Vədlərlə ”sərinləyən” Bakı nəqliyyatı (VİDEO)


Bakıda fəaliyyət göstərən marşrut avtobuslarından yalnız 61, 65 və 88 saylı marşrut xəttinin bəzi avtobuslarında kondisioner işləyir.

Adları kölgədə qalan digər marşrut xətlərindəki avtobuslarsa heç də kölgədə qalmır. Qızmar günün altında hərəkət edən və salonları istixananı xatırladan avtobuslardan əziyyət çəkənlərsə, sadə vətəndaşlardır.

İctimai nəqliyyatdan gündəlik istifadə edən sakinlər sərinlətmə sisteminin olmamasından şikayətlənirlər. Xüsusən yay aylarında sıxlıq, cansıxıcı havanın olduğunu deyən sərnişinlər kondisionerli nəqliyyat istəyirlər.

Sərnişinləri düşündürən suallardan biri də birinci Avropa oyunları ərəfəsində Bakıya gətirilən 300 ədəd “İveco” markalı avtobusun sonrakı taleyidir. İyunun əvvəlində Nəqliyyat Nazirliyinin sözçüsü Namiq Həsənov həmin avtobusların sonradan sərnişinlərə xidmət edəcəyini demişdi. Verilən vəddən iki aya yaxın vaxt keçsə də, hələ də küçələrdə bu kondisionerli avtobuslara rast gəlinmir. Təəssüf ki, cəhdlərimizə baxmayaraq, Nəqliyyat Nazirliyinin sözçüsü ona ünvanlanmış sualımızı cavablandırmaq istəmir.

Oxşar vəziyyət metroda da müşahidə olunur. Bakı metrosunda qatarların əksəriyyəti köhnə olduğundan vaqonlarda kondisioner yoxdur. Yeni gətirilən kondisionerli qatarlar isə azlıq təşkil edir.

Bir müddət əvvəl bir qrup gənc facebookda “Metroda kondisioner quraşdırılsın” tələbi ilə aksiya başlatmışdı. Bu addıma cavab olaraq metropoliten rəsmisi köhnə qatarlara kondisioner quraşdırmağın mümkünsüzlüyünü qeyd etmiş və  gələcəkdə yeni qatarların gətiriləcəyini vəd vermişdi.

Ana səhifəVideoVədlərlə ”sərinləyən” Bakı nəqliyyatı (VİDEO)