Vaşinqtonla Yerevanın tərəfdaşlıq sazişi: “Əliyevin seçimi yanlışdır“

Blinken və Mirzoyan. Foto: Ermənistan XİN

Partiya rəhbərləri və siyasi şərhçilərin Blinkenlə Mirzoyanın imzaladığı sənədə reaksiyaları…

Yanvarın 15-də Ermənistanla Amerika Birləşmiş Ştatları strateji tərəfdaşlıq haqqında sənəd imzalayıb

Sənədin imzalanması Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla ABŞ dövlət katibi Entoni Blinken arasında keçirilən görüş çərçivəsində baş tutub. 

ABŞ dövlət katibi Entoni Blinken sənədi Yerevanla Vaşinqton arasında münasibətlərin mühüm mərhələsi adlandırıb.

“Biz ABŞ-Ermənistan Strateji Tərəfdaşlıq Komissiyası yaradırıq. Bu bizə iqtisadi məsələlər, təhlükəsizlik və müdafiə, demokratiya, ədalət sahələrində əməkdaşlığı genişləndirmək imkanı verir”, – Blinken belə deyib.

Ararat Mirzoyan qeyd edib ki, Ermənistan və ABŞ arasında strateji tərəfdaşlıq sənədi dövlətlər arasındakı münasibətlərdə möhkəm təməl yaradır və əməkdaşlığı daha gücləndirir.

“Dövlətlər o səviyyəyə gəliblər ki, strateji tərəfdaşlığın yaradılması təkcə indiki reallıqlara uyğun gəlmir, həm də mürəkkəb geosiyasi şəraitdə işləmək kontekstində zəruridir”, – Mirzoyan belə deyib. 

Sənəd iqtisadi, mədəni, siyasi, hüquqi, demokratiya, media və digər sahələrlə yanaşı, xüsusən də təhlükəsizlik məsələlərini özündə ehtiva edir. 

Sənəddə qeyd olunur ki, ABŞ və Ermənistan mülki nüvə əməkdaşlığı ilə bağlı da müzakirələrə başlayacaq

Bundan başqa, ABŞ gələn ay sərhəd təhlükəsizliyi ilə bağlı birgə iş aparmaq üçün ABŞ-dən Ermənistana xüsusi sərhəd mühafizə qrupu göndərəcək.

ABŞ-nin dövlət katibi entoni Blinken Mirzoyanla görüşündə belə deyib. 

“Bu istiqamətdə müvafiq işləri gücləndirəcəyik”, – deyə Blinken vurğulayıb.

ABŞ ilə Ermənistan arasında imzalanan strateji tərəfdaşlıq sazişi Azərbaycanda da birmənalı qarşılanmayıb. 

Bu hadisə ilə bağlı müxtəlif şərhlər və fikir ayrılıqları mövcuddur. Bir çoxları düşünür ki, Ermənistan Qərbi seçməklə öz təhlükəsizliyinə zəmanət alır və bu, Azərbaycan üçün də təhdidlər yaradır. 

Digər qrup siyasi şərhçilər isə hesab edirlər ki, Yerevanın bu addımı onu Rusiya, İran və Türkiyə ilə üz-üzə qoya, Ermənistan üçün, xüsusilə də Paşinyan hökuməti üçün təhlükə yarada bilər. 

“Azərbaycan Tramp administrasiyası ilə stareji əməkdaşlıq müqaviləsi bağlamağa hazırlaşır“

Məsələn, REAL Partiyasının sədri Natiq Cəfərli yazır ki, Ermənistan iqtisadi cəhətdən Rusyadan asılıdır. Bu saziş isə onu həm İran həm də Rusiya ilə üz-üzə qoyacaq.

Natiq Cəfərli
Natiq Cəfərli, Foto: Meydan.TV

O hesab edir ki, sənəd Azərbaycan deyil, Rusiya və İrana qarşı hazırlanıb. 

“Ermənistanın Cənubi Qafqazda təhlükəsiz yaşamasına, inkişaf etməsinə tək bir ölkə – Türkiyə zənamət verə bilər. Geci-tezi, məhz bu konsepsiya qalib gələcək”, – deyə o bildirib. 

Onun sözlərinə görə, Azərbaycan Tramp administrasiyası ilə stareji əməkdaşlıq müqaviləsi bağlamağa hazırlaşır: 

“Bunun anonsunu eşitmişik, məncə, doğru qərar olacaq”.

