Mənbə: Meydan TV

Vegeterianlıq həyat tərzi kimi

Məqalə yeniləndi:  1 Oktyabr 2021

Dünya Vegetarianlar Günündə vegetarianların və veganların kim olduqları, nə ilə və necə qidalandıqlarından bəhs edirik.

Oktyabrın 1-i Ümumdünya Vegetarianlıq Günü kimi qeyd olunur. Bu gün 1977-ci ildə Şimali Amerika Vegetarian Cəmiyyəti tərəfindən təsis edilib və daha sonra Beynəlxalq Vegetarian İttifaqı tərəfindən dəstəklənib.

Hər il keçirilən Vegetarianlıq Günü vegetarian həyat tərzinin sağlamlıq, ekoloji və etik məqamları barədə məlumatlılığı artırmağa yönəlib.

Bəzi mənbələrdə vegetarianlığın çox qədim zamanlarda Asiya ölkələrində yarandığı, daha sonra Avropada tətbiq edildiyi deyilir.

Leonardo da Vinçi, Mahatma Qandi, Franz Kafka, Lev Tolstoy, Albert Eynşetyn, Corc Bernard Şou kimi məşhurların adı ən çox tanınmış vegetarianlar siyahısında çəkilir.

Vegeterianlıq həyat tərzi kimi

Vegetarianlıq nədir?

Vegetarianlıq hər növ heyvan ətini rasiondan çıxaran qidalanma sistemidir. Vegetarianlar bunu təkcə qida ilə əlaqələndirmir, həm də bir həyat tərzi olaraq görürlər. Bir çox vegetarian təkcə heyvanları deyil, həm də ekologiyanı qorumağı hədəfləyir.

Vegetarianlığın özü bir çox şaxələrə bölünsə də, bu qidalanma tərzini seçən əsas kütlə heyvan ətindən imtina edir, lakin heyvan mənşəli məhsullar - süd və süd məhsulları, yumurta, balıq və baldan istifadə edirlər.

Veqanlıq isə vegetarianlığın daha sərt formasıdır. Onlar vegetarianlardan fərqli olaraq təkcə ətdən yox, həm də bütün heyvan mənşəli məhsullardan imtina edirlər. Bura ət, süd və süd məhsulları, yumurta, balıq, bal, jelatin kimi məhsullar da daxildir.

Veqanlar həm də heyvan mənşəli geyimlərdən, heyvanlar üzərində test edilmiş məhsullardan, onlardan əyləncə kimi istifadə edilən yerlərdən imtina edirlər. Bir çox veqan da vegetarianlar kimi ətraf mühit və ekologiya məsələlərinə həssas yanaşır.

Vegetarianlar və veqanların sayı artırmı?

Dünyada veqan və vegetarianlar barədə dəqiq statistika olmasa da, onların sayının ildən-ilə artdığı deyilir.

Hazırda Hindistan, Avstraliya, Argentina, Braziliya, Meksika, Tayvan, Böyük Britaniya kimi ölkələr vegetarianlığın ən çox yayıldığı yerlər kimi göstərilir. Bu ölkələrdə əhalinin 10 faizdən 30 faizədək hissəsi vegetarian və veqan hesab olunurlar.

Bəzi mütəxəssislər deyir ki, veqanlıq və vegetarianlığın daha geniş yayılmasını ekoloji problemlər və ət məhsullarına alternativin çoxalması da təşviq edir.

Almaniyanın "Heinrich Böll Stiftung", "Friends of the Earth Europe" və "BUND" təşkilatlarının 2021-ci ildə dərc etdiyi "Ət atlası" nəşrində qeyd olunur ki, veqan və vegetarianlar üçün ət əvəzləyiciləri çox sürətlə məşhurlaşır. Hesabatda deyilir ki, buna əsas səbəb ət sənayesində iş şərtlərinin tənqid olunması, bu sənayenin iqlim və ətraf mühitə təsirləri, ət əvəzləyicilərinin dad və quruluş baxımından inkişaf etdirilməsi və müxtəlifliyin artırılmasıdır.

