İş adamı barəsində həbs qətimkan tədbiri seçilib
Sentyabrın 27-də saxlanılan separatçı “Dağlıq Qarabağ”ın keçmiş “dövlət naziri” Ruben Vardanyanın təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunduğu bildirilir.
Bu barədə Dövlət Təhlükəsizlik Xidməti (DTX) məlumat yayıb.
Bildirilir ki, Ermənistan vətəndaşı Ruben Vardanyanın Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsinə əsaslı şübhələr müəyyən edilib:
“Ona qarşı irəli sürülən ittihama əsasən, müəyyənləşdirilib ki, Ruben Vardanyan xarici ölkə vətəndaşı olduğu halda terror-təxribat əməlləri törətmək məqsədilə 2022-ci ilin sentyabr ayında Azərbaycanın dövlət sərhədini nəzarət-buraxılış məntəqələrindən kənar, qanunsuz keçərək, Qarabağ iqtisadi rayonunda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi əraziyə daxil olub. Həmin ərazidə Azərbaycanın qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin formalaşdırılması və fəaliyyətinin təşkilində, habelə idarələrə, təşkilatlara və ayrı-ayrı şəxslərə insanların həlak olmasına və digər ağır nəticələrə səbəb olan basqınlar etmiş sözügedən qanunsuz hərbi birliklərin silah, döyüş sursatı, partlayıcı maddələr, hərbi texnika və əsgəri ləvazimatla təchiz edilməsində iştirak edib”.
DTX qeyd edir ki, o həmçinin pul vəsaitlərini həmin qanunsuz silahlı birləşmələrin terrorçuluq fəaliyyətinin təşkil olunmasına yönəltməklə terrorçuluğu maliyyələşdirib.
“Törətdiyi qeyri-qanuni əməllərə görə Ruben Vardanyan 27 sentyabrda saxlanılaraq, ittiham elan edilməklə təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunmuş, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib”, – deyə qurumun rəsmi məlumatında vurğulanır.
Sentyabrın 27-də separatçı “Dağlıq Qarabağ”ın keçmiş “dövlət naziri” Ruben Vardanyan Ermənistanın Sünik vilayətinin mərkəzi Qorisə getməyə cəhd edərkən Azərbaycanla sərhəddə saxlanılıb.
Sentyabrın 28-də separatçı “Dağlıq Qarabağın” Prezidenti Samvel Şahramanyan respublikanın buraxılması barədə fərman imzalayıb.
O, fərmanı 19 sentyabr 2023-cü ildən sonra yaranmış vəziyyətlə əlaqələndirib.