Əli Kərimli: “Əliyevin daxili və xarici siyasəti ölkəmizin milli maraqlarına təhdiddir“

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli isə baş verənlərə görə İlham Əliyevi qınayıb

Əli Kərimli, Foto: Meydan TV
Əli Kərimli, Foto: Meydan TV

“İlham Əliyev bu “düşünülmüş” siyasətini bir az da davam etdirsə, Ermənistanı Avropa İttifaqı  üzvü və ABŞ-nin regiondakı strateji tərəfdaşı yox, birbaşa müttəfiqinə çevirəcək. Ermənistan ABŞ-lə strateji tərəfdaşlıq sazişi imzalayır, Avropa İttifaqına üzvlük məsələsini referenduma çıxarmağa hazırlaşır. Əliyev rejimi isə  müttəfiq və strateji tərəfdaş olaraq Rusiya və Çini seçir”, – deyə AXCP sədri qeyd edib. 

Onun sözlərinə görə, Əliyevin davamlı  müharibə hədəsi Ermənistanın  müttəfiqlərini artırır, Azərbaycanın siyasi təcridini gücləndirir: 

“Aİ üzvlüyü perspektivinin və ABŞ-lə strateji tərəfdaşlığın Ermənistanın inkişafına necə təkan verəcəyini  təsəvvür edə bilirsiniz? Bəs işğalçı Rusiya ilə müttəfiqliyin bizim ölkəmizə hansı zərərlər vurduğunu və bundan sonra da vuracağını necə, təsəvvür edə bilirsiniz? Heç bir resursu olmayan Ermənistan iqtisadi və siyasi  azadlıqlar və xarici yardımlar  sayəsində son 10 ildə adambaşına düşən ÜDM-i 2 dəfədən çox artırıb. Avtoritarizmin, hüquqsuzluğun və korrupsiyanın yarımcan etdiyi Azərbaycanda isə son 10 ildə adambaşına düşən ÜDM nəinki artmayıb, əksinə azalıb. Rejim demokratik dövlətləri bir-bir “yerində oturtmaqdan”, “cavablarını verməkdən” vaxt tapanda yoxsulluq və işsizlik burulğanında boğulan milyonlarla azərbaycanlının elementar problemlərini həll etməklə də məşğul olmalıdır. İlham Əliyevin daxili siyasəti də, xarici siyasəti də ölkəmizin milli maraqlarına təhdiddir”.

Arif Hacılı: “İlham Əliyev Emin Ağalarovun Trampla şəxsi münasibətlərinə ümid edir“

Müsavat Partiyasının Məclis sədri Arif Hacılı da hakimiyyətin Qərblə bağlı siyasətini tənqid edib

Arif Hacılı, Foto: Meydan TV
Arif Hacılı, Foto: Meydan TV

“İlham Əliyev beynəlxalq vəziyyətin Azərbaycanın xeyrinə dəyişəcəyi ümidi ilə yanvarın sonunu gözləyərkən Ermənistan yanvarın ortasında ABŞ-lə strateji tərəfdaşlıq sazişi imzaladı. Bir daha təsdiq olunur ki, Blinkenə demarş olaraq Rüfət Səfərovun həbs edilməsinə və ya xarici siyasət kursunun bir vaxtlar Emin Ağalarovun Trampla olan şəxsi münasibətlərinə ümid bəsləyərək redaktə edilməsinə, həmçinin “kürü diplomatiyası” kimi primitiv davranışlara son qoyulmazsa, ölkəmiz daha acınacaqlı duruma düşəcək”, – deyə o bildirib. 

Hacılı hesab edir ki, Azərbaycan hakimiyyətinin bugünkü siyasəti Azərbaycanın Milli Təhlükəsizlik Konsepsiyasına ziddir: 

“Ölkənin siyasətini yürüdənlər YAP-ın çoxluq təşkil etdiyi Milli Məclis tərəfindən qəbul edilmiş və İlham Əliyevin özü tərəfindən imzalanmış bu sənədin əsas müddəalarına bir daha nəzər salıb burada qeyd edilən siyasətə dönüş barədə düşünməlidir. Hələ də gec deyil”.

Tofiq Zülfüqarov: “Azərbaycan və ABŞ arasında buna bənzər əməkdaşlıq illər öncədən mövcuddur“

Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov ABŞ və Ermənistan arasında imzalanan strateji tərəfdaşlıq haqqında sazişdən danışarkən deyib ki, belə bir sənəd Azərbaycanla da mövcuddur:

Tofiq Zülfüqarov. Foto: Meydan TV

“Azərbaycan və ABŞ arasında buna bənzər əməkdaşlıq illər öncədən mövcuddur. Hər il iki ölkə arasında təhlükəsizlik dialoqu keçirilir və sərhəd təhlükəsizliyi sahəsində birgə layihələr icra olunur. Azərbaycan bu sahədə ABŞ-dən maliyyə dəstəyi alıb”.

