Astek geyimli qız dünya mətbəxinin nümunələrini ziyafət iştirakçılarına təqdim edib
Mayın 29-da Vaşinqtonda Azərbaycanın Respublika Günü münasibətilə paytaxtın tarixi binalarından biri olan “Endryu Mellon Auditorium”da səfirlik 700 nəfərlik qəbul təşkil edib.
Səfirliyin məlumatına görə, qəbulda senatorlar, konqresmenlər, yüksək rütbəli zabitlər, çoxsaylı səfirlər, həmçinin azərbaycanlı, türk və yəhudi icmasının nümayəndələri iştirak ediblər.
ABŞ-ın enerji nazirinin köməkçisi Conatan Elkaynd, ABŞ Konqresində Azərbaycan-ABŞ dostluq qrupunun üzvü olan Ş.Cekson Li Azərbaycan xalqını təbrik ediblər.
Tədbirdə argentinalı müğənni Mariya Entraqus çıxış edib. O, ABŞ və Azərbaycanın dövlət himnlərini ifa edib.
Bayram süfrəsi Azərbaycanın milli yeməkləri ilə zəngin olub.
Lakin səfirliyin toxunmadığı bir məqam da olub. Belə ki, asteklərin geyimini xatırladan libasda olan Stol-qız dünya mətbəxinin nümunələrini ziyafət iştirakçılarına təqdim edib.
Ancaq bütün bunların Respublika Gününə nə aidiyyatı var, o məlum deyil (TURAN).