Vəfa Məmmədova: Azərbaycan niyə Avropa Şurasına üzv qəbul edilib?

Həbsdə olan ReAl Hərəkatının sədri İlqar Məmmədovun həyat yoldaşı Vəfa Məmmədova Avropa Şurasında çıxış edib. Çıxışın tam mətni:

Əziz və hörmətli dostlar!

Mən siyasətçi deyiləm. Strasburqa gəlişimin səbəbi burda siyasi motivli çıxış etmək deyil. Mən bir azərbaycanlı siyasətçinin həyat yoldaşıyam və o siyasətçi düz 4 il 3 aydır ki, həbsdədir. Avropa Şurasındakı bütün qurumlar, Avropa Məhkəməsi, Nazirlər Komitəsi, Parlament Assambleyası və Konqress – hamısı onu siyasi məhbus kimi tanıyıb.

Mənim bura səfərimin məqsədi bundan ibarətdir ki, Avropa demokratiyasının beşiyində bu məsələ ilə bağlı belə bir həmrəylik olduğu halda, həyat yoldaşımın niyə hələ də məhbəsdə olduğunu öyrənim.

Avropa Birliyindəki bir çox ölkədə deputatların mandatının ömrü dörd ildir. Bu dörd il ərzində, o, özünün effektli fəaliyyətini sübut etməlidir. Yoxsa növbəti seçkilərdə uduzacaq. Bəs niyə və bu halda yenidən seçilir?

Bəs niyə bu illər Avropa Birliyinin Parlament Assambleyasına özlərinin yaxşı tərəflərini göstərməyə bəs etmədi?

İlqarın azadlığına nail olmaq üçün dörd il bəs etmədi?

Mənim həyat yoldaşım respublikaçıdır. O, Azərbaycanda hakimiyyətin bir ailənin əlində cəmlənməsinə etiraz edən bir hərəkatın başına keçdi. Sonra onu həbsə atdılar. Bundan sonra ölkədəki qanunlar daha da monarxiyalaşdı.

Belə çıxır ki, İlqarı həbs edənlər bu dörd il ərzində öz məqsədlərini aşkar göstərdilər. Parlament Assambleyası isə bu dörd il ərzində kollektiv ağıl, tədbir nümayiş etdirmək gücündə olmadı? Bunun niyəsini anlamaq istəyərdim.

Bu dörd il ərzində bizim evimizə gəlib-gedən daha nə qədər insanın da başı bəlalar çəkdi. Rəsul Cəfərov ilyarım həbs yatdı. Natiq Cəfərli bir ay həbs cəzası aldı. Digər respublikaçı fəallar həftələrlə ev dustaqlığında qaldılar. Azər Qasımlının ölkədən çıxışı qadağan olunub. Evimizə qonaq gələnlərdən daha neçəsi ölkəni tərk etmək məcburiyyətində qaldı.

Bu faktlardan heç biri həyat yoldaşıma açılmış cinayət işi ilə bağlı deyil. Hakimiyyət hər bir respublikaçı üçün ayrıca tədbirlər düşünür. Amma baxın, İlqarın iki vəkili məhz onun müdafiəsi zamanı söylədikləri nitqlərə görə cəzalandırıldılar. Xalid Bağırovu Vəkillər Kollegiyasından xaric etdilər, Fuad Ağayevi isə cərimələdilər. Onlar çox cəsur insanlardır. Hakimiyyətin onlara olan qəzəbinə baxmayaraq, İlqarı həm cəmiyyətdə, həm də Avropa Məhkəməsində müdafiə etməkdə davam edirlər.

Amma İlqar Avropa Məhkəməsindəki müdafiəçilərini yeni təhlükələrə atmaq istəmir. Buna görə də, Parlament Assambleyasında bizim iddiamızla bağlı Avropa Məhkəməsinin yekun qərarını gözləməyi təklif edənlər vicdanla hərəkət etmir. Məhkəmənin birinci qərarında deyilir ki, hakimiyyət İlqarı siyasi mötüvlərə görə təqib edir. 2013-cü ildən bu yana isə bu motivlər nəinki dəyişməyib, əksinə, daha da güclənib.

Əlbəttə, Avropa Şurasının dəstəyi olmasa, bizə daha da çətin olardı. İlqar bilir ki, bir çox ölkələrin heyəti onu Nazirlər Komitəsinin iclaslarında və AŞPA-da aktiv müdafiə edir və azad olunmasına çalışır. Biz Baş katib Yaqlanda Avropa Məhkəməsinin qərarının icrasına nail olmaq yolundakı şəxsi səylərinə görə çox minnətdarıq.

Biz İlqarla 16 il əvvəl evlənmişik. Azərbaycanın Avropa Şurasına üzv qəbul edilməsinin də yaşı elə bu qədərdir. Bu müddətin dörddə birindən çox bir vaxtı mənim həyatım həbsxanaya gedib-gəlməklə keçir. Mən özümə “sən niyə siyasətçi ilə ailə qurdun?” sualını vermirəm. Amma mənim Parlament Assambleyasına sualım var:

– Azərbaycan niyə Avropa Şurasına üzv qəbul edilib?

Diqqətinizə görə çox sağ olun!

Ana səhifəVideoVəfa Məmmədova: Azərbaycan niyə Avropa Şurasına üzv qəbul edilib?