O, ABŞ ilə Ermənistanın əməkdaşlığının reallaşmasına şübhəli yanaşır: 

“Ermənistanla Rusiya arasında isə hərbi müttəfiqlik və müştərək hərbi birləşmələr barədə sənədlər mövcuddur. Ermənistanın hava müdafiəsi sistemi də Moskvadan idarə olunur. İndi isə Bayden administrasiyası Ermənistanla təhlükəsizlik sahəsində əməkdaşlıq qurmaq niyyətindədir. Ancaq bu əməkdaşlığın reallaşması çətin görünür. Çünki Ermənistanın təhlükəsizlik və hərbi infrastrukturu Rusiya ilə sıx bağlıdır”.

Bəs Ermənistanın Qərblə münasibətləri, doğrudan da, Azərbaycan üçün hansısa təhdidlər yaradırmı? 

Siyasi şərhçi Rauf Mirqədirov isə Meydan TVyə deyir ki, ABŞ regionda sülh və əməkdaşlıq istəyir, Azərbaycan isə Qərblə münasibətlərdə maraqlı deyil:

Foto: Rauf Mirqədirovun şəxsi arxivindən

Bu sual çox şaxəlidir, tərkib hissələri var. Birinci tərkib hissəsi sazişin Azərbaycana hər hansı bir ziyanının olub-olmaması ilə bağlıdır. Ümumiyyətlə, biz bir suala cavab verməliyik: Qərb, ABŞ regionda nə istəyir? Hər halda, hakimiyyəti sona çatan Bayden adminstrasiyası regionda sülh və əməkdaşlıq istəyir. Bəs bu, Azərbaycanının maraqlarına cavab verirmi, Azərbaycana təhlükə yaradırmı? Məncə, bu, ritorik sualdır, çünki regionda sülh və əməkdaşlıq mühitinin yaradılması Azərbaycanın maraqlarına tam cavab verir. Bu baxımdan Azərbaycan üçün hansısa təhlükələrin olması ehtimalı, ümumiyyətlə, gülüncdür. Vaxtilə Azərbaycan hakimiyyəti bəyan edirdi ki, ABŞ ilə münasibətlər strateji əməkdaşlıq səviyyəsindədir. Amma indi vəziyyət bir qədər fərqlidir“. 

Mirqədirov hesab edir ki, Azərbaycan hakimiyyətinin indiki seçimi doğru deyil:  

“İndiki durum isə belədir ki, Azərbaycan hakimiyyəti Qərblə münasibətlərini strateji səviyyəyə çatmasında maraqlı deyil, bunu istəmir. Bakı Qərblə münasibətləri konkret sahələr üzrə məhdudlaşdırmaq istəyir. Bu, Azərbaycan hakimiyyətinin təəssüf doğuran seçimidir. Ümumiyyətlə, mən düşünmürəm ki, Qərbin, xüsusən də ABŞ-nin Ermənistanla münasibətlərini genişləndirməsi Azərbaycan üçün hər hansı bir təhlükə doğurur“. 

“Rusiya uzun müddətdir ki, Paşinyanı cəzalandırmaq istəyir“

Bu sazişdən sonra Rusiya, Türkiyə və İranın Ermənistana münasibətinə gəlincə, siyasi şərhçi deyir ki, Paşinyan son dövrlər Kremli qıcıqlandıran başqa addımlar da atır: 

“Son dövrlər Ermənistan parlamenti Avropa İttifaqına daxil olmaq üçün qanun layihəsi qəbul etdi. Bu, Moskvdada ciddi etiraz doğurub, artıq Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bəyan edib ki, əgər bu proses hər hansı real konturlara malik olarsa, bu halda Ermənistan seçim etməlidir, ya Avropa Birliyini, ya da Avrasiya Birliyini seçməlidir. Yada salmaq istəyirəm ki, əvvələr oxşar hadisələr Ukraynada da baş verdi. Ukrayna 2014-cü ildə Avropa İttifaqı ilə Assosiasiya Sazişini imzalamaqdan imtina edəndə bu, etirazlara səbəb oldu və Yanukoviç hakimiyyətdən getdi. Bundan sonra Rusiya Krımı, daha sonra Donbas və Luqanskini faktiki işğal etdi. Yenə Avropa Birliyi ilə yaxınlaşmalar, şübhəsiz ki, Rusiyanı qıcıqlandırır. Rusiya uzun müddətdir ki, müxtəlif vasitələrlə Paşinyanı cəzalandırmaq istəyir. Yəqin ki, yenə nəsə etməyə çalışacaq. Məsələn, Overçuk Ermənistanla iqtisadi münasibətlərin zəiflədilməsinə işarə edir. Bunlar real təsir vasitələridir. Həmçinin “5-ci kolon“dan istifadə edə bilər. Nəticə necə olacaq, bunu indi demək olmaz, çünki indiyə qədər belə cəhdlər olub. Amma hətta 44 günlük müharibədən sonra Azərbaycan Xankəndini azad etdikdən və Qarabağda öz suverenliyini bərpa edəndən sonra “5-ci kolon“ müxalifətin çağırışları heç bir nəticə vermədi. Amma Rusiyanın kifayət qədər həm istisadi, həm siyasi, həm də hərbi cəhətdən təsir imkanları var“.

