Miller Rusiya barədə danışmaq istəmədi
ABŞ Dövlət Departamentinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Luis Bono Azərbaycan-Ermənistan münasibətlərindən danışıb.
O, regiona səfəri zamanı apardığı danışıqlardan sonra Bakı və Yerevanla sülh razılaşması əldə etmək üçün işləməyə davam edəcəyini açıqlayıb.
Bu barədə avqustun 7-də Dövlət Departamentinin rəsmi nümayəndəsi Metyu Miller keçirdiyi brifinqdə bildirib.
Miller qeyd edib ki, tərəf olmayan digər ölkələrin hər hansı şərhinə baxmayaraq, razılaşma imkanı realdır:
“Biz buna nail olmaq üçün onlarla işləməyə davam edəcəyik”.
Avqustun 4-də Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar demişdi ki, Moskva Azərbaycan və Ermənistanın heç bir şərtlə sülh müqaviləsi bağlamağa hazır olmadığını düşünür.
Denis Qonçar hələ həllini gözləyən çətin məsələlərin olduğunu vurğulamışdı.
“Turan”ın “Qərbin Rusiyanı sülh səylərini pozmaq cəhdlərini dayandırmağa çağırmasının vaxtı çatıbmı?” sualına M.Miller belə cavab verib:
“Söhbət Ermənistan və Azərbaycandan gedirsə, Rusiya barədə danışmaq istəmirəm. Mən bilavasitə əlaqəli olan, bu mübahisədə birbaşa tərəf olan iki ölkə haqqında danışmaq istəyirəm”.
Agentlik həmçinin M.Millerdən dövlət katibi Blinkenin türkiyəli həmkarına avqustun 4-də zəng etdikdən sonra Türkiyənin sülh prosesindəki hazırkı rolu barədə də soruşub.
ABŞ diplomatı Ermənistan və Azərbaycan arasında sülh müzakirələrinin vacibliyini vurğulayıb.
“Mən bu barədə ətraflı danışmaq istəmirəm – bu, özəl diplomatik söhbətdir, lakin biz inanırıq ki, Türkiyə digər məsələlərdə olduğu kimi, bu məsələdə də məhsuldar rol oynaya bilər”, – deyə Miller bildirib.
Münaqişənin qısa xronikası
Azərbaycan və Ermənistan arasında olan Qarabağ münaqişəsinin ilkin mərhələsi 1988-ci ildə başlayıb.
Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayan və 1994-cü ildə imzalanan atəşkəs razılaşması ilə bitən Birinci Qarabağ müharibəsi zamanı Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.
2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində isə Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.
Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı üçtərəfli birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.
Hazırkı mərhələdə ərazidə tez-tez atəşkəs pozulur, hətta günlərlə sürən döyüşlər baş verir.
Nəticədə hər iki tərəf itki verir və buna görə bir-birlərini günahlandırırlar.