Vaslav Havel İnsan Hüquqları Mükafatına ukraynalı jurnalist layiq görülüb

Foto: pace.coe.int

Vaslav Havel İnsan Hüquqları Mükafatına 2025-ci il üzrə ukraynalı jurnalist və insan hüquqları müdafiəçisi Maksım Butkeviç layiq görülüb. Mükafat Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız plenar sessiyasının açılış günü Strasburqda keçirilən xüsusi mərasimdə təqdim edilib.

Butkeviç Zmina İnsan Hüquqları Mərkəzinin və Hromadske radiosunun həmtəsisçisidir. O, 2022-ci ildə Rusiya işğalına qarşı Ukrayna Silahlı Qüvvələrinə könüllü qoşularaq tağım komandiri kimi xidmət edib. Rusiya qüvvələri tərəfindən əsir alınıb və 13 il həbs cəzasına məhkum edilib, iki ildən artıq müddət ərzində ağır şəraitdə həbsdə saxlanılıb və 2024-cü ilin oktyabrında əsir mübadiləsi nəticəsində azad olunub.

Mükafatı qəbul edən Maksım Butkeviç bildirib ki, bu, bütün azadlıq uğrunda mübarizə aparanlar üçün böyük şərəfdir:

“Bu, mənim üçün və bizim hamımız üçün çox şey ifadə edir. Bir il əvvəl Rusiya əsirliyində olarkən bu, yalnız bir xəyal ola bilərdi,” – deyə o vurğulayıb.

M.Butkeçiv çıxışında onunla qısa siyahıda yer alan həmkarları – Mzia Amağlobeli və Ülvi Həsənlinin adlarını vurğulayıb, onların tezliklə azadlığa buraxılmasını arzu edib:

 “Onlar söz azadlığını, ifadə azadlığını, müstəqil düşüncə hüququnu müdafiə edirlər və avtoritar rejimlərin repressiyalarına məruz qalırlar”.

2025-ci il üzrə mükafatın iki finalçısı – gürcü jurnalist Mzia Amaglobeli və azərbaycanlı jurnalist, AbzasMedia-nın direktoru Ülvi Həsənli – hazırda Gürcüstan və Azərbaycanda həbsdə saxlanılır. Onların adından mükafat mərasimində Mzia Amaglobelinin vəkili iştirak edib və diplomları qəbul ediblər.

Ü.Həsənlinin xanımı Rübabə Quliyeva Heydər Əliyev Beynəlxalq Hava Limanından mərasimə getmək üçün buraxılmadığından onun çıxışını “AbzasMedia”nın direktoru və baş redaktoru vəzifəsini icra edən Günel Səfərova səsləndirib.

“2025-ci ilin iyununda hakim ona 9 il həbs cəzası kəsməzdən öncə o demişdi: “Həbs ümidsizlik deyil. Həbs zülm deyil. Mübarizə davam edir. Həqiqət bizimlədir”. Bu sözlər mənə hər gün güc verir”, – Günel Səfərovanın səsləndirdiyi Rübabə Quliyevanın çıxışında belə deyilir.

O, həmçinin “AbzasMedia işi” üzrə həbsdə olan digər əməkdaşların da adlarını çəkib, onların haqsız həbs olunduqlarını diqqətə çatdırıb.

Çıxışda həmçinin Azərbaycanda azı 375 siyasi məhbusdan 30-a yaxınının jurnalist olduğu vurğulanıb.

AŞPA-nın prezidenti Teodoros Rousopoulos qeyd edib ki, bu il mükafat üçün seçilən namizədlərin də jurnalist olması təsadüfi deyil:

“Söz azadlığı və azad, müstəqil və plüralist medianın olmadığı yerdə, əsl demokratiya yoxdur,” – deyə o bildirib.

O, həmçinin jurnalistlərin təhlükəsizliyinə dair Avropa Şurasının platformasına istinad edərək bildirib ki, 2025-ci ilin mart ayına qədər Avropada 171 jurnalist həbsdə olub, onların 98-i isə Avropa Şurasının üzv ölkələrində saxlanılıb. Rusiya isə hazırda azı 26 ukraynalı jurnalisti qeyri-qanuni olaraq həbsdə saxlayır.

AŞPA prezidenti hər üç namizədi avtoritarizmə qarşı göstərdikləri cəsarətə görə alqışlayaraq bildirib:

“Hökumətlər həqiqətdən qorxmamalıdır. Susdurula bilərsiniz, amma səsiniz eşidilir”.

Ana səhifəSiyasətVaslav Havel İnsan Hüquqları Mükafatına ukraynalı jurnalist layiq görülüb