“Rusiya Azərbaycanı sərhəddə təxribata çəkməyə cəhd edəcək“

Mirqədirov Rusiyanın Azərbaycanı yenidən münaqişəyə cəlb etmək ehtimalını da istisna etmir: 

“Eyni zamanda, Azərbaycanla Ermənistan sərhədində müəyyən təxribatların olacağını da istisna etmirəm. Yeni qarşıdurma və hərbi toqquşma cəhdləri edilə bilər. Azərbaycanın Rusiyanın belə planlarında iştirakını da qismən istisna etmirəm. Hətta bəzi ekspertlər deyirlər ki, Ermənistanın Qərbə inteqrasiyası Azərbaycanın Zəngəzur dəhlizinə müdaxiləsi üçün unikal şans yaradır. Amma bunu deyənlər Rusiyanın indiki iqtisadi durumuna diqqət etmirlər. Əgər Azərbaycan Rusiyanın bu planlarında iştirak edərsə, uzunmüddətli prespektiv üçün bu, ölkənin maraqlarına zidd olacaq və Azərbaycanın iqtisadi durumu Rusiyanın durumundan da pis günə düşəcək, çünki Azərbaycanın imkanları və resursları olduqca məhduddur“

“Yerevanla Vaşinqtonun əməkdaşlığı Türkiyə üçün imkanlar açacaq“

Türkiyənin Ermənistanla münasibətlərinə gəlincə, siyasi şərhçi düşünür ki, Ankara Qərbin regionda genişlənməsinə qarşı çıxmayacaq:

“Türkiyənin indiki siyasətindəki dəyişikliklərə diqqət etmək lazımdır. Düşünmürəm ki, Türkiyə Ermənistan Qərb münasibətlərinin genişləndirilməsindən narazıdır, əksinə, bu, Türkiyə üçün də imkanlar açır. Nəzərə almaq lazımdır ki, İran və Rusiyanın siyasəti bölgədə regional və böyük dövlətlərin olmasının qarşısının alınmasına hesablanıb. Onlar regional dövlətlər deyəndə Türkiyəni də nəzərdə tuturlar. Prinsipial olaraq Suriya hadisələrindən sonra Rusiya, həmçinin İran və Çin Türkiyənin regionda güclənməsini istəmir. Bunda maraqlı olan yeganə qüvvə isə, təbii ki, öz maraqları çərçivəsində Qərb ola bilər. Bütövlükdə Qərb üçün də Rusiya və İranın regionda zəifləməsi çox vacibdir. Qərb Rusiyanın regionun tədricən sıxışdırılıb çıxarılmasını istəyir və biz bunu Gürcüstandakı hadisələrin timsalında görə bilirik. Bu halda, düşünürəm ki, Türkiyənin özünün maraqları və Qərblə münasibətlərini tənzimləmək istəyi Yerevanla Vaşinqtonun əməkdaşlığına qarşı olmayacaq“. 

“Regionda ciddi təlatümlər baş verə bilər“

Mirqədirov hesab edir ki, Trampın hakimiyyətə gəlməsi dünya siyasətinin bir müddət qeyri-müəyyənlik dövrü kimi xarakterizə olunacaq:

“Tramp adminstrasiyasının hakimiyyətə gəlməsi ilə dünyada qlobal qeyri-müəyyənlik dövrü başlayır. Bəziləri bunu xaos dövrü kimi qiymətləndirir, amma bu qeyri-müəyyənlik təxminən yarım il çəkə bilər, daha sonra hər şey əvvəlki məcrasına qayıdacaq. Çünki geostrateji və geosiyasi maraqlar qlobal qüvvələr üçün eyni olaraq qalacaq. Amma bu qeyri-müəyyənlik dövründə müxtəlif hadisələr ola, o cümlədən regionda ciddi təlatümlər baş verə bilər. Ümid edək ki, region dövlətləri ən azından öz müstəqilliyini qorumaq üçün tamamilə Rusiyanın təsir dairəsinə düşməyə can atmayacaq, öz hakimiyyətlərini qorumaq üçün Rusiyanın yanında yer almayacaqlar“

Ana səhifəXəbərlərVaşinqtonla Yerevanın tərəfdaşlıq sazişi: “Əliyevin seçimi yanlışdır“