Tamara Grigoryeva: ”Biz onları unutmamışıq”
Azərbaycanlı fəallar Vaşinqtonda siyasi məhbus ailələrinə maddi yardım kampaniyası keçirib. “Azərbaycandakı siyasi məhbuslara dəstək verin!”, – tədbirində 3000 dollar ianə toplanıb.
Məlumatı “Amerikanın Səsi” yayıb. Xəbərə görə, tədbirdə Amerikada yaşayan azərbaycanlılarla yanaşı, Amerika və digər ölkələrin nümayəndələri də iştirak edib:
“İnsanlara göstərmək istəyirik ki, siyasi məhbuslar kütlə yox, real insanlardır. İnsanlar gəlib bu şəkillərə baxırlar. Biz həmçinin açıqça kampaniyası keçiririk. İmzalanan aşıqçalar toplanan pulla birgə siyasi məhbus ailələrinə göndəriləcək. Onlar görəcəklər ki, biz onları unutmamışıq”, – deyə kampaniyanın təsisçilərindən Tamara Grigoryeva bildirib.
Tədbirin digər təşkilatçısı Aynur Cəfər isə Azərbaycanda siyasi məhbusların əksəriyyətinin kişilər olduğunu deyib:
“Azərbaycanda ailənin maliyyə təminatçısı əsasən kişilər olduğundan onların həbsi ilə ailələri bir sıra maddi çətinliklərlə üzləşir. Bu ianə kampaniyası nəticəsində toplanan pulla onlara bir az da olsa, kömək edə bilərik”, – deyə o qeyd edib.
Tədbirin iki xüsusi qonağı – ABŞ-ın Azərbaycanakı keçmiş səfiri Riçard Kazlariç və keçmiş siyasi məhbus Adnan Hacızadə olub.
Səfir Kazlariç siyasi baxışlarına görə həbs olunan insanlara yardımın mühümlüyünü vurğulayıb. “Azərbaycandakı siyasi məhbus problemi daim gündəmdə olmalıdır”, – deyə o qeyd edib.
2009-cu ildə siyasi fəallığına görə həbs edilən Adnan Hacızadə məhbəsdə olan insanlara məktub yazmağı vacib sayır.
“Bu məktublar onları çox sevindirir və ruhlarını yüksək tutmağa yardım edir”, – o deyib.
Adnan Hacızadə həmçinin həbsxana yeməklərinin çox pis olduğunu və bu səbəbdən ailələrin məhbuslara yemək apardıqlarını deyib.
“Lakin məhbus ailələrinin çoxunun buna maddi imkanı yetmir. Bu cür ianə kampaniyaları onları maddi cəhətdən təmin etmək istiqamətində vacibdir”, – deyə Hacızadə bildirib.
Tədbirdə azərbaycanlı fotoqraf Cahangir Yusifin “Distance” (Məsafə) adlı fotosərgisi nümayiş etdirilib. Fotosərgidə hazırda həbsdə olan siyasi məhbusların ailələri, eləcə də yeni həbsdən çıxan siyasi məhbusların fotoları yer alıb.
Tədbirdə həmçinin Azərbaycan mahnılarının sədaları altında qonaqlar milli təamlardan da dadıblar. Sonda Azərbaycandakı siyasi məhbuslara məktublar yazılıb, açıqçalar imzalanıb.