Ermənistanda ictimaiyyət nümayəndələri Ruben Vardanyanın müdafiəsinə qalxıblar
Separatçı “Dağlıq Qarabağ”ın keçmiş “dövlət naziri” Ruben Vardanyanın Qorisə getməyə cəhd edərkən Azərbaycanla sərhəddə saxlanılması Ermənistanda narazılıqla qarşılanıb.
Vardanyanın müdafiəsinə qalxdılar
“Kavkazski uzel” yazır ki, erməni tarixçiləri, musiqiçiləri, rəssamları və jurnalistləri Ermənistan hakimiyyətindən Ruben Vardanyanın, eləcə də “Azərbaycan tərəfindən qanunsuz olaraq həbs edilmiş və təqib olunan digər Ermənistan vətəndaşlarının qanuni hüquq və mənafelərini müdafiə etməyi tələb ediblər”.
Onlar bəyanat yayaraq, “Vardanyanın Artsax (“Dağlıq Qarabağ”) və Ermənistanın həyatına əvəzsiz töhfə verdiyini” qeyd ediblər.
“Ruben Vardanyanın Azərbaycanda təqibi İlham Əliyevə Ermənistan və Rusiya ilə danışıqlarda əlavə təsir rıçaqı verir, Moskva isə ilk növbədə Dağlıq Qarabağın keçmiş dövlət nazirinin azadlığa buraxılmasını təmin edə bilər”, – erməni analitikləri belə hesab edir.
İttihamlar absurd və uydurma adlandırılır
Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) sentyabrın 28-də yaydığı məlumatda bildirilir ki, Ermənistan vətəndaşı Ruben Vardanyanın Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsinə əsaslı şübhələr müəyyən edilib.
Bəyanat müəllifləri isə hesab edir ki, rəsmi Bakının Ruben Vardanyana qarşı irəli sürdüyü ittihamlar absurd və uydurmadır.
“Azərbaycanda ədalət məhkəməsinə inamın olmaması onu deməyə əsas verir ki, Ruben Vardanyana qarşı amansız repressiya aparılacaq. Bu, milli ləyaqətimiz və şərəfimiz üçün növbəti sınaq ola bilər”, – bəyanatda deyilir.
Ermənistanın müxalifət qüvvələri tərəfindən yaradılan Milli Komitə bəyan edib ki, “Dağlıq Qarabağ”da etnik təmizləmə, Bakı tərəfindən Ruben Vardanyanın və digər erməni millətindən olan şəxslərin qanunsuz həbsləri beynəlxalq ictimaiyyətin susqunluğu və Ermənistan hakimiyyətinin apardığı yaramaz siyasət fonunda baş verir.
Komitə ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən regionun erməni əhalisinin hüquqlarının müdafiəsi üçün dərhal tədbirlər görməyi, eləcə də bütün əsir və məhbusların Ermənistana qaytarılması üçün səy göstərməyi tələb edir.
“Kavkazski uzel” yazır ki, Ermənistanın AİHM-dəki beynəlxalq hüquqi məsələlər üzrə nümayəndəsi Yeqişe Kirakosyan sentyabrın 28-də keçirdiyi brifinqdə Vardanyanın Azərbaycanda həbsi ilə bağlı erməni tərəfinin bəyanatına Strasburq məhkəməsinin operativ reaksiya verəcəyinə ümid etdiyini bildirib.
Ermənistanın bu məsələdə növbəti addımları barədə isə Kirakosyan hələlik danışmamağa üstünlük verib.
“Müəyyən tədbirlər var ki, ictimaiyyət onları tezliklə öyrənəcək”, – Kirakosyan qeyd edib.
Müsahibəyə görə həbs?
“Ruben Vardanyan Azərbaycanda “Van” radiosunda Yeqor Qlumova verdiyi müsahibəyə görə həbs edilib”, – Ermənistan Strateji və Milli Araşdırmalar Mərkəzinin tədqiqat rəhbəri Styopa Safaryan belə hesab edib. Həmin müsahibədə Vardanyan “Əliyevlər ailəsi cəzasını almalıdır” deyib.
Politoloqun fikrincə, “Dağlıq Qarabağ”ın Müdafiə Ordusunda xidmət etmiş erməni kişilərin təqib olunması məsələsi “Bayden-Blinken” səviyyəsindədir, Ruben Vardanyanı isə İlham Əliyevin “şəxsi məsələsi” kimi qiymətləndirmək lazımdır.
Safaryan hesab edir ki, Ruben Vardanyan ancaq rusların vasitəçiliyi və Əliyevlə danışıqlar yolu ilə azad edilə bilər. “İndi Əliyev Vardanyandan şəxsi qısasını alır”, – deyə politoloq bildirib.
