Tarix, nə vaxtsa baş verənlərin mütləq yenə də baş verəcəyi davamlı dönən çarx deyil
Başlığa baxıb, yazının Kunderanın eyni adlı ölümsüz əsəri haqqında olduğunu düşünürsünüzsə, yanılırsınız.
Bu yazı, bizim bu gün qarşılaşdığımız situasiyanı möhtəşəm şəkildə izah edən, yaşamı boyunca böyük şöhrəti olmayan, lakin ölümü seçmə səbəbi və yazdığı bir romanı ilə on illər sonra xalqı tərəfindən peyğəmbər dərəcəsində sevilən polyak yazıçı, filosof və rəssam Stanislav İgnasi Vitkeviç haqqındadır. Və eləcə də Vitkeviçin ölümsüz əsərində haqqında bəhs etdiyi, təkcə polyaklara deyil, bütün Şərqi Avropa, bir çox Asiya və hətta Qafqaz xalqlarına böyük bəlalar gətirən xərçəng xəstəliyi haqqında.
Vitkeviç I Dünya Müharibəsində fotoqraf kimi çalışmış, Qaliçiya cəbhəsində müharibənin dəhşətlərini öz gözləri ilə görmüş və bu barədə sürrealizm janrında rəsmlər çəkmiş, çoxlu qəzet məqalələri yazmışdı. Lakin nə fotoqraf, nə jurnalist nə də rəssam kimi bəlirli intellektual çevrələrdən kənarda ciddi məşhurluq qazanmayan Vitkeviç, sonradan yazdığı bir-birindən qarışıq roman və novellalarla da diqqət çəkə bilməmişdi.
Lakin 1927-ci ildə yazdığı, 1930-cu ildə çap etdirdiyi "Doyumsuzluq" romanı bu yazıçıya əbədi şöhrət gətirdi. Amma necə də ironikdir ki, bu şöhrəti o, yalnız bu romanın dərc olunmasının üzərindən 60, yazarın ölümündən isə 50 il keçəndən, kommunist diktaturası zəifləyəndən və kitabları üzərinə qoyulan qadağalar aradan qalxandan sonra qazanacaqdı.
O vaxta qədər isə əsasən mühacir Polşa dissidentləri arasında orta səviyyəli bir yazıçı və vətənpərvər olaraq tanınır. Polşa xalqı isə barəsində demək olar ki, heç nə bilmir.
Bəs, Vitkeviç nə yazmışdı? Bir roman bir yazıçıya necə bu qədər böyük şöhrət qazandıra bilərdi?
Vitkeviçin 1927-ci ildə yazdığı "Doyumsuzluq"(ingiliscə "Insatiability", polyakca "Nienasycenie") romanı, düz 12 il sonra bəşəriyyəti bürüyəcək yanğın və bu yanğının yekunları barədə heç bir siyasətçinin, diplomatın bacarmadığı dəqiqlikdə proqnozları özündə ehtiva edirdi.
Antiutopiya janrında yazılan, şərti olaraq 2000-ci ildə baş verən hadisələrdən bəhs edən romanda vəhşi monqol (Rusiya nəzərdə tutulur) ordusu bolşevik inqilabı həyata keçirir və bolşevik inqilabının liderlərindən biri olan Murti Binq (Stalinin prototipi) bütün şərqin mütləq diktatoru olur. Murti Binqin əmrilə hazırlanan “Davamesk” adlı tabletka hər gün bütün imperiya əhalisinə paylanır. Bu həb düşünməyi qadağan edir, mental əxlaqsızlıq yaradaraq insanı dəyərləri olmayan zombiyə çevirir.
Dəb-dəbə və eyş-işrət içində həyat keçirən polyak ziyalıları, Murti Binq təhlükəsinə laqeyd yanaşırlar. Və ən əsası, onlar general Kotzmoloşovitsin bütün sivil dünyanı vəhşi monqol istilasından qorumaq üçün tikdiyi "mini Çin səddi"-nə həddindən artıq güvənirlər.
Lakin yekunda Polşa əvvəlcə qərb ordusu (yəni, almanlar), sonra isə Murti Binqin monqol ordusu tərəfindən işğal olunur. Polşalılara da Murti Binqin əmrilə “Davamesk” tabletkaları paylanılır, onlar da zombiyə çevrilirlər.
Qərb sivilizasiyası və monqol (rus) barbarlığı arasındakı yekun döyüşdən əvvəl isə qərb ordusunun komandanı şərqə təslim olur, şərqin paytaxtına gətirilərək təntənəli şəkildə, xüsusi hörmət və ehtiramla edam edilir.
Və beləliklə, vəhşi monqol istilası bütün Avropa mədəniyyətini məhv edir.
