“Dayanıqlı yekun həllə nail olmaq üçün birbaşa danışıqlar vacibdir”
“ABŞ Azərbaycanla Ermənistan arasında sülh prosesində iştirak etməyə davam edir”.
Bunu mayın 24-də ABŞ Dövlət Departamentinin rəsmisi Metyu Miller Vaşinqtonun gözləntiləri ilə bağlı “Turan”ın sualına cavablandırarkən səsləndirib.
O bildirib ki, Vaşinqton tərəflərin müzakirələri davam etdirməsini alqışlayır.
Metyu Miller dövlət katibi E.Blinkenin ötən həftə sülhə bağlı “biz bir daha əmin olduğumuzu bəyan edirik ki, sülh əlçatandır” çağırışına da toxunub.
O qeyd edib ki, tərəflərin birbaşa dialoqu problemlərin həlli və davamlı sülhə nail olmaq üçün açardır.
“Biz bu məsələdə tərəflərlə birbaşa əlaqə quraraq onları dəstəkləməyə davam edəcəyik”, – deyə Metyu Miller əlavə edib.
“Turan”ın yazdığına görə, M.Miller ABŞ-ın Qafqazda danışıqlar üzrə baş məsləhətçisi Luis Bononun bölgəyə elan olunmamış səfərinin təfərrüatlarını açıqlamaqdan yayınıb.
O, Azərbaycan və Ermənistan liderlərinin mayın 25-də Moskva danışıqlarından gözləntiləri barədə suala belə cavab verib:
“Hesab edirik ki, dayanıqlı yekun həllə nail olmaq üçün birbaşa danışıqlar vacibdir. Bizim fikrimizcə, əgər hər iki tərəf razılığa gələ və fikir ayrılıqlarını aradan qaldıra bilərsə, bu, tamamilə mümkündür. Biz istər Vaşinqtonda, istər Brüsseldə, istərsə də dünyanın hər hansı bir yerində keçirilməsindən asılı olmayaraq, bu danışıqları dəstəkləyirik”.
Mayın 24-də Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono görüşüb.
Tərəflər Azərbaycan-Ermənistan arasında sülh prosesi, “Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında” saziş layihəsi üzrə danışıqların cari vəziyyəti, bu çərçivədə aparılmış son görüşlərin nəticələri və danışıqların perspektivlərini müzakirə edib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat idarəsi məlumat yayıb.
Bildirilib ki, nazir Ceyhun Bayramov kommunikasiyaların açılması və delimitasiya prosesi barədə Bakının mövqeyini bir daha səsləndirib:
“Lui Bono ABŞ-ın sülh prosesinə bütün vasitələrlə dəstək verməyə hazır olduğunu bildirib. O, bölgənin inkişafı üçün sülh və əmin-amanlığın təmin edilməsinin zəruri olduğunu diqqətə çatdırıb”.
Bu gün Moskvada Vladimir Putinin vasitəçiliyilə İlham Əliyev və Nikol Paşinyan görüşəcək.
Mayın 22-də Ermənistanın Baş naziri Nikol Paşinyan keçirdiyi mətbuat konfransında Azərbaycanın ərazi bütövlüyünü tanıyacağı haqda açıqlama verib.
N.Paşinyan bildirib ki, Ermənistan erməni əhalisinin təhlükəsizliyini təmin etmək şərti ilə Dağlıq Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımağa hazırdır.
“86 min 600 kvadrat kilometrə Dağlıq Qarabağ ərazisi də daxildir. Əgər biz bir-birimizi düzgün başa düşsək, o zaman Ermənistan qeyd olunan sərhədlər çərçivəsində Azərbaycanın ərazi bütövlüyünü, Bakı isə 29 min 800 kvadratkilometrdə Ermənistanın ərazi bütövlüyünü tanıyır”, – deyə Paşinyan vurğulayıb.
Mayın 25-də Ermənistanın və Azərbaycanın dövlət başçıları Vladimir Putinin vasitəçiliyi ilə Moskvada görüşəcəklər.
Brüssel və Vaşinqton görüşü
Mayın 14-də Brüsseldə Azərbaycan və Ermənistan liderləri Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə görüşüblər.
Görüşdən sonra bəyanat yayan Şarl Mişel Brüssel danışıqlardan məmnun qaldığını ifadə edib.
Bəyanatda qeyd olunur ki, liderlər Cənubi Qafqazda sülhün bərqərar olmasına hazırlığı müzakirə ediblər.
“ABŞ-da sülh müqaviləsi ilə bağlı son müsbət danışıqlardan sonra Ermənistan və Azərbaycan arasında hərtərəfli sülh sazişinin imzalanması istiqamətində qəti addımların atılması üçün səylər saxlanılmalıdır”, – Şarl Mişel deyib.
Mayın 1-4 tarixlərində Azərbaycan və Ermənistan xarici işlər nazirləri Vaşinqtonda görüşmüşdü.
ABŞ-ın Dövlət katibi Entoni Blinken mayın 4-də keçirdiyi mətbuat konfransında Azərbaycan və Ermənistanın davamlı sülh sazişi istiqamətində nəzərə çarpacaq irəliləyiş əldə etdiyini bildirmişdi.
Münaqişənin qısa xronikası
Azərbaycan və Ermənistan arasında olan Qarabağ münaqişəsinin ilkin mərhələsi 1988-ci ildə başlayıb.
Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayan və 1994-cü ildə imzalanan atəşkəs razılaşması ilə bitən Birinci Qarabağ müharibəsi zamanı Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.
2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində isə Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.
Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı üçtərəfli birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.
Hazırkı mərhələdə ərazidə tez-tez atəşkəs pozulur, hətta günlərlə sürən döyüşlər baş verir.
Nəticədə hər iki tərəf itki verir və buna görə bir-birlərini günahlandırırlar.