Vaşinqton Bakı ilə Yerevanın sülhlə bağlı addımlarını dəstəkləyir

Karen Donfrid. Mənbə: ABŞ səfirliyi

“Bu addımlar Birləşmiş Ştatların çox həvəsləndiyi bir şeydir”

Vaşinqton Azərbaycanla Ermənistanın sülh axtarışında və münasibətlərin normallaşması istiqamətində irəliləmək üçün real imkanlara malik olduğunu düşünür.

Bunu iyunun 8-də ABŞ Dövlət katibinin Avropa və Avrasiya üzrə köməkçisi Karen Donfrid brifinqdə deyib.

Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə müşaviri Hikmət Hacıyevlə bu yaxınlarda keçirdiyi görüşlə bağlı “Turan”ın sualını cavablandıran K.Donfrid deyib ki, Ermənistan və Azərbaycan arasındakı münasibətlərdə son hadisələr söhbətin əsas mövzusudur:

“Mən bilirəm ki, bu səfər zamanı Hacıyev ABŞ hökumətinin digər əsas rəsmiləri ilə də görüşüb”.

“Biz hər iki ölkənin, Azərbaycanın və Ermənistanın mühüm addımlar atdığını gördük. Bu, Birləşmiş Ştatların çox həvəsləndiyi bir şeydir”, – deyə o vurğulayıb.

K.Donfrid həmçinin Bakı və Yerevan arasında münasibətlərdə Avropa İttifaqının “kritik rolunu” qeyd edib.

Bütün region üçün əsas təhlükələr barədə suala Donfrid belə cavab verib:

“Rusiyanın Ukraynaya qarşı əsassız və amansız müharibəsi əsas təhlükədir. Bu, NATO və Avropa İttifaqının timsalında Qərbin birliyinə gətirib çıxarıb”.

Ermənistanla Azərbaycan arasında sonuncu 44 günlük silahlı münaqişə 2020-ci il noyabrın 10-da qüvvəyə minmiş tam atəşkəs haqqında razılaşma ilə başa çatıb.

Dağlıq Qarabağ və ətraf bölgələrdəki münaqişənin tarixi isə 1988-ci ilə dayanır.

90-cı illərdə Azərbaycan-Ermənistan arasındakı ilk müharibə və sonrakı dövrlərdə Azərbaycan tərəf daim Ermənistanı mədəni abidələrin məhv edilməsində günahlandırıb.

2020-ci ildə baş verən ikinci müharibədən sonra isə Azərbaycan Ermənistanı şəhərləri, kəndləri, qəbristanlıqları yer üzündən silməkdə ittiham edib.

Ana səhifəSiyasətVaşinqton Bakı ilə Yerevanın sülhlə bağlı addımlarını dəstəkləyir