Zərdüş Əlizadə: “İraq hökuməti ağasının kim olduğunu anladı”
Dünya mediasında Şimali İraqda baş verənlər əsas müzakirə mövzusu hesab olunur. Oktyabrın 16-da İraq ordusu Kürdüstan peşmərgələrinin nəzarət etdiyi Kərkükü ələ keçiriblər. İraq hökuməti Kərkük əməliyyatından öncə PKK terrorçularının Kərkükə yerləşdirilməsini müharibə elanı kimi dəyərləndirmişdi. Həmin ərəfədə Türkiyə Xarici İşlər Nazirliyi (XİN) də PKK terrorçularının Kərkükə yerləşdirilməsinə etirazını ifadə edib.
Əməliyyatda İran hərbçilərinin iştirakı təşəbbüsün Tehranda olduğu fikrini gücləndirsə də, siyasi icmalçı Zərdüşt Əlizadə fərqli düşünür.
Bu barədə Meydan TV-yə danışan Zərdüşt Əlizadə hesab edir ki, əvvəl Vaşinqtona həmin ərazinin Kürdüstan vilayətinə keçməsi lazım idi, indi isə lazım deyil. Çünki kürdlərdən rəsmi Bağdada qarşı istifadə etdilər və onlara başa saldılar. Vaşinqtonun məqsədi o idi ki, İraq hökuməti ağasının kim olduğunu anlasın:
“Amerika İraqa göstərdi ki, onun dəstəyi olmasa, rəsmi Bağdad heç nə edə bilməz”.
Z.Əlizadə iddia edir ki, İran hərbçiləri də ABŞ-ın razılığı ilə İraq ordusuna dəstək verir:
“Hazırda bölgədə siyasi oyun gedir. Vaşinqton müəyyən həddə qədər Tehranın proseslərdə iştirakına razıdır. O cümlədən, İsrail də İranın Suriya hadisələrində iştirakına razıdır. Amma müəyyən hədd var. Həmin həddə çatanda deyirlər bəsdir, sən öz işini gördün, çəkil kənara. Çünki İranın Suriya vasitəsilə Həmas və Hizbullaha əli çata bilər. Hələlik etiraz etmirlər, sadəcə, bəyanat şəklində etirazlar var”.
Siyasi icmalçı Suriya və İraqın parçalanmasının nə Türkiyə, nə İran, nə də Rusiyaya sərf etmədiyini deyir:
“Hazırda bu üç dövlət arasında Suriya və İraq məsələlərinə dair ittifaq yaranır. Məsələ ondadır ki, parçalanma təhlükəsi hər üç ölkədə var. Hətta Azərbaycanda da. Əgər ölkə daxilində millətlə dövlət arasında birlik yoxdursa, bu təlükə həmişə olacaq. Əslində, Kürdüstanın yartanması Amerikanın və İsrailin istəyidir. Çünki bununla dörd müsəlman dövlətinin – Türkiyə, İraq, Suriya və İran – parçalanmasının əsası qoyulur. Bu dövlətlər parçalanarsa, istər-istəməz yeni yaranacaq kürd dövləti ilə düşmən olacaqlar. Sonuncunun dayağı isə ABŞ olacaq. Beləliklə, bölgədə İsraildən sonra ABŞ-ın daha bir “qamçı”sı da artır, bu isə Vaşinqtonun Yaxın Şərqdə təsir imkanlarını gücləndirir. Ona görə Tehran-Ankara münasibətləri istiləşib. Fikir verin, Ərdoğanın Suriya prezidenti Bəşər Əsəd haqda sərt çıxışlarını daha görmürük. Çünki Türkiyəyə Suriyanın bütöv olması maraqlıdır. Yaxud başqa bir misal, Ankara-Moskva münasibətləri pisləşəndə, Rusiya telekanalları Türkiyədəki kürdlərin hüquqlarından bar-bar bağırırdı, indi susublar. Səbəb odur ki, Kürdüstanın ABŞ-ın layihəsi olduğunu gördülər. Həm də Rusiya İraq və Suriyanın parçalanmasını istəmir. Hazırda Rusiya-Türkiyə-İran müəyyən məsələlərdə əməkdaşlığı gücləndiriblər”.