həmçinin deyilir ki, Azərbaycan məsələ ilə bağlı öz mövqeyini ən geci noyabrın 29-na kimi bildirə bilər.
Nazirlər Komitəsi Azərbaycana qarşı Avropa Konvensiyasının 46 maddəsi ilə öz öhdəliyini yerinə yetirməmə məsələsini qaldıra bilər. Bu, Azərbaycana bir növ xəbərdarlıqdır.
Avropa Şurasının 68 illik tarixində hələ heç bir ölkəyə 46-cı maddə ilə öz öhdəliyini yerinə yetirməmə məsələsi tətbiq olunmayıb. Ona görə həmin prosedurun başlamasının Azərbaycandan ötrü hansı nəticələri doğuracağını hələlik heç kəs konkret söyləyə bilmir.
2017-ci il noyabrın 16-də Avropa İnsan Haqları Məhkəməsi İlqar Məmmədovla bağlı yeni qərar qəbul edərək, ona qarşı ədalətli məhkəmə hüququnun pozulduğunu bildirib və 10 min avro məbləğində kompensasiya təyin edib.
Renat Yusubov hərbçi olub, 2009-cu ildə Cinayət Məcəlləsinin mənimsəmə və israfçılıq maddəsi ilə 8 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.