Vəfa Nağı bələdiyyə sədrinin şikayəti əsasında təqsirləndirilən şəxs oldu

Bələdiyyə üzvünün kənddən çıxışına qadağa qoyulması istənilib

Source: VOA

Neftçala rayonunun Xol Qaraqaşlı kənd bələdiyyəsinin üzvü, ictimai fəal Vəfa Nağı təqsirləndirilən şəxs qismində tanınıb. Xol Qaraqaşlı bələdiyyəsinin sədri Əlibala Səlimovun ona qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddia icraata götürülüb. Avqustun 21-də Neftçala Rayon Məhkəməsində hakim Əli Tağıyev buna qərar verib.

Bələdiyyə sədri V.Nağının Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələri ilə cəzalandırılmasını tələb edir.

Məhkəmədə V.Nağı və vəkili Nemət Kərimli iddianın icraata götürülməsinə etiraz edib. Vəkil bildirib ki, V.Nağını bələdiyyə sədrini və Mədəniyyət Evinin rəhbərini tənqid etdiyinə görə cəzalandırmaq ifadə azadlığının pozulmasıdır. Halbuki, Azərbaycanın Konstitusiyası da, uzun illər öncə ratifikasiya etdiyi İnsan Haqları və Əsas Azadlıqların Müdafiəsinə dair Avropa Konvensiyası da ifadə azadlığına təminat verir.

“Əlibala Səlimov məhz bələdiyyə sədri kimi hərəkətlərinə görə tənqid olunub. Avropa Məhkəməsinin president qərarlarında da göstərilib ki, vəzifəli şəxslər, ictimai-siyasi xadimlər tənqidlərə daha dözümlü olmalıdır”, – deyə vəkil bildirib.

Amma qarşı tərəf etiraz edib. Ə.Səlimov və müdafiəçisi iddianın icraata götürülüb baxılmasını, V.Nağının cəzalandırılmasını istəyib. Onlar həmçinin bu məhkəmə prosesi başa çatana qədər V.Nağının kəndi tərk etməsinə qadağa qoyulmasını istəyiblər.

Hakim iddia ərizəsini icraata qəbul etsə də, bələdiyyə üzvünün kənddən çıxışına qadağa qoyulmayıb.

Bələdiyyə sədri iddia ərizəsində yazıb ki, V.Nağı mediaya müsahibələrində, sosial şəbəkə hesablarından paylaşdığı yazılarında onu təhqir edib, böhtan atıb.

V.Nağının bildirdiyinə görə, hakim ona Ə.Səlimov haqqında yazdıqlarını silməyi, təklif etsə də, razılaşmayıb.

“Mən heç kimi təhqir etməmişəm. Mənim korrupsiya haqda dediklərim, yazdıqlarım isə əsassız deyil. Kənd sakinlərinin şikayətləri var. Bu barədə hüquq-mühafizə orqanlarına da şikayətlər göndərilib. Təəssüf ki, onlar araşdırılmayıb, nəticəsiz qalıb”, – deyə V.Nağı bildirib.

Bələdiyyə üzvü hesab edir ki, məqsəd bu yolla onu susdurmaqdır: “Gördülər ki, digər təzyiq formaları – şəkillərimi yaymaqla biabır eləyib kənddən çıxarmaq cəhdi nəticə vermədi, indi bu üsula əl atıblar. İstəyirlər ki, məni susdursunlar, yol verdikləri qanunsuzluqlar, korrupsiya əməlləri haqda danışmayım. Amma alınmayacaq”.

Bələdiyyə sədri Ə.Səlimov isə V.Nağının şəkillərinin yayılmasına göstəriş verməsi, korrupsiya ittihamları barədə ünvanına səslənən fikirlərin böhtan olduğunu bildirib. Onun sözlərinə görə, bələdiyyə üzvü müxtəlif dövlət orqanlarına ondan şikayıt edib, amma deyilənlər təsdiqini tapmayıb.

Məhkəmə prosesi avqustun 27-də davam edəcək.

Ana səhifəSiyasətVəfa Nağı bələdiyyə sədrinin şikayəti əsasında təqsirləndirilən şəxs oldu