Bəzi ölkələr isə veqan və vegetarian məhsulların istehsalında vergiləri müəyyən qədər azaltmaqla onun yayılmasını təşviq etməyi hədəfləyir.

Azərbaycanda vegetarian və veqanlar

Azərbaycanda vegetarianların sayı əhalinin ümumi sayına nisbətdə çox olmasa da, veqanların sayını üstələyir. Ölkədə bu iki istiqamətin heç biri haqqında statistika və ya hərtərəfli araşdırma aparılmır.

Danışdığımız vegetarian və veqanlar deyir ki, onlar öz ətraflarındakı insanların artması ilə saylarının çoxaldığını hiss edirlər.

Uzun müddət vegetarian olmaq istəyən, ancaq özünü buna hazır hiss etməyən Ağa Gülalı deyir ki, nəhayət, iki il əvvəl arzusunu həyata keçirə bilib:

“Vegetarian olmaq istəsəm də, hər dəfə özümə bəhanələr yaradırdım. Əvvəllər, ət yediyim zamanlar ətin bir candan gəldiyini, bir canlını öldürüb yediyimizi düşünmürdüm. Bu, heç ağlıma da gəlmirdi, amma veqan dostlarımdan, internetdən aldığım məlumatlardan sonra bunun sadəcə eqoistlik olduğunu başa düşdüm. Ət yeməyin bizim yaşamağımız üçün vacib olmadığını, bunun sadəcə ənənəvi bir şey olduğunu başa düşdükdən sonra vegeterian olmağa qərar verdim”.

Ağanın ailəsi ilk vaxtlar onun sağlamlığı üçün narahatlıqlarını ifadə ediblər, ancaq o deyir ki, vegetarian olduqdan sonra mədəsindəki problemlərdən də xilas ola bilib.

O söyləyir ki, vegetarianlığa keçəndən sonra ətrafdan həm mənfi, həm də müsbət reaksiyalarla qarşılaşıb.

“Ətrafımdakılardan gələn tək mənfi şey mənasız və məntiqsiz zarafatlar olub. Buna artıq öyrəşmişəm. Daha doğrusu, artıq buna icazə vermirəm, çünki mən heç vaxt kiməsə ət yediyi üçün nə təzyiq etmişəm, nə də onunla zarafat etmişəm. Ən müsbət cəhət isə odur ki, yüzlərlə dadlı vegeterian reseptlər kəşf edib bişirmişəm”.

Ağa gələcəkdə veqan olmaq istəyir.

“Veqan qidalanmaq heyvan mənşəli heç bir qidanı yeməmək deməkdir. Bu, ona görədir ki, biz heyvanları təkcə onları öldürərək yox, həmçinin, onlardan süd, yumurta aldıqda da incidirik. Daha dogrusu, sənayeləşmə bunu edir. Bir çox veqana görə, əslində, ev təsərrüfatı şəraitində belə yumurta və süd əldə etmək doğru deyil, amma mən düşünürəm ki, bu, tam olaraq istismar deyil. Amma bir gun yumurta və süddən tamamilə imtina etmək istəyirəm. Çünki bizim sağlamlığımıza da südün verdiyi bir çox zərər var. Ona görə ki, hər canlının südü onun öz övladı üçündür”.

“Mən düşünmürdüm ki, vegetarianlıq kimi bir şey var” - Səadət Şükürlü

İki ildən çoxdur ki, vegetarian olan Səadət Şükürlü deyir ki, onun uşaqlıqdan heyvanlara yazığı gəlsə də, vegetarianlıq barədə məlumatı olmayııb.

O danışır ki, evlərində toyuq-cücə saxlayıblar, amma onları canlı gördükdən sonra yeməkdə çətinlik çəkib.

“Mən düşünmürdüm ki, vegetarianlıq kimi bir şey var, veqanlar var, mən o vaxt balaca idim. Böyüyəndə bütün bunlarla maraqlanmağa başladım və başa düşdüm ki, o cür olmaq istəyirəm, çünki heyvanlara yazığım gəlir. Bu, sırf etik seçim idi”.