“Vardanyanın məhkəməsi ictimaiyyət üçün açıq olmalıdır”
Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov isə fərqli düşünür. O hesab edir ki, Ruben Vardanyanın hansı ölkənin vətəndaşı olmasının fərqi yoxdur, çünki bu adam Azərbaycan qanunvericiliyini pozub:
“Ona görə Vardanyanın məhkəməsi ictimaiyyət üçün açıq olmalıdır. Vardanyan Azərbaycanın dövlət quruluşuna, ərazi bütövlüyünə və suverenliyinə qarşı bəyanatlar yayır və fəaliyyət göstərirdi. Hətta hərbi müqavimətin göstərilməsi çağırışları da edib, bu, terrora çağırışdır”.
Keçmiş nazir hesab edir ki, indiki mərhələdə əsas məqsəd Ermənistanın işğalçılıq siyasətini ifşa etməkdir.
“Onun amnistiya salınması üçün əsas olmalıdır. Müraciət edəcək, yaxud günahlarını etiraf etməlidir. Amma bunlar sübut olunmalıdır. Sonra bu və digər hallar nəzərə alınaraq məsələ müzakirə edilməlidir. Normal hüquqi proses olmalı və xaricə bu siqnal verilməlidir”, – Tofiq Zülfüqarov deyib.
“Böyük ehtimalla Bakı ondan milyardlarını tələb edəcək”
Ruben Vardanyanın Rusiyanın adamı olması fərziyyəsinə gəlincə, politoloq Azər Qasımlı hesab edir ki, indi o, nə Ermənistana, nə də Rusiyaya lazımdır:
“Sadəcə, Kreml bir daha üzünü göstərdi ki, adamlarını satır. Böyük ehtimalla Bakı ondan milyardlarını tələb edəcək, bundan sonra həbsdən buraxıla biləcəyi gündəmə gələ bilər. Hətta “Qarabağ Azərbaycandır!” dedizdirib həbsdən buraxacaqlar. Yaxud bəlkə Putin Əliyevdən xahiş edə bilər”.
“Amnistiyaya gəlincə, əgər dediklərim gerçəkləşərsə, mümkündür, amma Vardanyanın həbsi bütün hallarda müsbət addımdır. Düzdür, onun Xocalı və başqa faciələrdə məsuliyyəti yoxdur. Arutunyan, Saakyan, Qukasyan, Sarkisyan və Köçəryan və digərləri daha ciddi fiqurlardır, bu adamlar Qarabağda insanları öldürüblər, müharibə cinayəti törədiblər. Mən Vardanyanı müdafiə üçün bunları xatırlamadım. Məsələ ondadır ki, Vardanyan Azərbaycan qanunvericiyini pozub, ərazimizdə qeyri-qanuni əməllərlə məşğul olub. Bu baxımdan o axtarışa verilib və uzun müddətli həbs gözləyir”, – Azər Qasımlı deyib.
“Düşünürəm ki, Vardanyanın həbsində əməliyyat işi də olub”
Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl isə hesab edir ki, elə həbs olunmalı birinci adam Ruben Vardanyan idi:
“Çünki bu adam bir ildən çoxdur Azərbaycan dövlətinə meydan oxuyur. Hətta Laçın yolunda post qoyulandan sonra da çağırışlar edib və ona arxalanan müəyyən qüvvələr olub. Rusiya ona sahib çıxsaydı, yaralı insanlarla birlikdə helikopterlə apara bilərdi, amma aparmadı”.
“Düşünürəm ki, Vardanyanın həbsində əməliyyat işi də olub. Samvel Babayanın sakit keçməsini əməliyyatın tərkib hissəsi hesab edirəm. Vardanyan da rahat keçəcəyini düşünüb, ancaq alınmadı. Ona görə Azərbayacanın onu amnistiya etməsi mümkünsüzdür, bu, pis presedent ola bilər, bu mənada davam edəcək”, – İlham İsmayıl deyib.
Hüquqşünas Fuad Ağayev Vardanyanın Amnistiya aktına düşə biləcəyi ehtimalına toxunub:
“Amnistiya fərdi yox, ümumi qaydada tətbiq olunan azad etmə növüdür. Qarabağ zonasında baş verənlərlə bağlı bir çox insan haqda amnistiya aktı təbiq edilə bilər. Bunu Milli Məclis həyata keçirməlidir. Amma Vardanyanın təqsirləndirildiyi ittihamlar həmin amnistiya aktının dairəsinə düşəcəkmi, bu, böyük sualdır. Çünki Vardanyan öz fəaliyyəti ilə Qarabağda vəziyyətin gərginləşməsinə çox çalışırdı”.