Vitkeviçin almanların, ardınca rusların polyak mədəniyyətinə təsiri, totalitarizmin Hitler və Stalin versiyaları ilə bağlı əsərində yazdıqları, reallıqla o qədər dəqiqliklə üst-üstə düşmüşdü ki, bu roman 1977-ci ildə qərbdə çap olunduqdan sonra, ciddi araşdırmalara mövzu olmuşdu.
Vitkeviçin özü isə 1939-cu il, sentyabrın 1-də almanlar Polşanı işğal etmək üçün hücuma keçəndə heç bir reaksiya verməmişdi.
Almanlarla Sovetlər arasında imzalanan Molotov-Ribbentrop paktında, Polşanın və Pribaltikanın bölüşdürülməsi yalnız məxfi protokolda qeyd olunmuşdu və bütün dünya anlaşmanın bu hissəsindən xəbərsiz idi. Həmçinin də, Vitkeviç. O, digər hər kəs kimi başlayan alman işğalının Rusiya işğalı ilə birləşəcəyini bilmirdi.
Və istedadlı yazıçı, bu işğalı iki mədəni xalqın siyasi məsələlərə görə müharibəsi, Hitleri isə əzəmətli keçmişə sahib alman xalqının tarixi faciələrinin obrazlaşmış qisasçısı hesab edirdi və düşünürdü ki, Hitlerdən və nasistlərdən sonra mədəni alman xalqı qonşularını işğal etməyin dəhşətini anlayacaq və uzağı bir neçə onillikdən sonra hər şey öz qaydasına düşəcək.
Lakin sentyabrın 18-də Vitkeviç radiodan, bir gün əvvəl sovet ordusunun şərqdən Polşaya soxulduğunu eşidir. Ölkəsinin barbarlığın işğalına məruz qaldığını və bundan sonra özünə gəlməsinin mümkün olmadığını anlayan Vitkeviç yüksək dozada narkotik vasitə qəbul edir və ülgüclə damarlarını doğrayaraq intihar edir.
Bəzi versiyalara görə, intihardan əvvəl Vitkeviç yaxın dostlarından birinə ünvanlı "Polşa öldü, o, bizim həyatlarımız boyunca heç vaxt dirilməyəcək. Artıq yaşamaq mənasızdır" yazılmış qeyd də qoyur.
Müharibədən sonra, 1953-cü ildə Parisdə yaşayan polyak dissident və eks-diplomat Çeslav Miloş özünün "Kölə edilmiş ağıl" əsərində Vitkeviç və onun "Doyumsuzluq" romanı haqqında geniş şəkildə yazır.
Üstündən illər keçəndən sonra, 1977-ci ildə Vitkeviçin, gözü doymaq bilməyən, işğalçılıqla bərabər manqurtlaşma və cəhalət də gətirən rus işğalı haqdakı "Doyumsuzluq" romanı polyak dissidentlərin təşviqi ilə ingiliscəyə tərcümə olunur və dərhal bütün dünyada böyük maraqla qarşılanır.
Vitkeviç Polşada başlayan "Solidarnost" hərəkatının və rus işğalına qarşı polyak birliyinin simvollarından birinə çevrilir.
SSRİ çökdükdən, Polşa kommunist işğalından müstəqillik qazandıqdan və demokratikləşdikdən sonra bütün külliyyatı yenidən dərc olunan Vitkeviç, bu gün yazdığı roman və ən əsası isə ölkəsinin məhv edilməsinə etiraz olaraq intihar etməsi ilə polyak xalqının nəhəng şəxsiyyətləri panteonundakı yerini əbədiləşdirib.
Rus çəkməsinin ağırlığının yaxından hiss edildiyi bu günlərdə rus bayrağı qaldıranları, Rusiyaya yalmananları, Rusiyanın ölkəmizdəki hərbi varlığına etiraz edənləri xainlikdə, təxribatçılıqda ittiham edənləri gördükdə yadıma istər-istəməz, Şərqi Avropa xalqları, onların yaşadığı bəlalar, eləcə də Vitkeviç və onun "Doyumsuzluq" romanı düşdü.
"Doyumsuz" bir imperiya ilə yaxşı keçinməyə çalışmaq, diplomatik davranmaq başqa bir şeydir, onun mahiyyətini və ilk fürsətdə şikarını ovladığı həqiqətini unutmaq isə qarantiyalı fəlakətdir.
Tarix, nə vaxtsa baş verənlərin mütləq yenə də baş verəcəyi davamlı dönən çarx deyil. Lakin tarix çox qəddar müəllimdir və dərsini öyrənməyən şagirdi, həmişə çox ağır şəkildə cəzalandırır.