Səadət vegetarianlığa keçəndə işlədiyi kafedə onu çoxlu veqan və vegetarian əhatə edib. Onların dəstəyi ilə bu proses asan keçib.

O deyir ki, Azərbaycanda vegetarianlar üçün restoranlara getmək çətindir, çünki bir çox məkanda vegetarian yeməyi olmur.

Səadət söyləyir ki, Azərbaycanda insanlar vegetarian və ya veqan olmağın çox baha başa gəldiyini düşünür və xatırlayır ki, bir vaxtlar özü də eyni fikirdə olub.

“Mən də vegetarianlığa keçməmişdən əvvəl elə düşünürdüm. Fikirləşirdim ki, nə yeyəcəm, necə olacaq, mənə, məsələn, soya, soyadan hazırlanan əti almaq üçün pul lazım olacaq. Əgər vegetarian əvəzləyicisi alırsansa, o zaman baha ola bilər, amma əsas yeməkləri, tərəvəzləri alırsansa, ətlə, məsələn, balıqla müqayisədə çox ucuzdur”.

Səadət deyir ki, anası marketdən ənənəvi qida alanda 50 manata toyuq, yumurta, bir az ət, tərəvəz və meyvə ala bilirsə, o, həmin məbləğə qat-qat daha çox və daha rəngarəng meyvə-tərəvəz ala bilir.

Səadət hesab edir ki, heyvanları sevdiyini deyirsənsə, o zaman onlar arasında fərq qoymadan sevməlisən.

“Bəzi insanlar var ki, həyətdəki, küçədəki pişiklərə, itlərə yazıqları gəlir, onları yedirir, onlara qulluq edirlər, amma fikirləşmirlər ki, məsələn, inəklər və toyuqlar da heyvandır”.

Səadət düşünür ki, vegetarianlıq əslində, ənənəvi qidalanma ilə veqanlıq arasında “körpü” rolundadır. O deyir ki, bəzi insanlar üçün birbaşa veqanlığa keçmək çətin olur və onlar vegetarianlıqdan başlayırlar, amma əgər bunu məqsədli şəkildə seçirlərsə, bir gün mütləq veqanlığa keçirlər.

Azərbaycanda ilk veqan mağaza

Veqanlığa keçid edənlərdən biri də Vüsalə Məhərrəmovadır. O, 2014-cü ildən vegetarianlığa başlayıb və 3 il sonra veqanlığa keçid edib.

Vüsalə xatırlayır ki, 2017-ci ildə veqanlığa başlayanda Azərbaycanda bəzi veqan məhsulları tapmaqda çətinlik çəkib.

“Mən veqan olanda bazarda veqan əvəzləyicilərini tapmaq olmurdu. Mən süd məhsullarını çox sevən bir insan kimi əziyyət çəkirdim, evdə pendir, qatıq hazırlayırdım. Başa düşürdüm ki, veqanların çoxu 25 yaşa qədər olan insanlardır və onların bütün gün mətbəxdə nələrsə bişirməyə vaxtı yoxdur. Ona görə bir çox insan sırf vaxt çatışmazlığından, ya da həyatlarında bu qədər böyük dəyişiklik etmək istəmədiyinə görə veqan və vegetarian olmağa risk etmirlər. Bunu başa düşdükdən sonra düşündüm ki, bununla nəsə etmək lazımdır. Niyə Azərbaycanda veqan mağaza olmasın ki?! Gürcüstanda, Rusiyada, Türkiyədə, İranda yetərincə belə mağazalar var. Əvvəlcə ümidlə yaşayırdım ki, bəlkə kimsə veqan mağaza açar, görəndə ki, bu istiqamətdə irəliləyiş yoxdur, düşündüm ki, bunu yəqin ki, mən etməliyəm”.

Bu qərardan sonra Vüsalə işlədiyi şirkətdən çıxaraq Azərbaycanda ilk veqan mağazanı açıb.

