Rəsmi Bakı məsələyə münasibət bildirməyib
Dağlıq Qarabağın ermənilər yaşayan ərazilərinə qazın təchizatı bərpa olunub.
Bu barədə Ermənistan mediası qondarma Dağlıq Qarabağ Respublikasının (DQR) dövlət naziri Ruben Vardanyana istinadən məlumat yayıb.
Vardanyanın sözlərinə görə, Azərbaycan bu addımı hər hansı bir şərt irəli sürmədən və erməni tərəfdən heç bir güzəştə nail olmadan atıb.
O deyib ki, gün ərzində Laçın yolu da açılmalıdır.
Azərbaycan tərəfi bununla bağlı heç bir açıqlama verməyib.
Qaz təchizatı dekabrın 12-də dayandırılmışdı.
Ermənilər buna görə Azərbaycan tərəfini ittiham edirdilər.
Dekabrın 15-də xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda akkreditə olmuş diplomatik korpusun nümayəndələri üçün keçirdiyi brifinqdə demişdi ki, Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan ərazilərdə təbii qazın Azərbaycan tərəfindən kəsilməsi ilə bağlı açıqlamalar yalandır.
Nazir “Azəriqaz”ın bu məsələ ilə bağlı açıqlama yaydığını xatırladaraq qeyd etmişdi ki, problem varsa, araşdırılmalı və qarşısı alınmalıdır.
“Azərbaycan tərəfi problem yaratmayıb. Hava şəraiti sərt keçən digər ərazilərimizdə də qaz təchizatı ilə bağlı problem yaşanıb. Bu, yeni hal deyil. Əgər yerli əhali ilə dövlət qurumları arasında əlaqə olsa idi, məsələ vaxtında həll olunardı. İndi onlar dramatizmi artırmaq üçün Azərbaycan tərəfi ilə ünsiyyətdən yayınırlar”, – deyə nazir Bayramov fikrini yekunlaşdırıb.
Dekabrın 12-də səhər saatlarından Azərbaycan hakimiyyətinə bağlı bir qrup qeyri-hökumət təşkilatı nümayəndəsi, media təmsilçisi və ictimai fəal Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Şuşa-Xankəndi yolunu bağlayıb.
Aksiya iştirakçıları Azərbaycanın faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz etdiklərini söyləyərək Xocalı və Xankəndi tərəfə keçmək istəsələr də, sülhməramlı kontingent onlara imkan verməyib.
İştirakçılar aksiyanın sıralarının genişləndiyini deyiblər.
Həmin əraziyə yaxın yerlərdə, məsələn, Horadiz qəsəbəsində (Füzuli rayonu) isə yerli hökumət nümayəndələrinin aksiyalara daha çox insanın qoşulması üçün səfərbər olunduğu bildirilir.
Dekabrın 13-də müxtəlif könüllü dəstələr və vətəndaş cəmiyyəti nümayəndələri də aksiyaya qoşulublar.
Aksiyaya qoşula bilməyən vətəndaş cəmiyyəti nümayəndələrinə isə sosial şəbəkə və mediada propoqanda aparmaları barədə tapşırıqların verildiyi də iddia olunur.
Aksiyaçılar ərazidə çadırlar quraraq Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkovdan görüş tələb ediblər.