Ərəstun Oruclu: ”Sanksiyaları Avropa ölkələrinin razılığı olmadan tətbiq etmək mümkün olmayacaq”
ABŞ-ın dövlət katibi Maykl Pompeo Vaşinqtonun İranla bağlı 12 şərt irəli sürərək, “misilsiz maliyyə təzyiqi tətbiq etmək niyyətində” olduqlarını
bəyan
edib.
Şərtlər sırasında İrandan tələb olunur ki, İraqın müstəqilliyini tanısın və Haşdi-Şabiyə dəstəyini dayandırsın. Həmas, Taliban, Husi və Hizbullah kimi terrorçu dəstələrə və qruplara verdiyi dəstəyə son versin. İran ABŞ-ın müttəfiqi olan qonşularına təhdidi dayandırmalıdır.
Maykl Pompeo bildirib ki, ABŞ İranın artıq Yaxın Şərqdə dominantlıq etməməsi üçün ölkənin dünyadakı bütün hərbi serverlərini çökdürəcək.
Dövlət katibi deyib ki, Tehranın siyasətində real dəyişiklik olmayacaqsa, sanksiyalar da qalacaq:
“İranın siyasətində daimi və real dəyişiklik olacağı təqdirdə, biz tətbiq etdiyimiz məhdudiyyətləri yumşaldacağıq”.
Hazırkı sanksiyalardan danışan Pompeo bildirib ki, bu sanksiyalar İrana xaricdəki müttəfiqlərini maliyyələşdirmək imkanı verməyəcək.
Nəticədə Tehran bir seçim etmək məcburiyyətində qalacaq: ya öz iqtisadiyyatını düşünməli, ya da öz resurslarını xaricdəki müttəfiqlərinə sərf etməlidir.
Amerikada mühacir həyatı yaşayan Ərəstun Oruclu Meydan TV-yə deyib ki, Vaşinqtonun belə planları var və indiki administrasiyada anti-İran əhval-ruhiyyəsi daha güclüdür:
“Amma bu sanksiyaların nə dərəcədə dərin olacağı böyük sual doğurur. Ona görə ki, ABŞ-ın siyasi-hərbi və iqtisadi müttəfiqləri olan Avropa dövlətləri İranla əməkdaşlıqdan imtina etmək niyyətində deyillər. Bu mənada sanksiyaları Avropa ölkələrinin razılığı olmadan tətbiq etmək mümkün olmayacaq. Əgər Avropa ölkələri niyyətlərindən imtina etməsələr, Amerika onların şirkətlərinə də sanksiya tətbiq etməli olacaq. Bu isə onsuz da soyuq olan ABŞ-Avropa münasibətlərinin bir qədər də soyumasına və gərginləşməsinə səbəb ola bilər. Hazırkı administrasiya həmin addımları ata bilər, ancaq hara qədər atacaq sualına cavab vermək çətindir. Bu sanksiyalar Amerika, yaxud üçüncü dünya ölkələrinin şirkətlərinə tətbiq olunar və İranla əməkdaşlığı məhdudlaşdıra bilər, amma Brüssel-Tehran əməkdaşlığına təsir etməyəcək”.
Ərəstun Oruclunun sözlərinə görə, İran ətrafında gərginlik artır və bunun bir səbəbi də Tehran-Təl-Əviv münasibətlərindən doğur:
“ABŞ-da İsrailin müttəfiqi olaraq gedişata diqqətlə yanaşır. Ancaq çox güman ki, proses müharibə ilə nəticələnməyəcək”.