O söyləyir ki, mağazanın açılışı heç də asan olmayıb, çünki yaxınları ilk vaxtlar bu biznes ideyaya inanmayıblar.

Onlar deyiblər ki, Azərbaycan üçün bu, hələ tezdir və ölkədə veqanlar “barmaqla sayıldığına” görə belə biznes gəlir gətirməyəcək.

Vüsalə Məhərrəmova

Vüsalə Məhərrəmova

Mənbə: Meydan.TV

Vüsalə insanların Azərbaycanda veqan mağaza açıldığına təəccübləndiyini, tez-tez “Azərbaycanda yetərincə veqan var ki?” sualı ilə qarşılaşdığını deyir.

Sahibkar söyləyir ki, mağazanın kollektivini veqan və vegetarianlardan formalaşdırmaq istədiyinə görə ilk vaxtlar işçi tapmaqda çətinlik çəkib, indi isə bu barədə seçimi artıb.

Lakin Vüsalə deyir ki, mağazanın müştərilərinin 70 faizə yaxını ənənəvi qidalananlardır.

“Əsas müştərilərimiz veqanlar deyil, çünki Azərbaycanda veqanlar hələ ki, çox azdır, vegetarianlar isə çoxdur. Mən deyərdim müştərilərimizin 60 faizdən çoxu, 70 faizə yaxını ənənəvi qidalanmaya üz tutanlardır. Bu da çox sevindirici haldır, çünki insanlar mağazanın adında veqan sözünü görüb içəri daxil olmağa qorxmurlar. Veqan və vegetarianlar ən çox veqan pendir, süd, kərə yağı, kolbasa, sosis, qiymə və müxtəlif ət əvəzləyiciləri soruşurlar. Ənənəvi qidalanan insanlar isə daha çox qlütensiz unlar, bu unlardan hazırlanmış ərzaqlar, enerji barları, enerji topları, müxtəlif tozlar, müxtəlif toxumlar və soyuq sıxım yağlarla maraqlanırlar”.

Vüsalə söyləyir ki, Azərbaycanda əksər veqan və vegetarianların 25 yaşa qədər insanların olduğunu nəzərə almaq və “veqan həyat tərzinin baha olması haqqındakı mifi” qırmaq üçün mağazada qiymətləri əlçatan edib.

O deyir ki, hazırda mövcud olan problemlərdən biri ölkəyə veqan məhsulların gətirilməməsidir.

Onun sözlərinə görə, bu məhsullara tələbat az olduğuna görə bir çox şirkət Azərbaycana məhsul göndərmir.

“Şirkətlər bilirlər ki, Azərbaycanda vəziyyət acınacaqlıdır və həmin məhsullar alınmayacaq. Bu şirkətlərlə danışmaq mənim gücümü, vaxtımı və resursumu aparır, çünki onları yola gətirməyə çalışıram. Az da olsa ixrac etməyə başlasınlar ki, bazarda inkişaf olsun və bu inkişaf da bizim yerli istehsalçılarımızı veqan məhsullar istehsal etməyə vadar etsin. Azərbaycanda bunun üçün resurs yetərincə çoxdur və bunu etmək mümkündür. Sadəcə istehsalçılarda motivasiya yoxdur”.

Veqanlar başqa  nələrə fikir verirlər?

Əvvəlcə vegetarianlıqdan başlamış, indi isə veqan olan Alp Əliyev deyir ki, ətdən istifadədən imtina edən, ancaq heyvan mənşəli məhsulları işlədənlər veqan deyil, “bitki əsaslı qidalanan” şəxslərdir.

“Veqanların günlük həyatda istifadə etdikləri hər şey, əyləncədən geyimədək - kosmetik məhsullar, diş məcunu və fırçası və s - onlar üçün önəmli olmalıdır. Bəzi məhsullar tərkib olaraq veqan ola bilər, amma xüsusilə də kosmetik vasitələr heyvanlar üzərində test olunubsa, bu, artıq həmin məhsulu veqanlıqdan çıxarır. Məsələ heyvanlara zərər verməməyə çalışmaqdır”.

