”Məncə, baş verən hadisə ilə bağlı yayılan informasiya dolğun deyil”
“Salyan xəstəxanasında baş verən hadisəyə görə məsuliyyət birmənalı olaraq həkimlərin üzərindədir”. Bunu Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının həkimi Vasif İsmayıl Meydan TV-nin suallarını cavablandırarkən deyib. Onun sözlərinə görə, körpələrə oksigen verilməsi üçün elektrik enerjisinin nəyə lazım olduğunu başa düşməyib: “Məncə, baş verən hadisə ilə bağlı yayılan informasiya dolğun deyil, ona görə şərh vermək çətindir. Birincisi, yeni doğulan körpələrin boynuna trubka salınıb hava verilmir, onlar istidə qalmalıdır, yəni normal oksigen almalıdırlar. Sadəcə, isti yerdə saxlanılmalıdırlar və elektrik enerjisi də ona görə gərəkdir. Əgər doğuş vaxtı körpənin sərbəst nəfəs almağında problem varsa, o zaman boğazlarına trubka qoyulur, bax, onda elektrik enerjisi lazım olur. İndi biz bilmirik ki, körpələrin boğazında trubka olub, ya olmayıb”.
Vasif İsmayıl bütün hallarda həkimlərin məsuliyyət daşıdığını düşünür.
Salyanda Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində iki yeni doğulmuş körpə dünyasını dəyişib. Mətbuatda yazılan məlumatlara görə, körpələrin ölməsinə rayonda elektrik enerjisinin kəsilməsi səbəb olub. Belə ki, elektrik kəsildiyindən körpələrə oksigen verilməsi dayandırılıb. Ancaq Səhiyyə Nazirliyin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova deyilənləri təkzib edir. O, “Report”a bildirib ki, Mirzabitə İlham qızı Abdullayeva ötən gecə saat 22:15-də üçəm dünyaya gətirib: “31 həftəlik hamiləlikdən üçəm dünyaya gəlib. Uşaqların çəkisi çox az olub. Onlara intensiv yardım göstərilib. Bütün yardımlara baxmayaraq, körpələrdən biri 01:00 da, digəri isə 01:10-da tələf olub. Mətbuatda yazılanlara gəlincə, bütün rayonda işıqlar 01:30-da sönüb. Yəni elektrik enerjisinin kəsilməsinin körpələrin ölümü ilə heç bir aidiyyəti yoxdur. Xəstəxananın reanimasiya, doğum şöbələrində generatorlar var”.
Doğulan üçəmlərdən sağ qalanı Bakıya gətirilib. Körpənin Səhiyyə Nazirliyinin Elmi-tədqiqat Pediatriya İnstitutuna yerləşdiriləcəyi bildirilib.
Ölən iki körpənin meyitlərinin də müayinə üçün Bakıya yola salındığı bildirilib.