“Müşahidə postunun şəxsi heyəti atəşkəs rejiminə riayət olunmasını nəzarətdə saxlayır”
Ötən ilin noyabrından bu yana Rusiya sülhməramlıları 58 mindən çox nəqliyyat vasitəsinin, 210 minə yaxın insanın hərəkətinin təhlükəsizliyini təmin edib. Gecə-gündüz qida və müxtəlif malların Laçın dəhlizi ilə Dağlıq Qarabağa və geriyə daşınmasını təmin ediblər”.
Rusiya Müdafiə Nazirliyinin avqustun 16-da yaydığı məlumatda belə
deyilir.
Bildirilir ki, müşahidə postunun şəxsi heyəti atəşkəs rejiminə riayət olunmasını nəzarətdə saxlayır, nəqliyyat vasitələrinin Laçın dəhlizi boyunca hərəkətinin təhlükəsizliyini təmin edir:
“Hər bir nəqliyyat vasitəsinə baxış keçirilərkən, lazım gələrsə, axtarış da aparılır. Keçid məntəqəsindən gündə təxminən 200 maşın keçir”, – deyə Dağlıq Qarabağdakı Rusiya sülhməramlı kontingentinin nümayəndəsi Vasili Davıdov belə deyib.
Nazirliyin yaydığı məlumatda o da bildirilir ki, Rusiya sülhməramlı kontingentinin hərbçiləri “checkpoint” istehkamları ilə təchiz edilmiş müşahidə məntəqələrində pozuntuların və ehtimal olunan hücumların qarşısını almaq üçün müntəzəm olaraq döyüş hazırlığı dərsləri, təlimlər keçirirlər.
Azərbaycan Prezidenti İlham Əliyev avqustun 14-də “CNN Türk”ə müsahibə verib. O, müsahibəsində Qarabağdakı Rusiya sülməramlılarının fəaliyyətindən də danışıb. Deyib ki, əslində Rusiyanın sülhməramlı qüvvələrinin nəzarətində olan ərazilərə Ermənistandan silahlar və hərbçilər göndərilə bilməz, amma bu proses bu günədək davam edir:
“Siz Şuşada olarkən Laçın dəhlizini görə bilərsiniz. Orada bir yer var, yuxarıdan bütün avtomobillər görünür. Oradan məsafə bəlkə də 10 metrdir. Bizim orada təbii ki, texniki vasitələrimiz, kameralarımız var. Biz Laçın dəhlizi ilə Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan bölgələrdə baş verən hadisələri də izləyirik. Xankəndiyə gedən avtomobillərin sayını dəqiqliyi ilə bilirik”.
Eyni zamanda, bir müddət öncə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Rusiyaya nota vermişdi. XİN-in yaydığı məlumatda bildirilirdi ki, Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərdə erməni silahlı qüvvələri qanunsuz olaraq qalır və onlar Azərbaycan qüvvələrini atəşə tuturlar.
Ermənistan Müdafiə Nazirliyi isə açıqlama verərək bildirmişdi ki, 9 noyabr sözləşməsinə tam əməl edirlər. Sənəddə qeyd olunmuş ərazilərdə erməni əsgərləri yoxdur.
2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında müharibə başlayıb. 44 gün davam edən və İkinci Qarabağ müharibəsi adı verilən döyüşlər nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf yeddi rayona nəzarəti bərpa edib. Həmin il 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsi tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qalıb.