O deyir ki, son vaxtlar Azərbaycanda gündəlik istifadə üçün olan veqan məhsulların sayı az da olsa artıb.

“Artıq məhsulların üzərində onun veqan olduğuna dair işarəni və ya “cruelty free” (red: zorakılıq tədbiqolunmadan istehsal) olduğunu göstərən işarələri, ürək içərisində siçan və ya dovşan görmək mümkündür ki, bu da məhsulun veqan olduğunu göstərir”, - Alp deyir.

Alp Əliyev

Alp Əliyev

Mənbə: Meydan.TV

Həkimlər nə deyir?

Azərbaycan Tibb Universitetinin qidalanma və kommunal gigiyena kafedrasının müdiri İbrahim Əhmədov “Azərtac”a müsahibəsində deyib ki, ət və ət məmulatlarından birdəfəlik imtina etmək düzgün deyil, çünki onun tərkibində olan maddələr bitki mənşəli məhsullarda yoxdur və ya çox cüzidir.

“Ət yeyilməsi vacibdir, çünki onun orqanizmin immunitetinin formalaşmasında, parçalanan, məhv olan hüceyrələrin yerini doldurmaqda böyük əhəmiyyəti var. Xüsusilə onların tərkibində olan amin turşuları orqanizmi zülallarla təmin edir. Lakin bununla birlikdə qidalanma zamanı meyvə, tərəvəz və ağartı məhsullarından istifadə etmək tövsiyə olunur”.

Həkim izah edir ki, müəyyən xəstəliklər zamanı vegetarianlığın müəyyən növlərinə müraciət etmək mümkündür, ancaq bu zaman da tam imtina yox, bəzi qidaların məhdudlaşdırılmasından, pəhriz qidalanmasından istifadə etmək daha düzgündür.

“Vegetarianlığın növləri hər bir orqanizmə uyğun seçilməlidir. Məsələn, əgər kiminsə ateresklerozu, yaxud arterial hipertoniyası varsa, onun ət və ət məmulatlarından çox istifadə etməsi düzgün deyil. Əgər orqanizmdə turşuluq yüksəkdirsə, vegetarianlığın tətbiqi müsbət nəticə verir. Ciddi vegetarianlıq podaqra və böyrək daşı xəstəliklərində geniş tətbiq olunan vasitədir. Lakin ürək-damar sistemi xəstəlikləri, qaraciyər patologiyası, beyin qan dövranı pozuntuları zamanı eyni səviyyədə yanaşmaq düzgün deyil”.

Həkim deyir ki, uşaqlar, inkişafda olan yeniyetmələr və çəki azlığı olanlar üçün vegetarian rejimə əməl etmək tövsiyə olunmur, çünki onlarda böyümə və inkişaf, bədənin formalaşması prosesi gedir.

Amerika Tibbi Assossiasiyasına məxsus “JAMA Internal Medicine” jurnalında bir neçə il öncə dərc edilən  araşdırmada deyilir ki, vegetarian pəhrizlərinin ölüm riskini azaltma ehtimalı var.

Məqalədə deyilir ki, Kaliforniyanın Loma Linda Universitetinin alimləri 73 min 308 nəfər üzərində aparılan tədqiqatda insanlar 5 qrupa bölünüb: ənənəvi qidalananlar, yarı vegetarianlar, pesko-vegetarianlar (dəniz məhsulu yeyənlər), lakto vegetarianlar (süd məhsulları və yumurta yeyənlər) və veqanlar (heç bir heyvan mənşəli məhsulları yeməyənlər).

Araşdırmanın nəticəsində deyilir ki, tədqiqatda iştirak edən vegetarian qrup daha çox yaşayıb. Məqalədə həm də qeyd olunur ki, bu qrupdan olan insanlar daha yüksək təhsilli və daha çox evli olmaqla yanaşı, daha az alkoqol və siqaret istifadə etməyə, daha çox idman etməyə və arıq olmağa meyilli olublar.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  1 Oktyabr 2021
Bölmələr:  
qısa linklər:   http://mtv.re/2d230y

Ən çox baxılan